Baş prokuror vətəndaşlarla görüşüb

post-img

İyunun 9-u Baş prokuror Kamran Əliyev Hacıqabul Rayon Prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayon və Şirvan şəhərindən, eləcə də digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiram­la anıb.

Görüşdə iştirak edən 23 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət it­tihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqan­larında operativ həlli üçün Kamran Əli­yev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əmək­daşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqla­rını diqqətə çatdırıb.

Həmçinin Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli fərmanı əsasında yaradılan və prokurorluq orqanlarının fəaliyyətin­də müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sis­teminin fəaliyyəti ilə yerində tanış ola­raq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaş­ların təkliflərini dinləyib, eləcə də müza­kirələr aparılmaqla müvafiq göstərişlər verib.

“Xalq qəzeti”

Son xəbərlər