Ucqar Kəlbəcərdə hərbi-tibbi sahə özünün yüksək inkişaf pilləsində qərarlaşıb

post-img

17 İyun - Tibb İşçilərinin peşə bayramı günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Sevindirici hal budur ki, 3 il öncə Vətən müharibəsində qazandığımız parlaq qələbəmizlə yenidən öz sahibinə qayıdan doğma torpaqlarımızda da iri və müasir səhiyyə müəssisələri açılmaqdadır. 

Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yaxınlarda Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak etmişdi. Kəlbəcər kimi mürəkkəb relyefə malik olan, ən strateji regionlardan sayılan bir ərazidə belə bir hospitalın açılması bütövlükdə Azərbaycan Ordusunun ucqarlarda da fəaliyyətinin davamlılıq və sağlamlıq təminatı baxımından olduqca mühüm addım idi. 

Bu günlərdə bir qrup jurnalistlərlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunu ərazisində yeni istifadəyə verilən hərbi hospitala 1 günlük səfər etdik. 

Qeyd edək ki, hərbi hospital kifayət qədər böyük, təxminən 3,6 hektar ərazidə salınıb.  Sülh dövrü üçün 180 çarpayılıq nəzərdə tutulan bu hərbi hospitalda döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Hospitalı müşahidə edərkən yeni müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş otaqlarla tanış olduq. Bu, bəlkə də Cənubi Qafqazda ən müasir hərbi hospitallardan biridir desək, yanılmarıq.  Hərbi hospitalın rəisi tibb xidməti polkovniki Hüseyin Əliyev bildirdi ki, 25 ildir hərbi xidmətdədir və artıq 5-ci hospitaldır ki, ora rəhbərlik edir. Baş həkim bildirdi ki, hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana fəaliyyət göstərir. Bir sözlə tibbin bugünkü tələblərinə cavab verən şöbələrimiz vardır. Müasir avadanlıqlarla təmin olunan bu hospitalda bəlkə də respublikada yeganə xəstəxanadır ki, istənilən palatada mərkəzləşdirilmiş oksigen stansiyası var və hər bir palataya oksigen paneli qoyulub. Yəni istənilən palatanı reanimasiya və ya əməliyyat otağı etmək mümkündür. Burada ağır əməliyyatlar aparıla bilər, beyin, qarın boşluğu  və s. 

Şübhəsiz ki, bu yaradılan şəraitə görə biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Burada  ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. 

Hazırda hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.

Müşahidələrimiz bunu deməyə əsas verir ki, Kəlbəcər hərbi hospitalında Azərbaycan əsgərinin, hərbçisinin sağlamlığını qorumaq üçün hər cür şərait var. Yəni, ucqar region olmasına baxmayaraq, istənilən ani hadisə üçün bütün tələblərə cavab verir. Bura həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobilləri də müşahidə etdik. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də çox yüksək səviyyədədir. 

Beləliklə, hərbi hospitaldan yüksək təəsüratlarla ayrıldıq. Ən ağır əməliyyatların  aparıla biləcəyi belə bir tibb obyektinin ölkənin ucqarında, düşmənlə sərhəd bölgədə ərsəyə gətirilməsi ortaya çıxan istənilən problemə qarşı da adekvatlıq baxımından vacib əhəmiyyət daşıyır. Belə bir tibb mərkəzi həm istənilən fövqaladə, həm də hərbi vəziyyətdə öz vacibliyini hər zaman göstərə bilmə potensialına malikdir.

Müşahidələrimiz əminliklə bunu deməyə əsas verir ki, bu gün ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Onu da əlavə edək ki, bu kimi hərbi-tibbi mərkəzlərin sürətlə tikilərək istifadəyə verilməsi həm də Azərbaycanın qüdrətinin də əyani təzahürü kimi qiymətləndirilməlidir. 

Anar ƏLİ,
“Xalq qəzeti”







Son xəbərlər