Sosial siyasətin hədəfi imkansız və ehtiyacı olan insanlardır

post-img

Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Aparılan islahatlar, güzəranın yaxşılaşdırılması üçün atılan addımlar da bunu təsdiq edir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, icra edilən proqramlar nəticə etibarı ilə uğurlu olub.

Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliye­vanın tapşırıqları əsasında il ərzində is­lahatlar proqramı davam etdirilib, sosial müdafiə və aktiv məşğulluq proqramla­rının icrası və xidmətlərin genişləndiril­məsi təmin edilib. Hazırda ölkəmizdə bütün şəhid ailələrinin, müharibə əlillə­rinin problemləri həll edilir, onların mən­zil-məişət şəraiti yaxşılaşdırılır, həssas qrupların sosial təminatı və sosial ödə­nişləri artırılır. Ötən dövrdə, eyni zaman­da, beynəlxalq əməkdaşlıq artıb, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili həyata keçirilib və digər müvafiq fəaliy­yət sahələrində ardıcıl və məqsədəuy­ğun işlər görülüb.

Özbəkistanla təcrübə mübadiləsi

Özbəkistan Prezidenti yanında Sosi­al Müdafiə üzrə Milli Agentliyin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi­nin nümayəndələri arasında onlayn gö­rüş keçirilib. Bağlantı 2 qurum arasında əməkdaşlıq müstəvisində təcrübə müba­diləsi məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər ölkəmizdə həyata keçirilən sosial isla­hatlar, eləcə də rəqəmsal texnologiya­ların tətbiqi istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, 2019-cu ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin e-sistem üzərindən, proaktiv qaydada təyinatına başlandığı diqqətə çatdırıb. 

Görüşdə qurumlar arasında əmək­daşlıq müstəvisində görüləcək birgə iş və fəaliyyətin əlaqələndirilməsi mexa­nizmləri müzakirə olunub. 

Qeyd edək ki, Azərbaycanda sosial sahədə xidmətlərin elektronlaşdırılma­sı üzrə son illərdə əldə olunan uğurlu təcrübənin öyrənilərək tətbiqinə maraq göstərən ölkələrdən biri də Özbəkis­tandır. Görüşdə bu istiqamətdə təcrübə mübadilələrinin davam etdiriləcəyi də vurğulanıb.

İmtiyazlı şəxslərə sosial xidmət genişlənir...

Vətən müharibəsindən sonrakı dövr­də dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə işti­rakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu paket çərçivəsində postmüha­ribə dövründə şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 min 696 şəxsə sığorta ödənişi edilib. 

– 1997-ci il avqustun 2-dək hərbi xid­mətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 min 234 şəxsə birdəfəlik ödəmə ve­rilib; 

– şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə vete­ranlarına aylıq təqaüd təyin edilib; 

– mənzillə təminat proqramı 5 dəfə genişlənib, müharibə əlilərinə 5 min mənzil və fərdi ev, 324 avtomobil təq­dim edilib (ümumiyyətlə 13 min 800 əlilə mənzil və fərdi ev, 7 min 500-dən çox av­tomobil verilib); 

– şəhid ailələri üzvlərinə və 11 min müharibə iştirakçısına 46 min sosi­al-psixoloji dəstək və reabilitasiya xidmə­ti göstərilib; 

– müharibə ilə əlaqədar əlilliyi olan 1 941 şəxs 39 min 713 reabilitasiya vasitə­si, o cümlədən 432 şəxs 451 yüksək tex­nologiyalı müasir protezlə təmin olunub; 

– 18,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min şəxs özü­nüməşğulluq proqramına cəlb olunub; 

– vahid əlaqələndirmə mərkəzlərin­də həmin kateqoriyalara aid 88 min 300 şəxsə xidmətlər göstərilib və s. 

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi, ümumilikdə, 124 min şəxsi əhatə edib, onlara 294 min xidmət göstərilib.

Ağalı və Talış kəndlərində məşğulluğa dəstək 

Böyük Qayıdış proqramı çərçivəsin­də Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir. Dövlət Məşğulluq Agentliyi həmin kəndlərdə artıq 190 şəxsi fəal məşğulluq proqramları ilə əhatə edib.

Məşğulluq proqramına cəlb olunan­lardan 19 sakin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərə cəlb edilib və on­lar üçün kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurda qayıdan digər sakinlə­rin ərazi üzrə iş yerlərində məşğulluqla­rının təmin edilməsi üçün işlər aparılıb. Onlardan 21 nəfəri peşə hazırlığı kursu­na cəlb ediliblər. Kursu bitirdikdən son­ra 13 nəfər “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proq­ramı üzrə işlərlə təmin olunub.

“İşsizin dostu” Qarabağda... 

İşğaldan azad edilmiş ərazilərimizdə fəal məşğulluğa dəstək göstərən digər proqramlarla yanaşı, “İşsizin dostu” la­yihəsi də gerçəkləşdirilir. 

DOST İş Mərkəzi Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində artıq 26 sakini bu proqram çərçivəsində haqqıödənilən ictimai işlərlə təmin edib. Onlar bərpa, tikinti, sosial, abadlıq və s. sahələrdə ça­lışırlar. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına xid­mət edir.

Qeyd olunan kəndlər üzrə daha 20-dən çox sakin proqrama cəlb edilir. 2 kənd üzrə “İşsizin dostu” proqramı çərçi­vəsində işlə təmin edilənlərin sayı 50-yə çatdırılacaq.

Hərbçilər müasir protezlərlə təmin ediliblər

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, mü­haribə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təminatı işləri davam edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bugünlərdə 432 hərbçini 451 yüksək texnologiyalı protezlə təmin edib. Onlar I və II Qarabağ müharibəsində ya­ralanaraq əzalarını itirmiş döyüşçülərdir.

Yüksək texnologiyalı son nəsil protez­lər rahatlıq və çevikliyi ilə seçilir və xüsusi proqramla təmin edilib. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir. 

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə fəal həyata dönüş imkanı qazanaraq öz idman bacarıqları­nı da nümayiş etdirə bilir, hətta yarışlar­da iştirak edirlər.

Bölgələrdə ictimai dinləmə

Dövlət Sosial Müdafiə Fondu davam­lı olaraq təşkil etdiyi ictimai dinləməni bu dəfə Ağdaş rayonunda keçirib. Tədbirdə Ağdaş, Göyçay və Ucar rayonlarının ic­timaiyyət nümayəndələri, eləcə də qey­ri-hökümət təşkilatları təmsilçiləri iştirak ediblər.

Görüş zamanı fondun fəaliyyət is­tiqamətləri, xüsusilə, ünvanlı dövlət sosial yardımının təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əl­çatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlu­mat verilib. 

Fondun nümayəndələri ünvanlı döv­lət sosial yardımı ilə bağlı təqdimatlarla çıxış ediblər. Dinləmədə ünvanlı sosial yardımın mahiyyətindən, hansı ailələrə təyin olunmasından, fonda müraciət qaydasından da bəhs edilib. 

Görüşün sonunda iştirakçıları ma­raqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhə­miyyəti vurğulanıb.

 

Zərifə BƏŞİRQIZI, 

“Xalq qəzeti”

Sosial həyat