“Oturaq” təxribat yaxud erməni separatizminin “dəmir yumruq” həsrəti...

post-img

Qarabağdakı erməni separatçılarının lideri Arayik Arutyunyan 17 iyun gecə saatlarından etibarən oturaq aksiyaya başladığını elan edib. Yeni aksiya ilə əlaqədar ermənilərə müraciət edən Arayik onları oturaq aksiyada fəal iştirak etməyə səsləyib, Azərbaycana, habelə beynəlxalq təşkilatlara xitabən çoxsaylı tələblər irəli sürüb. O bildirib ki, “Xankəndinin blokadası”na son qoyulmalı, Laçın yolu açılmalı, “arsax xalqı”nın bütün tələbləri “təcili” yerinə yetirilməlidir. Baş separatçı qeyd edib ki, əgər onların tələbləri nəzərə alınmasa, o zaman “daha sərt tədbirlərə” əl atacaqlar. 

Separatçılardan açıq terror hədəsi

Araik “daha sərt tədbirlər” deyən­də konkret hansı addımları atacaqları­nı bidlirməsə də, separatçı liderin yeni terror aktlarını və təxribatları nəzərdə tutduğu şübhəsizdir. Aydındır ki, taleləri başqalarının yardımı və mərhəmətindən asılı olan erməni separatçılarının Azər­baycana nə hərbi, nə iqtisadi, nə də si­yasi baxımdan təzyiq göstərmək imkanı var. Söhbət ancaq terror və təxribatdan gedə bilər ki, bu da Azərbaycana təzyiq üçün vasitə hesab edilə bilməz. Birincisi, ona görə ki, Azərbaycanın yaxın tarixi, 44 günlük Vətən müharibəsi onu göstər­di ki, ölkəmizlə terror və təhdid dili ilə danışmaq mümkün deyil. 2020-ci ilin 10 noyabr Bəyanatı, Ermənistanın imzala­dığı kapitulyasiya sənədi ölkəmizlə terror dili ilə danışmaq istəyənlərin aqibətinə ən yaxşı sübutdur. Bu isə o deməkdir ki, Arayikin terror hədəsi Azərbaycan üçün praktiki baxımdan əhəmiyyət kəsb etmir. Baxmayaraq ki, bu bəyanat Qarabağ­dakı erməni separatçılarının niyyət və məramının beynəlxalq müstəvidə ifşa olunması baxımından mühüm faktdır və ölkəmiz ondan hökmən istifadə etməli­dir. 

Ağalarından Arayikə “İrəli!” komandası...

A. Arutyunyanın hədə-qorxu bəyana­tı ilə bağlı maraq doğuran məqamlardan biri də bu bəyanatın niyə indi və hansı qüvvələrin dəstəyi ilə ortaya çıxması ilə bağlıdır. İxtiyarı öz əlində olmayan, hər zaman himayədarlarının göstərişi ilə hərəkət edən Arayikin məlum bəyanatı, sahiblərinin baş separatçıya “irəli!” ko­mandası verdiyini göstərir. Məhz bunun nəticəsidir ki, 44 günlük müharibədə sağ qalmaq üçün Ermənistanın dərin­liklərində gizlənən Arayik, birdən-birə cəsarətli bəyanatlar verməyə başlayıb. Post-müharibə dövründəki proseslərin təhlili göstərir ki, Qarabağdakı separat­çılarının əsas himayədarlarından biri qismində Rusiya sülhməramlıları çıxış ediblər. Xankəndi və ətraf ərazilərə Er­mənistandan qanunsuz silah-sursatın daşınması, separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutması­na göz yummaları, Azərbaycan topo­nimlərini erməniləşdirmələri və s. kimi faktlar bunun isbatıdır. Rusiya sülhmə­ramlılarının razılığı və dəstəyi olmadan Arayikin beynəlxalq aləmə meydan oxuması, Azərbaycanı sərt tədbirlərlə hədələməsi mümkün deyil. Onun son bəyanatının ikinci səbəbkarı isə rəsmi İrəvan, hökumətdəki revanşist qüvvələr ola bilər. Mümkündür ki, İrəvan Arayiki bu cür açıqlamalar verməyə sövq et­məklə sülh müqaviləsinin imzalanma­sını qeyri-müəyyən vaxta qədər təxirə salmağa çalışır. Ola bilsin, Paşinyan rejimi bununla göstərmək istəyir ki, Qa­rabağ ermənilərinin mövqeyi İrəvanın “sülhpərvər” mövqeyi ilə üst-üstə düşmür və buna görə də Qarabağdakı ermənilə­rin iradəsinə zidd hansısa sülh müqa­viləsinin imzalanması mümkün deyil. Başqa sözlə desək, İrəvan Qarabağ separatçılarının sülh müqaviləsinin mümkün üçüncü tərəfi kimi “diriltməyə”, onları bir qüvvə kimi Azərbaycana qəbul etdirməyə çalışır. Hansı ki, sadə ermə­nilərlə dialoqa hazır olduqlarını bəyan edən Azərbaycanın separatçılarla masa arxasına əyləşməsi mümkün deyil və bu, ölkəmizin siyasi dəst-xəttinə, mili maraqlarına ziddir. 

Sonrakı peşmançılıq fayda verməyəcək

Arayik Arutyunyanın “oturaq təxri­bat”ı, Azərbaycanın ünvanına təhdidlər səsləndirməsi baş separatçının “dəmir yumruq” həsrətində olduğunu göstə­rir. Arayikin ölkəmizi təhdid etməsi onu göstərir ki, Qarabağdakı separatçılara qarşı anti-terror əməliyyatının keçiril­məsi artıq bir zərurət kimi meydana çıxmaqdadır. Əslində, bu açıqlama ölkəmizin Qarabağda yeni anti-terror əməliyyatı keçirməsini şərtləndirən cid­di arqumentlərdən biridir. İndiki şəraitdə belə bir əməliyyatın keçirilməsi ölkə­mizin qanunları ilə yanaşı, beynəlxalq qanun və konvensiyalarla da təsbit edilən bir hüquqdur. Ölkəmizə qarşı ünvanlanan real terror təhlükəsinin qar­şısını öncədən almaq, dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etmək zərurəti belə bir əməliyyatı vacib edir. Şübhəsiz, anti-terror əməliyyatına start veriləcəyi təqdirdə 44 günlük Vətən mü­haribəsində olduğu kimi, Qarabağdakı separatçıları qısa zamanda darmadağın edəcəyi birmənalıdır. Ancaq Ordumuz bu əməliyyata başlayacağı təqdirdə Arayik belə bir suala cavab axtarmalı olacaq: Azərbaycan əsgərinin “dəmir yumruğ”undan qurtulmaq, qaçıb aradan çıxmaq üçün 44 günlük müharibədə ol­duğu kimi, bu dəfə də şansı onun üzünə güləcəkmi?

Seymur ƏLİYEV

Siyasət