Azərbaycan–Türkiyə münasibətləri ən yüksək səviyyədədir

post-img

İyulun 18-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

S.Qafarova Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həm­çinin Türkiyə və Azərbaycan ara­sında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissi­yanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib və onu TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə se­çilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə AKP-nin qələbəsinin, cənab Rə­cəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azər­baycanda da diqqətlə izlənildiyini qeyd edən parlamentin Sədri bil­dirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivə­sində bu seçkiləri müşahidə edib.

Söhbət zamanı Prezident İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyəti vurğulanıb, yüksək səviyyəli görüşlərin və danışıqların iki ölkə arasında münasibətlərin inkişafındakı ro­lundan danışılıb. Həmçinin Tür­kiyənin hər zaman olduğu kimi, Vətən müharibəsində də Azər­baycanın haqq işini dəstəklədiyi diqqətə çatdırılıb. Vətən mühari­bəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsi­nin imzalanması isə Azərbaycan – Türkiyə münasibətlərini yeni səviyyəyə qaldırıb.

İki ölkənin parlamentlərara­sı əlaqələrindən danışan spiker, qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Mil­lət Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifa­də edib. Bununla yanaşı, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də mə­lumat verilib. 

Azərbaycana səfərindən məmnunluq ifadə edən TBMM-in Xarici əlaqələr komitəsinin səd­ri səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb və deyib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.

Qonaq bu ilin fevralında Tür­kiyədə baş vermiş zəlzələ za­manı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü bildirib. Komitə sədri parlament diplo­matiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın pers­pektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, böl­gədə həyata keçirilən nəhəng la­yihələr barədə fikirlərini bölüşüb.

 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər