Qənirə Ələsgər qızı Paşayeva

post-img

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Res­publikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsi­nin sədri Qənirə Ələsgər qızı Paşaye­va 2023-cü il sentyabrın 28-də ömrü­nün 49-cu ilində vəfat etmişdir. 

Qənirə Paşayeva 1975-ci il mar­tın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya mü­dafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görül­müşdür. 

Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci il­lərdə Heydər Əliyev Fondunun İctima­iyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur. 

Qənirə Paşayeva üçüncü, dördün­cü, beşinci və altıncı çağırışlar Azər­baycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbay­can nümayəndə heyətinin və Azər­baycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Avro­pa Şurasının Parlament Assambleya­sında Azərbaycan nümayəndə heyə­tinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Ya­poniya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva, həmçinin Dünya Azərbay­canlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdır­malar İnstitutu İctimai Birliyinin sədri idi. 

Qənirə Paşayeva zəngin ictimai-si­yasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanla­ra münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cə­miyyətinin formalaşdırılması istiqamə­tində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsin­də dövlət siyasətinin uğurla gerçəkləş­dirilməsində yaxından iştirak etmişdir. 

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənə­vi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi. 

Qənirə Paşayevanın aktual mövzu­larda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılan­mışdır. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırıl­ması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir. 

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Pa­şayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Mehriban ƏLİYEVA,
Əli ƏSƏDOV,
Sahibə QAFAROVA,
Samir NURİYEV,
Eldar ƏZİZOV,
Ədalət VƏLİYEV,
Fərəh ƏLİYEVA,
Adil KƏRİMLİ,
Eldar QULİYEV,
Hicran HÜSEYNOVA,
Əhliman ƏMİRASLANOV,
Eldar İBRAHİMOV,
Səməd SEYİDOV,
Rafael HÜSEYNOV

Son xəbərlər