İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir. Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib. 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük naliyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə də bu proses davam etdirilmiş və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan olunmuşdur.
Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib. Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rolu oynayıb.