Lənkəranın şəhid zabiti

post-img

Ölkəmizdə “Qanlı yanvar” hadisələrinin baş verdiyi 1990-cı ilə, yəni, Mehmanın 10 yaşına qədər hər fevral ayında onların evində dalbadal iki gün şənlik olardı: 23-də kişilər bayramı sayılan ordu günü, 24-də isə Mehmanın doğum günü. Qaniçən sovet ordusu Bakıda, Netçalada və Lənkəranda faciələr törədəndən sonra bütün azərbaycanlılar kimi, Mehmangilin də bayramlar təqvimindən 23 fevral tarixi silindi. Mehmanın ad günləri isə onun 40 yaşına qədər şad gün kimi qeyd olundu. Çünki həmin ilin payızında başlanan Vətən müharibəsinin elə ilk günündəcə o, Murovdağda şəhidlik zirvəsinə ucaldı.

Mehman Mirəziz oğlu Şirvanov doğma Ürgə kəndindəki məktəbdə orta təhsilini başa vurandan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Za­bitlik sənətini seçməsinə səbəb bəlkə də Sovet Ordusunun cəza dəstələrinin Ba­kıda qanlı hadisələri törətdikdən beş gün sonra Lənkərana hücum çəkərək Haftoni meşəsində 6 yerli sakini qanına qəltan etməsinə qarşı onda yaranan nifrət hissi olub və o, milli ruhlu bir zabit kimi Vətə­ni və onun övladlarını qorumaq arzusuna düşüb. 

Mehman 1998-ci ildə ilk dəfə əyninə kursant libası geyinəndən ta 44 gün­lük Vətən müharibəsi başlanana qədər Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında nümunəvi və qüsursuz xid­mət edib. Qulluq dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Tür­kiyədə və NATO tərəfindən təşkil olu­nan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib.

Silahlı Qüvvələrimiz Qarabağda “Zəfər yürüşü”nə başlayıb qəhrəmanlıq dastanı yazanda o, artıq hünərvər zabit kimi ad çıxarmışdı, polkovnik-leytenant idi. Döyüş­lərdə bircə gün iştirak etdi, amma adını al qanı ilə şöhrət tariximizə yaza bildi. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında öndə getdi, hərbi hissə qarşısında qoyul­muş tapşırıqların icrası zamanı vəzifə bor­cunu şərəflə yerinə yetirdi...

Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib. O, həmçinin “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib.

Mehmanın həyat yoldaşı Arzu xanım onunla bağlı xatirələrindən, yaddaşlarda işıqlı obrazının qalmasından danışdıq­ca kövrəlsə də, qürur hissi keçirdiyi aş­kar görünür: “Əsl vətənpərvər zabit idi. Gecə-gündüz Vətən naminə canını fəda etməyə hazır idi. Çətinlikdən qorxmayan Mehman sanki şəhid olacağından xəbər­dar imiş. Buna görə də döyüşlər başla­nanda hətta sevinmişdi ki, nəhayət, qisa­sımızı alacağıq. Müharibə Böyük Qələbə ilə sona yetdi, amma, heyf ki, Mehman o günü görmədi...” 

Şəhidin atası Mirəziz Şirvanov oğlu ilə qürur duyduğunu bildirir: “Mehmanın “Qarabağ” ordeni ilə təltif olunmasını te­leviziyadan öyrəndim. Qəhrəman oğlumla bir daha qürur duydum. Vətən uğrunda canından keçən oğlumun fədakarlığını qiymətləndirdiyinə görə Ali Baş Koman­danımıza minnətdaram. Oğlum cəsur zabit idi. Vətən müharibəsində Lənkəran rayonunun ilk şəhididir. Mənim ən böyük təsəllim Vətən müharibəsində Zəfər qa­zanmağımızdır. Mehman kimi yüzlərlə şə­hidimizin, qazimizin qanı yerdə qalmadı, Qarabağı azad etdik”. 

Qəhrəmanın qardaşı Nəriman Şirva­nov da Mehmanın uşaq vaxtından hərbçi peşəsinə maraq göstərdiyini deyir: “Qar­daşım qətiyyətli və cəsarətli insan idi. O, orduda 22 il nümunəvi xidmət etdi. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Mehman arzusuna çatdı, Qarabağımız azaddır. İndi onun ruhu şad­dır”.

Artıq 3 ildir ki, fevralın 24-də şəhid pol­kovnik-leytenant Mehman Şirvanovun do­ğum günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, yerli ictima­iyyətin nümayəndələri şəhid ailəsinə baş çəkir, qəhrəman Vətən övladının məzarını ziyarət edib, önünə gül dəstələri düzür və ruhuna dualar oxuyurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkə­zinin direktoru Firudin Cəbrayılov isə Ramazan bayramı ərəfəsində Mehman Şirvanovun ailəsini ziyarət edərək nazirlik tərəfindən yeni 2 otaqlı mənzilin sənədlə­rini təqdim edib. Həmçinin ailəyə sığorta ödənişi, maddi yardım edilib və sosial ödənişlər təyin olunub. Özü də Vətən mü­haribəsinin qazisi olan Firudin Cəbrayılov görüş zamanı bütün ölkə miqyasında şə­hid ailələrinin sosial müdafiəsinin güclən­dirilməsi üçün aparılan işləri qeyd edib. Bunun gələcəkdə də davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibələrində Ürgə kəndi beş şəhid ve­rib. Orada yaradılmış bulaq-abidə komp­leksini ziyarət edənlər Mehmanı, eləcə də Teymuru, Arazı, Zabili və Natiqi ehtiramla yad edir, bulağın sərin suyundan içərək ruhlarına dua oxuyurlar. Balaca Nuray da tez-tez həmin bulağa getməyi sevir. O, 40 yaşında şəhadət şərbəti içmiş Mehmanın əziz yadigarıdır. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Sosial həyat