“Dünyaya cümhuriyyətlə açılan pəncərə”

post-img

Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan" adlı Təqdimat Mərasimi keçirilib. 

Mərasimdə Cümhuriyyət tarixinə verdiyi töhfələrə görə mükafata layiq görülmüş qurumlar, əsərlər və elm və mədəniyyət xadimləri dəvət olunublar. 

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond,  Milli Azərbaycan Tarixi Muzeyi, "Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danımarkanın məşhur "OBaku” şirkətinin təşkilatçılığı ilə keçirilən      tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı açaraq qonaqları müstəqilliyimizin 105-ci ili münasibəti ilə təbrik edərək Azərbaycan milli dövlətçilik tarixinin əsasını qoymuş Cümhuriyyət dəyərlərinin bu gün də müasir Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını vurğuladı. 

"Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi öz açılış nitqində bu günkü tədbirin yeni bir məzmunda keçirildiyinə diqqət çəkdi, müstəqilliyimizin bərpasından keçən son 32 ildə Cümhuriyyət tarixinin tədqiqi, bu mövzuda sənət əsərlərinin yaradılması sahəsində görülmüş işlərə ümumi nəzər salmaq,  Azərbaycan Cümhuriyyəti tarixi və onun əhəmiyyəti, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran yeni vəzifələri müəyyən etmək məqsədi daşıdığını bildirdi.

Açılış mərasimində tədbirin təşkilatçlarından olan Çingiz Mustafayev adına Fond, VMF Holdinqin təsisçisi, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev çıxış edərək Danimarkanın "OBaku” saat  şirkəti ilə bu ildən başlayaraq iş birliyi yaratdıqları və bu əməkdaşlığın ilkin təcəssümü kimi  ”OBaku” brendinin müstəqilliyimizin 105-ci ildönümü münasibətilə xüsusi saat kolleksiyası istehsal etdiyini və  bugünkü tədbirdə mükafat qismində təqdim olunacağını bildirdi.

Bu təqdimatla bağlı Bakıya gəlmiş ”OBaku” şirkətinin direktoru Henriette Grasa Arvin də tədbirdə çox səmimi çıxış edərək Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycana bu ilk səfərindən, Azərbaycan xalqının,  elm, sənət adamlarının öz tarixinə bu qədər sevgi ilə yanaşmasından çox mütəəssir olduğunu və bu şərəfli insanları öz brend saatları ilə mükafatlandırmaqdan hədsiz fərəh keçirdiyini vurğuladı.

Təltif edilənlər arasında ekspozisiyasında "Cümhuriyyət dövrü” güşəsi olan muzeylər, "Azərbaycan” qəzetinin latın qrafikasına transliterasiyasını həyata keçirən ADA Universiteti, "Cümhuriyyət biblioqrafiyasını” hazırlamış M.F.Axundov adına Milli Katabxana, Cümhuriyyət tarixinə dair son 10 ildə tədqiqatlarına görə tarixçilər, ədəbiyyatçılar, xarici alimlər, bu mövzuda heykəltaraşlıq, rəssamlıq, musiqi, teatr, sənədli filmlər, televiziya və radio verilişləri sahəsində əsərlərinə görə sənət adamları, jurnalistlər, eləcə də Cümhuriyyət mövzusunu tədris edən tarix müəllimləri var. 

Mərasimdə akademik Rafael Hüseynov, tarixçi alim Firdovsiyə Əhmədova, rejissor Mehriban Ələkbərzadə, bəstəkar Sərdar Fərəcov və digər iştirakçılar çıxış etdilər. 

Anar ƏLİ,
“Xalq qəzeti”



Son xəbərlər