Azərbaycanı tərəqqiyə qovuşduran lider

post-img

Az-az xalqlar və millətlər öz ölkələrinin, bütövlükdə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna rol oynayan nadir tarixi şəxsiyyətlər yetişdirə bilir. Xoşbəxtlikdən, qədim və şanlı tarixə, zəngin mədəniyyətə, yüksək mənəviyyata sahib olan Azərbaycan xalqı bu sahədə ən yaxşı mənada seçilir. Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı XX əsr dünya siyasəti tarixinə qızıl hərflərlə yazılmışdır. Bu, danılmaz bir həqiqətdir və qədirbilən nəsillər bununla hər zaman sonsuz qürur duyacaqdır. 

Mən dahi siyasətçi Heydər Əliye­vin Azərbaycana rəhbərlik etdiyi dövr­lərdə Quba rayonunda bir çox rəhbər vəzifələrdə çalışmışam. Uzun ilər ra­yonumuzda Ulu öndərin adını daşı­yan muzeyə rəhbərlik etmişəm. Böyük dövlət adamı olan Heydər Əliyev Azər­baycanın hər bir bölgəsi kimi, Quba ra­yonunun da sürətli iqtisadi və mədəni inkişafına diqqət və qayğı göstərmişdir. Rayonumuzun əhalisi bu qayğını heç vaxt unutmur, Ulu öndərin xatirəsini daim əziz tutur. 

Mən dəfələrlə Heydər Əliyevin işti­rakı ilə keçən mühüm tədbirlərdə, gö­rüşlərdə işitirak etmişəm. Bu böyük şəxsiyyətə qəlbimdə sonsuz məhəbbət yaranmışdır. Demək istəyirəm ki, bö­yük Yaradan Ümummilli liderə yüksək insani keyfiyyətlər bəxş etmişdir. Də­rin zəkası, qeyri-adi idarəçilik bacarı­ğı, hadisələri qabaqcadan duymaq və düzgün məcraya yönətmək səriştəsi, sarsılmaz polad idarəsi, simasındakı təbəssüm, yeri gələndə ümumi mənafe naminə sərtlik və istisnasız olaraq bü­tün hallarda ədalətlilik Heydər Əliyevi səciyyələndirən əsas cizgilər idi. 

O, birmənalı olaraq siyasət elminin dahisi idi. Ümummilli liderin həyat və əmək fəaliyyətinin hər bir anı Azərbay­can dövlətinə və xalqına dərin sədaqə­tin parlaq nümunəsi olmuşdur. Heydər Əliyev hər yerdə və hər zaman canın­dan çox sevdiyi xalqının, Azərbaycan dövlətinin maraqlarını hər şeydən uca tutmuşdur. Tarixdə onun qədər cəmiy­yətin tərəqqisi üçün tükənməz bir ener­ji ilə çalışan dövlət xadimi tapmaq çox çətindir. Bu dahi şəxsiyyət ən mürək­kəb zamanlarda mümkün olmayanı mümkün etməyi bacarırdı. Onu yaxın­dan tanıyanlar dahi siyasətçinin yük­sək işgüzarlığına və tükənməz enerji­sinə heyran qalırdılar. 

Heydər Əliyevin müdrik liderliyi ilə Azərbaycan keçmiş ittifaqda ən qabaq­cıl mövqelərə çata bilmişdir. Bu böyük şəxsiyyətin zəngin siyasi, mədəni və mənəvi irsinə nəzər saldıqda, hər biri­miz respublikamızda milli şüurun oya­nışının, azərbaycançılıq, müstəqil döv­lətçilik ideyasının inkişaf etdirilməsinin şahidi oluruq. Xüsusi vurğulamaq istə­yirəm: həmin dönəmdəki bütün uğurlar, ilk növbədə, bu görkəmli siyasətçinin adı ilə bağlı olmuşdur. 

1969-cu ildə Azərbaycan KP MK-nınbirinci katibi seçilmiş Heydər Əliyevin respublikanı düşdüyü gerilikdən xilas etmək üçün həyata keçirdiyi cəsarətli addımlar hamını heyrətə gətirirdi. Sirr deyil ki, mərkəzdə buna qısqanclıqla yanaşanlar var idi. Lakin Heydər Əli­yev Azərbaycan xalqının xoşbəxt gələ­cəyi naminə öz qətiyyətli və prinsipial siyasətindən bir addım belə geri çə­kilmirdi. Onun liderliyi ilə Azərbaycan bütün sahələrdə bir-birindən parlaq uğurlar əldə edirdi. Bu gün bütün bun­lar bir kino lenti kimi mənim gözlərimin önündən keçir. Bu an qəlbimdən bir nida qopur: Heydər Əliyev Azərbayca­nın şanını, şöhrətini zirvələrə qaldıran liderdir. Allah bu böyük insana qəni-qə­ni rəhmət eləsin! 

Heydər Əliyev Azərbaycan gənclə­rinə və gəncliyinə dərin inam bəsləyir­di. Ulu öndər istedadlı gənclərin yük­sək enerji və bacarıqlarını xalqımızın sürətli inkişafı üçün böyük uzaqgörən­liklə müəyyən etdiyi mühüm hədəflərə yönəldirdi. O illərdə vətənpərvər və təşəbbüskar gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevrilmişdilər. Azərbaycan gəncliyi Heydər Əliyevin şəxsiyyətindən böyük ilham alırdı! Ta­leyimə sonsuz dərəcədə minnətdaram ki, mən o şanlı günlərin canlı şahidi ol­muşam! 

Ümummilli lider böyük mənəviyyat insanı idi, Azərbaycan dilinin və ədəbiy­yatının vurğunu idi. Səməd Vurğunun “Azərbaycan” şeirini söylərkən Ulu ön­dərin necə kövrəldiyinin hər birimiz şa­hidiyik. Ana dilimizə böyük məhəbbətlə yanaşan Ulu öndərin bu istiqamətdəki fəaliyyəti sayəsində 1978-ci ildə Azər­baycan dili dövlət dili statusu qazandı. İttifaq məkanında Azərbaycan yeganə müsəlman respublikası idi ki, Konstitu­siyasında milli dil dövlət dili kimi təsbit olunmuşdu. Bu faktla necə qürur duy­mamaq olar?! 

Heydər Əliyevin titanik səyləri sayəsində o dövrdə respublikamız­da milli-mədəni intibahın yüksəlişi başlanmışdı. Ölkə əhalisinin ən ge­niş təbəqələrində milli adət-ənənələr haqqında dolğun bilgilər formalaş­mışdı. Dahi rəhbər Azərbaycanın milli ruhlu ziyalılarını, iistedadlı alim, şair və yazıçılarını himayə edirdi. Bu, bir həqiqətdir ki, həmin illərdə totalitar reji­min təqib etdiyi milli düşüncəli ziyalılar Azərbaycanda müdafiə olunurdular. Xalqımız bunu görür və yüksək dəyər­ləndirirdi. 

Qeyd etmək lazımdır ki, Heydər Əli­yevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hərbi sahədə milli kadrların yetişdirilməsi idi. 1972-ci ildə Bakıda onun təşəbbüsü ilə C.Naxçı­vanski adına hərbi məktəb açılmışdır. Nəzərə alsaq ki, o dönəmdə keçmiş ittifaqda cəmi iki belə məktəb var idi, bunun nə qədər vacib və uzaqgörən addım olduğu bir daha məlum olur. Yeri gəlmişkən, xain ermənilər mərkəzə məktublar, teleqramlar göndərir, Ba­kıda sözügedən hərbi təhsil müəs­sisəsinin bağlanmasını və İrəvanda açılmasını tələb edirdilər. Lakin onlar öz bəd niyyətlərinə nail ola bilmədilər. Ona görə ki, qarşılarında dogma xalqı ilə nəfəs alıb - yaşayan Heydər Əliyev boyda yenilməz bir dağ vardı! 

Ulu öndər hər zaman xalqının ən ağır, çətin günlərində onun yanında olub. Heydər Əliyev 1990-cı ilin yan­varında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə qarşı qətiyyət­lə etirazını bildirdi. Dahi siyasətçinin haqq səsini bütün dünya eşitdi. Heydər Əliyev bir müddət sonra kəskin təzyiq və təqiblərə məhəl qoymadan əvvəl­cə Bakıya, oradan da Naxçılana gəldi. Burada insanlar onu böyük hörmət və ehtiramla qarşıladılar. Heydər Əliyev Naxçıvan Ali Məclisin sədri seçildi, bu qədim diyarda sabitliyin qorunması, düşmənin hücumlarının dəf olunması üçün əlindən gələni etdi. 

1992–1993-cü illərdə AXC-Musa­vat cütlüyünün hakimiyyəti dönəmində ölkədə eləcə də Bakıda olduqca ağır ictimai-siyasi vəziyyət yaranmışdı. Düşmənlər məmləkətimizi parçalayıb məhv etmək istəyirdilər. Xalqımızın dəyərli ziyalıları başa düşürdülər ki, Azərbaycanı bu ağır vəziyyətdən yal­nız Heydər Əliyev dühası xilas edə bilər. Əlbəttə, Ulu öndər dogma xalqını üzləşdiyi təhlükə qarşısında biçarə, tək qoya bilməzdi. 1993-cü ilin iyununda isə xalqın israrlı tələbi ilə o, Azərbay­canda siyasi hakimiyyətə qayıtdı. Hə­min dönəmdən milli dövlətçiliyimizin etibarlı bünövrəsinin qurulması naminə böyük işlər görüldü. 

O illərdə Azərbaycanda sabitliyi qorumaq, ölkənin milli təhlükəsizliyini möhkəmləndirmək, bütün sahələrdə ölkəmizin dinamik inkişafını təmin et­mək, gənc, müstəqil dövlətin dünya ölkələri ilə sıx əlaqələrini qurmaq la­zım idi. Düşmənlərimiz yatmamışdılar, ölkəmizin dirçəlməsini, güclənməsi­ni istəmirdilər. Vaxt itirmək olmazdı. Bütün bu çətin vəzifələrin öhdəsindən dahi siyasətçi Heydər Əliyev böyük məharətlə gəldi. Onun təşəbbüsü və rəhbərliyilə Azərbaycan neftinin Qər­bə ixracını təmin edən “Əsrin müqa­viləsi”nə imza atıldı. Başqa böyük layihələrin uğurla həyata keçirilməsi üçün zəmin yaradıldı. Azərbaycanın təkcə siyasi deyil, iqtisadi müstəqilliyi də gücləndirildi. Düşmənlərin niyyətləri ürəklərində qaldı. 

Müstəqil Azərbaycanda Heydər Əliyevin liderliyi ilə milli təhsilin inkişa­fına böyük diqqət və qayğı göstərildi. Ulu öndər millətin gələcəyinin təhsil­dən asılı olduğunu gözəl bildiyi üçün demişdir: “Dünyanın inkişaf etmiş ölkələrinin yüksək səviyyəli universi­tetlərinin, institutlarının imkanlarından Azərbaycanın gələcəyi üçün, dəyərli kadr hazırlanması üçün bundan son­ra səmərəli istifadə etməliyik”. Demək lazımdır ki, qısa müddət ərzində bu istiqamətdə konkret addımlar atıldı. Azərbaycan elmi dünya arenasına çıxmağa başladı, dövlətimizin himayə­sindən bəhrələnən alimlərimiz böyük uğurlar qazandılar. 

Azərbaycan mədəniyyətinin bugün­kü yüksək səviyyəyə yüksəlməsində də Ulu öndərin misilsiz xidmətləri ol­muşdur. Dahi siyasətçi dəfələrlə vur­ğulamışdır ki, hər bir xalq bir çox xü­susiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiy­yətlərdən ən yüksəyi, ən böyüyü mə­dəniyyətdir. Heydər Əliyev xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorun­ması, inkişafı və bütün dünyaya tanıdıl­ması üçün əlindən gələni etmişdir. 

Azərbaycan diasporunun güclən­məsində də Ulu öndərin son dərəcə böyük əməyi olmuşdur. Dahi siyasətçi qeyd edirdi ki, Vətən yalnız insanların toplum şəkildə yaşadıqları coğrafi əra­zi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, bəxti, taleyi, güclü, qüdrətli, əbədi səcdəgahıdır. 

Heydər Əliyevin Dünya Azərbay­canlılarının I qurultayındakı parlaq çıxışı hər bir soydaşımızın qəlbində sonsuz coşqu yaratmışdı. Ulu öndər dərin məzmunlu çıxışını bu sözlərlə bitirmişdir: 

“Əziz dostlar! Mən sizin hamınıza cansağlığı və səadət arzulayıram. Xa­rici ölkələrdən gəlmiş nümayəndələr­dən və qonaqlardan xahiş edirəm ki, Azərbaycan xalqının, onun dövlətinin, Prezidentinin salamlarını, sevgisini, məhəbbətini bütün Azərbaycan icma­larına, hər bir azərbaycanlıya çatdıra­sınız.

Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşama­sından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağacları­mız kəsilməsin! Qoy, çırağımız sönmə­sin!”

2023-cü il Heydər Əliyev İlidir! Bir gözəl mahnıda deyildiyi kimi, nə qədər ki, Azərbaycan var, nə qədər ki, bu mil­lət var, Heydər Əliyev daim var olacaq! Ulu öndərin əziz xatirəsi əbədi yaşa­yacaqdır. Bu, böyük bir həqiqətdir ki, Azərbaycanın bugünki sürətli inkişafı və tərəqqisində ulu öndərin zəngin si­yasi və mənəvi irsi mühüm rol oynayır. Bu gün də belədir, sabah da belə ola­caq. Heydər Əliyev ideyaları müstəqil Azərbaycanı parlaq gələcəyə aparan mayakdır! 

Sevindirici haldır ki, Ulu öndərin müdrik dövlətçilik siyasəti Ümummilli liderin ən layiqli siyasi varisi Prezident, müzəffər Ali Baş Komandan İlham Əli­yev tərəfindən dünyanın çağdaş inkişaf proseslərinə uyğun şəkildə, yeni tarixi şəraitdə böyük uğurla həyata keçirilir. Azərbaycan hazırda sürətli inkişaf və intibah yolundadır! 

Bəli, Azərbaycan bu gün dünyanın ən güclü və qüdrətli dövlətlərindən­dir. Biz qalib, xoşbəxt xalqıq! Biz igid əsgər və zabitlərimizin əli ilə Şuşaya, Xankəndiyə milli bayrağımızı sanca­raq, suverenliyimizi təmin edən döv­lətik! Bu gün Ulu öndərin ruhu şaddır. Heydər Əliyevin xalqımıza əbədi miras qoyduğu müstəqil Azərbaycan dövlə­tinə eşq olsun! 

 

Elza ORUCOVA,
ADPU-nun Quba filialının tarix, pedaqogika və
sosial fənlər kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi

Sosial həyat