ATƏT-in Baş katibi Ermənistanın oyunları barədə məlumatlandırılıb

post-img

Noyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Görüş zamanı Azərbaycan–ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mü­badiləsi aparılıb.

Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən, ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, eləcə də, ATƏT-indaha effektiv yanaşma sərgiləməsinin əhə­miyyətini vurğulayıb.

Görüşdə postmünaqişə dövründə regio­numuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məc­buri köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyət­lərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çat­dırılıb.

Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən si­lahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəf məlumatlandı­rılıb.

Beynəlxalq təşkilatların nümayəndələ­rinin də təsdiqlədiyi kimi, bu prosesdə mül­ki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabe­çiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.

Bu xüsusda, ərazi bütövlüyü və suve­renliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili stan­dartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.

Söhbət zamanı, həmçinin qarşılıqlı ma­raq doğuran digər məsələlər müzakirə olu­nub.

***

Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görü­şüb. 

Azərbaycan ilə Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov bu istiqamətdə qarşılıqlı səfər və təmasla­rın, siyasi məsləhətləşmələrin intensivləş­məsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkə arasında müxtəlif sahələr, o cümlədən, iqtisadi, ticarət, enerji təhlükəsiz­liyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaş­lığın daha da inkişafı üçün potensialın möv­cud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilmə­si üçün siyasi məsləhətləşmələr mexaniz­mindən istifadənin vacibliyi vurğulanıb.

Nazir Filip İvanoviç Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da in­kişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdi­rilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı ma­raq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

Dekabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib.

Ceyhun Bayramov postmünaqişə döv­ründə Azərbaycanın xarici siyasət priori­tetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regi­onal vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Xarici işlər naziri sentyabrın 19-da ke­çirilmiş antiterror tədbirlərini səciyyələn­dirən amillər barədə məlumat verib. 

Nazir ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vur­ğulayıb.

Nazir, həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğu­layıb. 

Antiterror tədbirlərindən sonra ölkə­mizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisas­laşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassız­lığının sübut olunduğu xatırlanıb. 

Daha sonra Xarici İşlər naziri Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

XQ

Son xəbərlər