Cənubi Qafqazda sülh – ən yaxşı yol

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Cənubi Qafqazda sülh yaradılmasına mane olmağa çalışan erməni diasporunun, eləcə də bütün xarici qüvvələrin, o cümlədən Fransanın inadlı müqavimətinə baxmayaraq, Ermənistan Azərbaycanın yorulmadan irəli sürdüyü ardıcıl sülh səylərini dəstəklədi. Bu addım son nəticədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də qəbul olunmuş birgə bəyanat şəklində meydana çıxdı. Tərəflər iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən, hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildirərək birbaşa təmaslara keçdiklərini elan etdilər.

Bununla da, ilk addım olaraq əsirlərin qarşılıqlı mübadiləsi haqqında qərar verildi. Azərbaycan 32 erməni, Ermənistan isə 2 azərbaycanlı əsiri azad edəcəyini bildirdi. Siyasi müstəvidə də qarşılıqlı güzəştlər bəyan olundu. Bildirildi ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP-29) evsahibliyinə öz namizədliyini geri götürür və Azərbaycanın namizədliyini dəstəkləyir. Öz növbəsində, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi. Eyni zamanda, bəyan olundu: “Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Təbii ki, “beynəlxalq ictimaiyyət” adlandırdığımız tərəf də bu mühüm bəyanatdan öz payını götürməli, “qarşılıqlı etimadın yaradılması” istiqamətində çalışmalı, “Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylər”lə çıxış etməlidirlər. Bu qədər. Təbii ki, Fransa da bu bəyanatdan öz payına düşənləri götürməli, Ermənistan vasitəsilə Cənubi Qafqaza girmək arzusunu hələ uzun müddətlik zamana buraxmalıdır.

Biz Azərbaycan olaraq dəfələrlə bəyan etmişik ki, Ermənistan xarici havadarlarına, xüsusən “böyük bacısı” Fransaya çox da arxayın olmasın. İrəvan Parisin məkrli planlarına vəsilə olaraq, sülh səylərindən uzaqlaşmağa çalışmasın. Çünki sabah “dəmir yumruq” məsələsi qaçılmaz olanda döyüş meydanında həlak olan fransız əsgəri deyil, erməni əsgəri olacaq. Bu cür bəyanatları Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə səsləndirərək qeyd edib ki, rəsmi İrəvan məsələnin hərbi müstəvidə həllinə çalışmasın, bu, Ermənistan üçün faciəvi sonluqla nəticələcək.

Prezident İlham Əliyev bu yaxınlarda BMT-nin rəsmi sənədi kimi yayılmış “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də Fransanın yeni müstəmləkəçilik siyasətini tarixi faktlarla qamçılamış, belə bir ölkənin Ermənistana heç cür havadarlıq etməyə qadir olmadığını təsdiq etmişdi. Dövlətimizin başçısı müraciətində Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırmış, Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirmişdi. Bununla yanaşı, o, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırmışdı.

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyan etdi ki, Fransa Ermənistanı aldadır, rəsmi İrəvan təxribatlara getməməlidir. Ərdoğan deyib: “Fransa daha əvvəllər də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən Ermənistanı təhrik edir. Zirehli texnikalar versə, nə olacaq ki?! Bunun da nəticəsi olmayacaq. Çünki artıq öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan var. Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, tüfənglər Azərbaycanın əlinə keçib. Fransa Ermənistanı aldadır”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmalı, təxribatlara getməməli, sülh imkanlarını lazımınca dəyərləndirməli və bəzi ölkələrin tələsinə düşməməlidir. Bu, İrəvanın xeyrinə olar: “Azərbaycanla sülh Ermənistan üçün ən yaxşı yoldur. Əllərinə silah verənlər Ermənistanı tək qoyacaqlar”.

Artıq Fransanın özündə də bu ölkənin Azərbaycana böhtan atdığını etiraf edənlərin sırası genişlənir. Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) prezidenti Jerom Lamber da Fransa mətbuatında Azərbaycan əleyhinə səsləndirilən böhtanlar, erməni lobbisinin fəaliyyətinin mənfi təsirləri haqqında danışıb. Lamber Azərbaycanın ünvanına səsləndirilən böhtanların fransalıların fikirləri deyil, bəzi lobbiçilərin mənfur əməllərinin nəticəsi olduğunu qeyd edib: “Azərbaycana ünvanlanan tənqidlər konstruktiv deyil, böhtan xarakteri daşıyır və Azərbaycan buna layiq deyil. Biz belə halların baş verməməsi üçün daha artıq səfərbər olmalıyıq”.

Fransa hələ sülhə mane olmaqda davam edir. Nə yaxşı artıq Ermənistanda başa düşüblər ki, ­Cənubi Qafqazda sülhün alternativi yoxdur.

Siyasət