Ümid çıraqlarının pərvanəsi

post-img

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, tanınmış ictimai xadim və jurnalist Qənirə Paşayeva sentyabrın 28-i gecə radələrində müalicə aldığı xəstəxanada vəfat edib. Ömrünün çiçəklənən dövründə, 49 yaşında Qənirə xanımın dünyasını dəyişməsi ölkəmizdə hamını dərindən kədərləndirdi. Böyük arzuları var idi Qənirə xanımın. Nə yaxşı ki, ən böyük istəyi sağlığında çin oldu – Qarabağ Zəfərinin sevincini hamımızla birgə yaşadı.

Qənirə Paşayeva təkcə ölkəmizdə yox, qardaş türkdilli dövlətlərdə də, xüsusən Tür­kiyədə tanınır və sevilirdi. Türkiyənin Azər­baycandakı səfiri Cahit Bağcını da dəfn mərasiminə bu sevgi gətirmişdi: “Qənirə xa­nım Paşayevaya son qardaşlıq vəzifəmizi ye­rinə yetirməyə gəldik. Allah rəhmət eləsin”. Heydər Məscidində keçirilən vida mərasimin­də xalqımızın öz sevimli qızına dərin ehtira­mını ifadə etdi. 

Əbədiyyətə qovuşan unudulmaz soy-daşımız ll Fəxri xiyabanda canı qədər əziz bildiyi Vətən torpağına tapşırıldı. Dəfn mə­rasimində dövlət rəsmiləri, deputatlar, mər­humun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Dəfndə iştirak edənlərin kədəri, sanki, üzlərinə göz yaşları ilə yazılırdı.

Deputat Vüqar İsgəndərli Azərbay­can ictimaiyyətinə çox ağır itki üz verdiyini bildirdi: “Biz Qənirə xanımı itirdik. Xalqı­na, millətinə bağlı ziyalı, mübariz insan idi. Ümumiyyətlə, türk dünyası üçün çox önəmli şəxsiyyətlərdən biri kimi yetkinləşmişdi. İlk gəncliyindən xalqına və dövlətinə sədaqətlə xidmət etdi. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq”.

Dəfndə iştirak edənlərdən biri də Qənirə xanımın deputat həmkarı Fazil Mustafa idi: “Mən hesab edirəm ki, Qənirə xanım xoş­bəxt insan oldu, ən böyük arzusu olan Qara­bağın azad olunmasının şahidi oldu. O, XXI əsrdə Azərbaycan qadınının yüksək ictimai fəallıq göstəricisi idi. Bu fədakarlığın, fəal­lığın göstəricisidir ki, onu son mənzilə yola salmağa bu qədər insan gəlib”.

Milli Məclisin sədr müavini Əli Hüseynlidə dərin hüznlə başsağlığı verdi: “Bu itki tək­cə Milli Məclisin, dövlət qurumlarının deyil, bütövlükdə, ictimaiyyətin itkisidir”.

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova kədərini belə bölüşdü: “Biz ha­mımız Qarabağın alınmasını, qələbəsini yaşa­dıq. Ancaq Qənirə xanım şəhidlərə Qarabağın tam azad olunması xəbərini verməyə tələsdi”. 

Azərbaycanda Qadın Sahibkarlığı­nın İnkişafı Assosiasiyasının icraçı katibi Mətanət Ağamirli üzüntüsünü belə bildirdi: “Hesab edirəm ki, Qənirə Paşayeva qısa öm­ründə milyonların sevgisini qazanan, seçilən bir şəxsiyyət oldu”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də Qənirə xanımı son mənzilə yola salanlardan idi: “Yeni bir zəfər müjdəli günlərdə, Qarabağda suverenliyimizin bərpa olunduğu bir vaxtda Qənirə xanımı itirmək çox ağır oldu. Belə enerjili insanın, istedadlı jurnalistin, yurdsevər millət vəkilinin dünya­dan vaxtsız getməsi böyük itkidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüsey­nova da hüznlü idi: “Mən deyərdim ki, çox qeyri-adi bir insan idi, çünki bu qədər insanın sevgisini qazanıb. Onun ölümü milli qadın hərəkatı üçün də ağır itki oldu.”

Mərasimdə Tovuzda məktəb direktoru olan Xəyal Nağıyev Qənirə xanımın həmyer­lilərinin dərin hüznünü ifadə edərək mərhu­mun ailəsinə və onu sevənlərinə başsağlığı verdi: “Qənirə xanım Qarabağ həqiqətlərini hər zaman yüksək tribunalarda dünyaya çat­dıran mübariz bir qadın oldu.olub. 44 günlük müharibə dövründə zəfərimizin sevincini qü­rurla, iftixarla dünyaya paylaşdı”.

Bəli, Qənirə Paşayeva belə bir əqidə ilə yaşadı ki, insan ölkəsinə gərəkli, insanlara faydalı olan işlər görməlidir. O bunu bacardı: insanlığın o başında gələn bu əzəli həqiqəti bizim günlərdə öz nümunəsi ilə təsdiqlədi. O, çox sayda ümid çıraqlarnın pərvanəsi oldu.

XQ

Sosial həyat