Bolqar jurnalının Heydər Əliyev barədə nömrəsi

post-img

Bolqarıstanın https://www.bta.bg xəbər portalında yayımlanan məqalədə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin multikultural siyasi kursunun ölkəmizdə yüksək səviyyədə davam etdirilməsindən və Azərbaycandakı bolqar icmasına yaradılmış şəraitdən söhbət açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsin­dən qəzetimizə bildirilib ki, məqalədə Azərbaycan–Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbəri, “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasovanın mülahizələrinə geniş yer verilib. Azərbaycanı və Bolqarıs­tanı iki doğma ölkəsi adlandıran birlik rəh­bəri və baş redaktor Gəncədə dünyaya göz açıb. Onun əcdadları Zaporojyedəki bolqar icmasından olub, lakin aclıq başla­yandan sonra Azərbaycanın ən iri şəhər­lərindən biri sayılan Gəncəyə köçüblər. Bolqar dilini ona öyrədən nənəsi deyib ki, məhz Gəncədə onlara çörək, iş verilib və yaşamaq üçün ev ayrılıb.

Mariya Hüseynova-Atanasova nəzərə çatdırıb ki, Azərbaycanda yaşayan et­nik icmalara öz milli kimliyini, dillərini və adət-ənənələrini qoruyub saxlamaq üçün bütün şərait yaradılıb: “Mən çox minnət­daram ki, biz Azərbaycanda dilimizi, milli kimliyimizi, adət-ənənələrimizi, dinimi­zi qoruyub saxlayırıq. Heç kim bizə heç bir vaxt mane olmur. Mən Azərbaycanla Bolqarıstan arasında çoxlu ümumi cəhət­lər görürəm”.

Müəllif bildirib ki, 2005-ci ildən mövcud olan “Akkord” jurnalı artıq 18 ildir bolqar dilində dərc olunur. Jurnalın son nömrəsi isə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olma­sının 100 illiyinə həsr olunub: “Heydər Əliyev müstəqilliyimizin memarıdır. Biz dinc şəraitdə yaşayırıq. Mən şahidəm. Prezidentimiz İlham Əliyev də Heydər Əli­yevin siyasi kursunun davamçısıdır”.

Azərbaycan Slavyan Universiteti­nin nəzdində bolqar dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi, həmin mərkəzdə mübadilə proqramı üzrə Azər­baycana gəlmiş Müqəddəs Kliment Ox-ridski adına Sofiya Universitetində bolqar dilini tədris edən müəllimin çalışdığı, bolqar dilində yaxşı danışan nəvəsi Əmir Əlizadənin hazırda Bolqarıstanın Sofiya Universitetində təhsil aldığı vurğulanıb.

Qeyd edək ki, Bolqarıstanın Milli Ra­diosunun da qonağı olan birlik sədri və baş redaktor paytaxt Sofiyadakı rəsmi və ictimai qurumlarda bir sıra görüşlər keçi­rib. “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərə həsr olunmuş “Akkord” jurnalının son buraxılışını bolqar ictimaiyyətinə təq­dim edib.

“Xalq qəzeti”

Son xəbərlər