Karasin niyə qızarmır? Və ya Həsənquliyev düz deməyibmi?

post-img

Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı ətrafında söz-söhbətlər bitmək bilmir. Əslində buna reaksiyalar da demək mümkündür. Söz-söhbəti başlayan isə Rusiya tərəfidir. Çünki Azərbaycan tərəfdən olan narazılığa verilən reaksiya məhz söz-söhbət ruhundadır. Hətta bir el misalında deyildiyi kimidir - aşığın sözü qurtaranda nanay-nanay eləyir. 

Bəli, nanay-nanay edənlərdən biri də Rusiya Federasiya Şurasının bey­nəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Qriqori Karasindir. Karasin özünün teleqram kanalında Azərbay­can Milli Məclisinin deputatı Qüdrət Həsənquliyevin Rusiya əleyhinə söy­lədiklərinə münasibət bildirib. Onun öz aləmində kifayət qədər diplomatik davrandığını da söyləmək mümkün­dür. Hərçənd, Qüdrət bəyin fikirlərini bu mənada fərqləndirmək olmaz. Azər­baycanlı deputat, həqiqətən, sərt fikir­lər səsləndirib və bildirib ki, Rusiya Cə­nubi Qafqazda sülhün olmasını istəmir, Azərbaycanla Ermənistan arasında qanlı münaqişənin davamında maraq­lıdır. O, eyni zamanda, Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin ərazidən çıxarılmasını da tələb edib. 

Əslində, Q.Həsənquliyevin fikirləri yenilik deyil. Ümumən, ölkəmizin ic­timai rəyində, elə sıravi vətəndaşlar arasında da anti-Rusiya ovqatını şərt­ləndirən məqamın kökündə deputatın söylədikləri dayanır. Digər tərəfdən, Moskva mənfi imici, belə demək müm­künsə, uzun illərə söykənmiş “alın təri” ilə qazanıb. Qüdrət bəy isə, sadəcə, gündəmə uyğun reaksiya verib. Gün­dəm barədə isə yazımızın ilk cümləsin­də söz açdıq. Söhbət Rusiyanın Xarici İşlər Nazirliyinin iyulun 15-də Brüssel­də Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarının getdiyi bir vaxtda anti-Azərbaycan motivli bəya­nat səsləndirməsindən gedir. 

10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatın ehkamlaşdırıldığı həmin sənəddə ölkəmiz əleyhinə ittihamlar səsləndirilməkdədir. Bir sözlə, Kremlin Rusiya XİN-in bəyanatı ilə dediyi bu­dur: siz Brüsseldə, orada-burada nə danışırsınız, nə razılığa gəlirsinizsə gəlin, mənə heç bir dəxli yoxdur, öz bildiyimi edəcəm. Tipik hərbə-zorba diplomatiyası. Təəssüf ki, Rusiya illər­dir, hətta əsrlərdir bu yanaşmasından əl çəkə bilmir. Ölkənin bəzi siyasi da­irələrinin düşüncəsində, hələ də işğal­lar nəticəsində qurulmuş çar hökuməti və ya SSRİ hökm sürür. Onların qə­naətinə görə, Moskva keçmiş müttəfiq respublikalara nə istəyirsə, onu diktə etməlidir. Əlqərəz, bu barədə geniş söz açmayıb keçək mətləbə. 

Beləliklə, Karasin deyir ki, Azərbay­can Respublikası Milli Məclisinin depu­tatı Qüdrət Həsənquliyevin qeyri-dost fikirlərinə reaksiya verməyə bilməzmiş. Əlbəttə, komitə sədrinin Rusiya XİN-nin bəyanatından xəbəri var. Ancaq görünür, sənədi yaxşı oxumayıb. Ona görə də Q.Həsənquliyevin fikirləri ona qəribə gəlir. Ancaq belə də düşünmək olar ki, o, Azərbaycan XİN-in cavab bə­yanatından xəbərsizdir. Karasin bildirir: “Ümid edirəm ki, bu cür anti-Rusiya hü­cumları Bakının rəsmi mövqeyini əks etdirmir”. 

Axı, rəsmi Bakının mövqeyi də orta­dadır. Əslində, cənab Həsənquliyev o mövqeni bir balaca xalq dilində vurğu­layıb. Vurğulamalıdır da. Bu öz yerin­də. Karasin yazır: “Deputatın (Qüdrət Həsənquliyevin – red.) nəzərinə çatdı­rım ki, Dağlıq Qarabağ münaqişəsinin bütün mərhələlərində əsasən Rusiya Federasiyasının səyləri nəticəsin­də hərbi əməliyyatları dayandırmaq, tərəfləri danışıqlar masası arxasına əyləşdirmək və kompromislər mümkün olub”.

O zaman Karasinin ali ərz edək ki, Dağlıq Qarabağ münaqişəsinin bütün mərəhələlərində Rusiya Ermənista­nı qoruyub, Azərbaycan torpaqlarının işğalında ölkəyə dəstək verib, Xocalı­da dinc azərbaycanlılara qarşı 366-cı motoatıcı rus diviziyasının köməyi ilə qanlı qətliamın – soyqırımın həyata keçirilməsinə bilavasitə dəstək verib. Həmçinin, Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan hərbi qüvvələ­ri, özünümüdafiə taborları üstünlüyə yiyələnən zaman Pskov desantları onların qarşısını alıb. Yeri gəlmişkən, sonuncu faktı biz demirik. Rusiyanın tanınmış jurnalisti Aleksandr Nevzorov öz xatirələrində dilə gətirib. 

1994-cü ildə Bişkekdə Azərbay­can və Ermənistan arasında atəşkəs imzalandıqdan sonra başlanmış danı­şıqların bütün mərhələlərində Rusiya­ya güvənən və onun tərəfindən idarə olunan Ermənistanın xunta hakimiyyəti prosesdən yayınmaq, müxtəlif reallıq­lar uyduraraq manipulyasiya yolu tu­tub. Rusiya tərkibində təmsil olunduğu ATƏT-in Minsk qrupunda da Azərbay­canın torpaqlarının işğalının, faktiki olaraq leqallaşmasına, status-kvonun saxlanılmasına göz yumub. 

Karasinin xatırlatdığı 2020-ci ilin payızına gəlincə, bəli, 44 günlük mü­haribənin dayandırılması Rusiyanın əməyi idi. Ancaq cənab komitə sədri düşünsün ki, savaşa son qoyan Mos­kva əslində kimi müdafiə etmişdi? Əl­bəttə, Ermənistanı. Yəni, onu loru dildə desək, Azərbaycanın əlindən almış, tamamilə məhvdən xilas etmişdi. Bakı böyüklük göstərərək Rusiya Preziden­ti Vladimir Putinin çağırışına müsbət yanaşmışdı. Bu yanaşmanın nəticəsi kimi, üçtərəfli Bəyanat imzalanmışdı. Onu da deyək: həmin bəyanata əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayə­tinə aid olmayan Kəlbəcər, Laçın və Ağdam ölkəmizə qaytarılmışdı. Daha doğrusu, Ermənistan bu istiqamətdə manevr imkanlarından onsuz da məh­rum olmuşdu. Başqa sözlə desək, İrə­van o zaman həmin rayonları qaytar­maya bilməzdi. Rusiya olmur, lap kim olursa-olsun, İrəvana bunu etməmək üçün dəstək verə bilməzdi.

Gələk, bilavasitə 44 günlük mü­haribədən sonrakı müddətə. Mühari­bədən ötən iki ildən artıq müddətdə Karasinin təbirincə desək, “Moskvanın iştirakı ilə Ermənistan-Azərbaycan nor­mallaşmasının əsasını təşkil edən ən yüksək səviyyədə üçtərəfli sazişlərə” əməl etməyən məhz İrəvan olub. Ko­mitə sədri görünür, Qarabağda Ermə­nistana məxsus qeyri-qanuni silahlı hərbi birləşmələrin olduğunu unudur. Üstəlik onu da unudur ki, həmin silah­lılara patronajlığı da edən bölgədəki Rusiya sülhməramlılarıdır. Bəlkə də unutmur, sadəcə, xəbəri yoxdur. Nə­yinə lazımdır, bunlar Rusiyanın Cənubi Qafqazdakı böyük siyasi maraqlarının yanında xırda məsələlərdir axı... 

Karasinin Q.Həsənquliyevin söy­lədiklərinə reaksiyasında az əv­vəl haqqında söz açdığımız Rusiya sülhməramlıları ilə bağlı məsələyə də diqqət yetirək. Komitə sədri deyir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə Qarabağa yerləş­dirilmiş rus sülhməramlıları bölgəyə sülh gətirmiş, prioritet humanitar və sosial-iqtisadi vəzifələrin həllinə kömək etmişlər. “Bircə faktı deyim: 2020-ci ilin noyabrından kontingent 2,5 min hektardan çox ərazini, o cümlədən 700 kilometrə yaxın yolları minalardan təmizləyib. Bizim sülhməramlılarımız Qarabağ ermənilərinə və azərbay­canlılara sülhün gündəliyini müzakirə etmək şansı veriblər. Biz Rusiya kon­tingentinin çıxarılması ilə bağlı tələbləri tamamilə məsuliyyətsiz hesab edirik”.

Birincisi, Rusiya sülhməramlıları Ermənistan silahlılarının və separat­çı rejimin dəstələrinin Qarabağa mina keçirmələrinə də, yumşaq desək, göz yumub. İkincisi, Moskva çalışıb ki, hə­min separatçı rejimlə Bakı arasında danışıqlar olsun. Bu isə Azərbayca­nın mövqeyini əks etdirməyən tama­milə ədalətsiz yanaşmadır. Üçüncü­sü, bir halda ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını bildirir, o zaman Rusiya sülhməramlılarına nə ehtiyac var? Q.Həsənquliyev nə deməli idi? Düz deyib də... Dördüncüsü, Rusiya, əslində, həmin sülhməramlılara böl­gədə mövcudluq faktoru kimi yanaşır. Yəni, hərbi kontingentə daşımalı ol­duğu missiyaya uyğun formada bax­mır. Doğrudur, kontingentin sayı azdır. Ancaq belə görünür ki, ermənipərəst Rusiya ictimai rəyi hər zaman bu sa­yın artırılması üçün bəhanə tapmaq potensialını özündə saxlayır. Məsələn, bu günlərdə ölkədəki Aleksey Muxin adlı bir politoloq qırığı bildirib ki, bəs, Ermənistan hakimiyyəti Moskvaya zidd getmək üçün ruspərəst Qarabağı Azər­baycana peşkəş etmək istəyir. Bundan böyük həyasızlıq ola bilməzdi. Nəzərə alaq ki, bu, həyasızlığın hələ, necə deyərlər, jurnal variantıdır. Rusiya XİN-in sonuncu bəyanatından belə hiss edilir ki, ortaya muxin və muxinəbənzər çıxa və ya çıxarıla bilər...

Cənab Karasin onu da bildirir ki, Q.Həsənquliyevin bəyanatı Rusiya Federasiyası ilə Azərbaycan Respubli­kası arasında müttəfiqlik və əməkdaş­lıq haqqında 22 fevral 2022-ci il tarixli Bəyannamənin ruhu və məzmunu ilə tamamilə ziddiyyət təşkil edir və Bakı ilə Moskva arasındakı münasibətlərin yüksək səviyyəsinə, o cümlədən parla­ment xəttinə uyğun gəlmir. Eyni məqa­mı Azərbaycan XİN Rusiya XİN-in bə­yanatına cavabında da ifadə etmişdi. Yəni, əslində həmin Bəyannaməni say­mazdan gələn Kremlin xarici siyasət idarəsidir, Q.Həsənquliyev yox. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət