Röyal Elzar oğlu Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008–2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə atasının işi ilə əlaqədar ailələri ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətində, Nadım şəhərinin Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib.
Röyal hələ üçüncü sinifdə oxuyandan güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla sıx bağlı olub. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16–17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında isə birinci yerə çıxıb. Röyal Aslanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırıldığına görə Tümendən doğma yurda dönüb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Röyal Aslanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İşğal altında olan rayonlardakı kəndlər bir-bir azad edildikcə, Röyal Aslanov daha da cəsarətlənir, çox irəli gedirmiş. Yoldaşlarının dediklərinə görə, o, bəzən də, komandirlərin “geri dön!” – əmri olmasa, düşmənin lap içərisinə qədər getməyə özündə güc tapırmış. Röyal sentyabrın 29-da Füzulidə gedən ağır, aramsız döyüşlər zamanı şəhid olub. Bir gün sonra, sentyabrın 30-da doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
Qohum-qonşunun dediyinə görə, çox saf, tərbiyəli, vətənpərvər övlad olub Röyal. Dostları onu qorxmaz, mərd, vətənpərvər insan kimi tanıdıqlarını deyir və onun yoxluğuna yanıb yaxılırlar.
Hərbi xidmətdə olan zaman, fürsət düşdükcə atası, anası və bacısı ilə telefonla danışırmış. Böyük ruh yüksəkliyi ilə deyirmiş: “Hər şey yaxşıdır. Qələbə bizimdir! Hər gün xoş xəbərlər gözləyin. Bilin ki, Qarabağ Azərbaycandır!”
Anası İlhamə xanım özünü ovudaraq deyir:
– Mənim dərdim elin dərdidir. Tək mənim başıma gəlməyib ki... Oğlum Vətənə qurban gedib. Bu, mənə təsəllidir. Yeganə oğul balamı əllərimlə torpağa vermişəm. Dözmək çətin olsa da, xatirəsi ilə yaşayıram. Mən nə arzularla, nə əziyyətlə onu böyütmüşəm. Şəhərlər, ellər keçib iki dəfə köç həyatı yaşamışam. Əsgərlik yaşı çatan kimi, Vətənə dönmüşük. Oğlum Vətən borcunu verməyə gülə-gülə gedib. “Məndən nigaran qalmayın. Zəng etməsəm, narahat olmayın, bilin ki, imkan yoxdur.”– deyə bizi sakitləşdirməyə çalışıb. Mən elə bilirdim ki, Röyal məni hamıdan çox istəyir. Sən demə, o, torpağı məndən də, canından da çox sevirmiş.
Bacısı Tehranı tək, atasını boynu bükük qoydu. Biz dünyanı tutub durmayacağıq ki... Röyal ölümüylə kəndimizin, nəslimizin, ailəmizin adını şərəfləndirsə də, bizə çalın-çarpaz dağ çəkdi. Hələ də hər səhər onun yatdığı çarpayıya baxıram. Elə bilirəm ki, axşam qayıdıb gəlib, yatağına girib...
İlhamə xanım hər gün həyətdə dalğalanan Azərbaycan Bayrağına baxıb xəyala dalır. Ürəyində onunla söhbət edir: “Siz – Röyallar, Mehmanlar, poladlar, İlqarlar, Anarlar, daha kimlər... kimlər... mərtəbələrin ən yüksəyindəsiniz: Şəhidlik mərtəbəsində! Məkanların ən ülvisindəsiniz: Cənnətdə! Siz bizdən narahat olmayın – bu dünyanın cənnəti Şuşa bizdədir – cənnət şəhərimiz də, milli ruhumuz da azaddır artıq!”
...Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Aslanov ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ruhun şad, məkanın cənnət olsun, açılmadan solan soydaşımız, igid şəhidimiz. Siz canınız bahasına Vətənin yarasına məlhəm oldunuz, xalqımıza şanlı qələbə qazandırdınız. Ellər daim sizi xatırlayacaq.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

