" Alp müəllim məndən xahiş etmişdi ki..."

post-img

2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü ərəfəsində telefonuma whatsAppla " Olimpiya dünyası" qəzetinin 19-21 fevral 2005-ci il tarixli nömrəsində dərc edilmiş " Lider" idmanda da liderdir " başlıqlı yazını özündə əks etdirən bütöv bir səhifə daxil oldu. Foto ilə müşayiət olunan məqaləni hörmətli həmkarım Rasim Mövsümzadə göndərmişdi. O, şəkildə sağdan ikinci dayanmış Zahir Zahirovla maraqlanır, onun haqqında nəsə bir məlumat verməyimi istəyirdi. Təəssüf ki, Zahiri çoxdan gormədiyimdən, əlaqələrimiz kəsildiyindən Rasimə dəqiq bir şey deyə bilmədim...

Əvəzində 1977-ci il mayın 26-da Bakıda, respublika stadionunda lentə alınmış, bu gün isə artıq 46 yaşında olan foto bizə çox şeyi xatırladır. Onda " Neftçi" dörd illik fasilədən sonra yenicə SSRİ çempionatının güclülər dəstəsinə qayıtmışdı. Həmin axşam rəqibimiz isə Lvovun "Karpatı" kollektivi idi.

Dediyim kimi, fotoda sağdan ikinci dayanmış ötən əsrin yetmişinci illərində "İdman"-"Sport"da birgə çalışdığımız, sonralar isə "Kommunist"də məsul katib müavini vəzifəsinə yüksələn Z. Zahirovdur. Onun çiynindən tutduğu balaca oğlan isə o illərdə hələ idman jurnalistikasından uzaq olan, amma sonralar " Lider" televiziyasında püxtələşən və tanınan, hazırda isə "CBC-Sport"da çalışan Vasif Ağamirovdur.

Zahir özü həmin məqaləsində Vasiflə bağlı məqamı belə qələmə almışdır: " Bu gün mən "Olimpiya dünyası"nın oxucularına bir foto təqdim etmək istəyirəm. Şəxsi arxivimdən götürülmüş bu şəkil 1977-ci ildə "Neftçi" və "Karpatı" (Lvov) komandaları arasında SSRİ çempionatı oyunundan sonra çəkilmişdir. Şəkildə mənimlə yanaşı duran bu oğlan indi "Lider" telekanalının idman-informasiya xidmətinin rəhbəri Vasif Ağamirovdur. Atası Alp Ağamirov uzun illər "Kommunist" qəzetində məsul katib işləyib. Mən isə onun müavini idim. Alp müəllim yeganə oğlu Vasifin idmana hədsiz marağını görüb, məndən tez-tez onu yarışlara aparmağı xahiş etmişdi. Buna görə də balaca Vasifi həmişə özümlə birlikdə şəhərimizdə keçirilən futbol, voleybol, güləş, yüngül atletika yarışlarına aparırdım. Nəticədə o, özü də hiss etmədən yavaş-yavaş idman jurnalistinə çevrildi. Fəxr edirəm ki, bu işdə, azacıq da olsa, mənim də payım var".

Göründüyü kimi, bir çox il ərzində respublikamızın ən nüfuzlu qəzetinin rəhbərlərindən biri kimi məsul katib vəzifəsini müvəffəqiyyətlə, daim yüksək məsuliyyət hissi ilə yerinə yetirmiş Alp Ağamirov Zahir Zahirovdan hərdən Vasifi də futbola, voleybola, güləşə aparmasını xahiş edərkən oğlunun idman jurnalistikasına biganə olmadığını hiss edirmiş.

Şəkildə soldan birinci dayanmış rəhmətlik Elman Cəfərli də Azərbaycan mətbuatında özünə layiqli yer etmişdir. O da 1970--1980-ci illərdə "İdman"ın əməkdaşı olmuş, buradan isə birdən-birə çox yüksək "mərtəbəyə", AZƏRTAC-ın baş direktorunun müavini vəzifəsinə ucalmışdı. Burada bir daha qeyd etmək lazım gəlir ki, həqiqətən, " İdman"-"Sport" o zaman öz əməkdaşlarının vəzifə pillələri ilə irəliləməsində tramplin rolu oynamışdır.

"Neftçi"--"Karpatı" görüşünün nəticəsinə gəldikdə, həmin mülayim may axşamında komandamız pərəstişkarlarını birinci hissədə əfsanəvi Anatoli Banişevskinin, fasilədən sonra isə Nikolay Smolnikovun vurduqları iki cavabsız qolla sevindirmişdir-- 2:0. Suxumili hakım Anatoli Milçenkonun idarə etdiyi oyunda "Neftçi"nin qələbəsini ən çox alqışlayanlardan biri də, təbii ki, Vasif Ağamirov olmuşdur.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat