Daxili İşlər Nazirliyində bu ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilin birinci yarısının da növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən Prezident İlham Əliyevin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 38 əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 min 533 cinayət qeydə alındığını və bu cinayətlərin 95,5 faizinin (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olduğunu bildirib. Eləcə də 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 15,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 12,3, əzab vermələrin 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 21,7, adam oğurluqları və quldurluqların hər birinin 25, soyğunçuluqların 8,4, xuliqanlıqların 16,6, oğurluqların 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlərin 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlərin 13,6 faiz azaldığını qeyd edib.
Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1605 cinayətin açıldığını, 4587 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 3291 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyini vurğulayıb.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 395 kriminal qrupun zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edilib, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edilib.
Seyfulla Əzimov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində mediada qabaqcadan məlumat verilməklə 2 min 318 vətəndaşın qəbulunun həyata keçirildiyini, qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığını bildirib.
Sonra nazirliyin bir sıra baş idarələrinin, Polis Akademiyasının və ərazi polis orqanlarının rəhbərləri görülən işlər, əldə olunan nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulan maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan Vilayət Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.
Nazir cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların və medianın fəal iştirakına da toxunaraq onlara, habelə respublikada ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınması, istintaqı, keçmiş illərdən bağlı qalmış 258 cinayətin açılmasında birgə səmərəli fəaliyyətlərinə görə Baş Prokurorluğun və ərazi prokurorluqlarının əməkdaşlarına təşəkkürlərini ifadə edib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət işini peşəkarlıqla yerinə yetirməsinin vacibliyini nəzərə çatdırıb.
Kollegiyada müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib və növbəti iclasda onun icra vəziyyətinə dair hesabatların dinləniləcəyi qeyd olunub.
Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Prezident İlham Əliyevə bütün şəxsi heyət adından minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcək.


