...Azərbaycan Polisi gecə və gündüz mənsub olduğu xalqın asayişinin keşiyində sərraf dayanmış ordudur.
...Azərbaycan polisi Vətən savaşında ön sıralarda döyüşən qəhrəman, torpaq uğrunda canını fəda edən şəhid və qazi olan polisdir.
...Azərbaycan Polisi şəhid anasının qarşısında diz çöküb, onun əlindən öpən polisdir.
...Azərbaycan polisi özü kimi müharibə veteranı olan qazini qucaqlayıb bağrına basan polisdir.
...Azərbaycan Polisi yolda sancılanmış qadını xidməti maşınına mindirib doğum evinə çatdıran polisdir.
Bu gün məhz güvəndiyimiz Polisin bayramıdır. Milli Polisimizin. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmanla 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Arxada qalan 105 ildə Vətənin əyni mundirli, çiyni paqonlu övladları cəmiyyətdə sabitliyin və əmin-amanlığın təmin olunması üçün xidməti vəzifələrini şərəflə yerinə yetiriblər. DİN və onun təşkilati strukturu olan polis orqanlarında şəxsi heyətin milli ruhda formalaşması istiqamətində böyük işlər görülüb.
Bilməyənlərə xatırladaq ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü rəşadətlə dəf edən ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsində 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710-u isə qazi olub. Göstərdikləri şücaət və igidliklərə görə 67 polis əməkdaşı “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Prezident İlham Əliyev son iyirmi ildə həyata keçirdiyi islahatlar sayəsində daxili işlər orqanlarının müasirləşməsi, bu xidmətin cəmiyyətin maraqlarına tam cavab verməsi, polis-vətəndaş münasibətlərinin qarşılıqlı inam və səmimiyyət üzərində qurulması, çağdaş təcrübənin Azərbaycanda tətbiqi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bu gün Azərbaycan Polisi müasir maddi-texniki bazaya, qanunçuluğun və qaydaların qorunması üzrə mükəmməl sistemə və peşəkar kadr korpusuna malik hüquq-mühafizə orqanıdır.
Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunları şücaətlər göstərib, düşmənə heç vaxt unutmayacağı sarsıdıcı zərbələr endirib. Həmin döyüşlər zamanı DİN-in “Pələng” və “Şahin” adlanan xüsusi təyinatlı dəstələrinin qəhrəmanlığı müqəddəs savaşın tarixinə qızıl hərflərlə yazılıb. Bu savaşda Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346-sı yaralanıb, 4 hərbçisi isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
Bu gün əynindəki mundirini, çiynindəki paqonunu şərəflə daşıyanların bayramıdır. Həm yerdə, həm də göydə xalqın və dövlətin asayişinin keşiyini çəkən, millətin güvənc yerinə çevrilən pələnglərimizə və şahinlərimizə göstərdikləri xidmətdə, yerinə yerirdikləri müqəddəs missiyada bundan sonra da uğurlar və yalnız uğurlar diləyirik.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”