Senat Menendesə “good bye!” deməyə hazırlaşır

post-img

Prokuror ermənipərəst senatora 5 il həbs cəzası tələb edir, seçicilər isə ona qapını göstərirlər 

Bu ibrətamiz hekayətə sərlövhə kimi “Menendesqeyt”, yaxud Nobel mükafatlı kolumbiyalı Qabriel Qarsiya Markesin məşhur əsərinin adına improvizə kimi “Gözlənilən bir cinayətin tarixçəsi” də qoymaq olardı. Amma düşündük ki, ermənipərəst rüşvətxor senatorun acı sonluğu yazdığımıza daha uyğundur…

Bəs, erməni həyat yoldaşının “məsləhətləri” ilə hərəkət edən senatoru başqa  hansı aqibət gözləməli idi ki? İki ilə yaxındır ki, istintaq türkofob, anti-Azərbaycan fəaliyyəti ilə “məşhurlaşan” Bob Menendesin və onun erməni əsilli həyat yoldaşı Nadin Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etmələrini araşdırır. ABŞ-nin federal prokurorları Senatın üzqarası sayılan, hayların “züytutanı” senator Bob Menendesə 5 il həbs cəzası tələb edirlər. Bu barədə “Bleeding Heartland” saytında jurnalist Rik Morenin araşdırması dərc olunub. Məqalədə Birləşmiş Ştatların Nyu-Cersi ştatının rüşvətxor-senatoru Bob Menendesin çirkli biznesi və ayrı-ayrı iş adamları ilə təmənnalı əməkdaşlığından ətraflı bəhs edilir.

* * * 

Əgər istintaq ədalətli sonluqla yekunlaşarsa psevdo-demokrat senator Menendes konqresmen Corc Santosun aqibətini yaşamalı olacaq. Deməli, prokuror bu ilin mayında ABŞ parlamentinin aşağı palatasının üzvü C.Santosa qarşı 13 ittiham irəli sürmüşdü. Bunlar çirkli pulların “yuyulması”, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, Konqresdə yalan ifadə verməsi və fıırldaqçılıq maddələri ilə bağlı idi. Nəticədə, bu il dekabrın 1-də ABŞ Nümayəndələr Palatası respublikaçı Corc Santosu Konqres üzvlüyündən xaric etdi. Bu, Palatanın tarixində altıncı belə hadisə idi. İstintaq ispan əsilli Santosun seçkiqabağı kampaniyanın gedişində özünün təhsili və karyerası barədə dəfələrlə yalan danışdığını, bununla da dairənin seçicilərinin etimadı ilə “alver etdiyini” üzə çıxarıb.

İndi növbə Bob Menendesə çatıb. Hayların alovlu təəssübkeşi, ABŞ-dakı erməni lobbisinin hər cəhətdən “dəstəklədiyi”, adı həm də kriminal dairələrlə işbirliyində hallanan Menendes hələ 1995-ci ildə Konqresin “erməni məsələləri üzrə Qrupu”na daxil olmuşdu. Həmin qrup ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını nəzərdə tutan qətnamə layihəsini bloklamış, eləcə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxmışdı. Menendes ağzından, istisnasız olaraq, özünün erməni sponsorlarının istəklərini təmin etməkdən ötrü istifadə edir. Beləsi Ermənistanın bu günədək Azərbaycanın 8 kəndini işğal altında saxlamasını dilinə gətirərmi? Hətta, bir ayağının həbsxana kandarında olduğu indiki məqamda belə bu “aldadılmış kəvakib” himayədarlarının maraqlarının müdafiəsini israrla davam etdirir.        

DOSYE: 1954-cü il yanvarın 1-də ABŞ-a mühacirət etmiş kubalıların aləsində doğulan Robert Menendes Sent Piters Kollecini (1976) və Rutger Universitetinin hüquq fakültəsini bitirib (1979). 1986–1992-ci illərdə Yunion–Siti şəhərinin meri vəzifəsində işləyən Menendes 1987-ci ildə Nyu-Cersi ştatının parlamentinə, 1992-ci ildə ABŞ Nümayəndələr Palatasına üzv seçilib. 2006-cı ilin yanvarında isə senator Con Korzaynın istefasından sonra Senatın üzvü təyin olunub. 2013-cü ilin fevralından 2015-ci ilin yanvarınadək Senatın beynəlxalq münasibətlər üzrə komitəsinin sədri olub.

* * * 

Məhz otuz illik həyat yoldaşı Ceyni boşayıb erməni Nadinlə evlənəndən sonra Bob Menendesi sonunu “qara günlərə” bələyəcək ermənipərəstlik dönəmi başlayıb. Qeyri-rəsmi izdivacda yaşadığı Livan ermənisi Nadin Arslanyanla 2020-ci ildə rəsmi nikaha girəndə Robert Menendesin 66 yaşı vardı. Cütlüyün kəbinkəsdi mərasimi Menendesin mənsub olduğu babtistlərin məbədində deyil, Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində qriqorian dini mərasimi ilə icra edilib. Bu evlilik Bob Menendesin sadəcə şəxsi həyatında deyil, həm də onun  dünya görüşündə, müsəlmanlara münasibətində ciddi dəyişikliyə səbəb olub. 

Hazırda bütün diqqət ABŞ Senatına, konkret olaraq, Nyu-Cersi ştatından demokrat-senator Bob Menendesin üzərinə yönəlib. Bu yaxınlarda prokurorluq tərəfindən ona qarşı rüşvətxorluq və iki müxtəlif kontekstdə korrupsiya halları üzrə ittiham irəli sürülüb. Birinci halda onun Misirə hərbi yardımı təmin etmək üçün xarici ölkənin agenti kimi hərəkət etdiyi güman olunur. İkinci situasiya Nyu-Cersinin şimal hissəsindən olan üç varlı biznesmənə onların işgüzar fəaliyyətinin təhqiqatına mane olmağın müqabilində aldığı pullar, qızıl külçələr, təzə avtomobil və digər qiymətli əşyalarla bağlıdır. Böyük ehtimalla Bobu bu kriminal əməllərə şirnikləndirən hay zövcəsi Naden olub.       

Federal Təhqiqatlar Bürosu Menendesi 2018–2022-ci illərdə yüksək qonorarın qaqrşılığında Misir hərbçilərinin və kəşfiyyatının tapşırıqlarını yerinə yetirməkdə şübhəli qismində sorğu-suala çəkib. Nyu-Cersili senator üçün bu xarakterli ittihamlar heç də yeni deyil. Menendes 2017-ci ildə də oxşar ittihamlara görə məhkəmə qarşısına çıxarılmışdı. Onda, o, Senatın beynəlxalq münasibətlər üzrə komitəsinin sədri postundan getməyə məcbur edilmişdi.  

Bu da sizə ABŞ-nin milli maraqlarına xəyanətin, lobbiçilərə təmənnalı xidmətin, bu yaxınlaradək Senatın ən nüfuzlu komitəsinə başçılıq edənin heyrətamiz dərəcədə korrupsiyalaşmasının “parlaq nümunəsi”!   

* * * 

İntəhası, bu hekayətdə olduqca vacib sayılan bir amili qeyd etməyə bilmərik. Erməni daşnak ideoloqların öz çirkin məqsədlərinə çatmalarından ötrü qadınlarından vasitə kimi istifadə etmələri təzə xəbər deyil. Onlar müxtəlif ölkələrdə yüksək mənsəb sahiblərini ələ almaq üçün onlara “diplomatik üsullarla” erməni qızlarını sırıdıqlarına aid kifayət qədər fakt sadalamaq olar. Adətən, belə “məqsədyönlü nikahların” nəticəsi olan qarışıq ailələrə məkrli hay ruhu sirayət edir, erməni analar məmur ərlərinin beyinlərini ustalıqla “yuyur“, onları yalnız öz maraqlarına xidmət edəcək zombilərə çevirirlər. Babtist Robert Menendes də beyni döndərilmiş “şikarlardan” biridir. Məhz Nadin Arslanyanla evləndikdən sonra o, türklərə, azərbaycanlılara düşmən kəsilib. Arslanyanın Menendesi Senatdakı dinləmələrdə qondarma “erməni soyqırımı”nın tanınması üçün çalışmağa təşviq etdiyinə dair istintaqa açıq etirafları artıq ictimaiyyətin ixtiyarına verilib.

* * * 

Cənubi Nyu-Cersidən Senatın üzvü, demokrat Endi Kim ermənipərəst senator Menendesin postundan geri çağırılmasına dair kampaniyanın başlandığını rəsmən bəyan edib. Bu zaman Kim heç kəsdə mübahisə doğurmayan, eyni zamanda  real siyasətə sadəlövh yanaşmanın təzahürü sayıla biləcək bir fərziyə irəli sürüb. O, bildirib ki, “insanların şəxsi ambisiyalarını ölkənin maraqlarından üstün tutmalarına rəvac verən qüsurlu siyasət yeritmək olmaz”. Demokrat Kimin dəyərli qeydi öz yerində, amma deyəsən, ştatın seçiciləri bədnam senatora etibarlarını tamamilə itiriblər. Əgər belə olmasaydı, rəy sorğusunda iştirak edən Nyu-Cersi sakinlərinin 70 faizi Bob Menendesin tutduğu postdan getməsini dəstəkləməzdi.

Rik Moren məqaləsinin sonunda yazır ki, Menendesin Senatdan xaric edilməsinə demokratların 50 faizinin səs verəcəyi proqnozlaşdırılır. Respublikaçı senatorlar isə bu qərar layihəsinə, faktiki olaraq, yekdilliklə “hə” deyəcək. 

Milad bayramında 70 illiyini qeyd etməyə hazırlaşan daşnak-erməni məkrinin növbəti qurbanı, Kuba əsilli Robert Menendesin ən gözəl “yubiley hədiyyəsi” məhz Senatın gözlənilən qərarı ola bilər. O, bu hədiyyəni, birmənalı olaraq, “törətdiyi cinayətlərin gözlənilən nəticəsi” kimi qəbul edəcək. 

İ.HƏSƏNQALA
XQ

 

Siyasət