ADA Universitetində beynəlxalq konfrans

post-img

Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 60-dək nümayəndəsinin iştirakı ilə “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.

Konfransda ABŞ dövlət katibinin sabiq köməkçisinin müavini, Özbəkis­tanın Ali Məclisi Senatı sədrinin keçmiş birinci müavini və digər qonaqlar iştirak ediblər.

Konfransın ilk sessiyası ADA Uni­versitetinin prorektoru Fariz İsmayılza­dənin moderatorluğu ilə keçirilib. O vur­ğulayıb ki, tədbirin Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında bildirib ki, ar­tıq 4-cü dəfədir ADA Universiteti belə bir konfransa evsahibliyi edir. Konfran­sın siyasət, elmi və beynəlxalq müna­sibətlər üzrə mühüm əhəmiyyətə malik olduğunu deyən Hafiz Paşayev qeyd edib ki, regional və qlobal gündəmdəki məsələləri müzakirə etmək üçün ADA Universiteti önəmli məkan hesab olu­nur. Burada bildirilən fikirlər daha sonra dünyanın bir çox ölkələrində məqalələr şəklində jurnallarda və hətta sosial me­diada işıqlandırılır.

Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyev geosiyasət sahəsində mühüm addımlar atmış şəxsiyyət idi. “O, Sovet İttifaqında siyasi yüksəklik­lərə çatan yeganə azərbaycanlı idi. 1990-cı illərdə Azərbaycan böhranın ortasında idi. Müharibə, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, iqtisadi böhran – məhz bu şəraitdə ulu öndər Heydər Əliyev ölkəni idarə etməyə başlayıb. Ümummilli lider hakimiyyətə gəldikdən sonra müharibə dayandırılıb, iqtisadiyyat sabitləşdirilib”, – deyə Hafiz Paşayev qeyd edib. 

Konfransda Azərbaycan Respub­likası Prezidentinin köməkçisi – Pre­zident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Bakı–Tbilisi–Ceyhan layihəsindən və Azərbaycanın təşəb­büskarı olduğu nəhəng nəqliyyat dəhliz­ləri layihələrinin önəmindən bəhs edib. Deyib ki, ölkəmizə 300 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazi­ri Rəşad Nəbiyev bildirib ki, ölkəmiz bir çox beynəlxalq, əsasən də nəqliy­yat və tranzit sahələrə aid layihələrin təşəbbüskarı olub. Həmçinin ulu öndər Heydər Əliyevin Bakı–Tbilisi–Qars də­mir yolu layihəsinin əsasını qoyub. 

Nazir vurğulayıb ki, hazırda dünyada baş verən hadisələr, müharibələr alter­nativ tranzit yollarına ehtiyacın olduğu­nu bir daha göstərir, bu da Orta Dəhlizin əhəmiyyətini artırır. “Son 10 il ərzində biz bir neçə yeni hava limanı inşa etdik. Hesablamalarımıza görə, qarşıdakı beş il ərzində ölkəmiz tərəfindən tranzit da­şımaların həcmi 23 milyon ton olacaq. Onu da qeyd etmək lazımdır ki, Orta Dəhliz yalnız böhran zamanı alternativ olaraq görünməli deyil”, – deyə Rəşad Nəbiyev əlavə edib. 

Konfransın ikinci sessiyası ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şafferin modera­torluğu keçirilib. 

Çıxış edənlər – ABŞ-ın Azərbaycan­dakı sabiq səfiri, ATƏT-in Minsk qrupu­nun keçmiş həmsədri Mətyu Brayzə, Özbəkistan Ali Məclisinin Senatı sədri­nin birinci müavini Sadıq Safayev, Gür­cüstanın ABŞ-da və Kanadada sabiq səfiri Tedo Caparidze, Şanxay Əmək­daşlıq Təşkilatının sabiq Baş katibi Bo­lat Nurqaliyev və ABŞ Dövlət Departa­mentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel qeyd ediblər ki, gənc Azərbaycan dövlətini xaos dolu illərdən çıxararaq ayağa qaldırdığına görə Heydər Əliyevin fəaliyyəti hər za­man yüksək dəyərləndirilir. 

Bildirilib ki, Heydər Əliyev sovet dövründə çox önəmli vəzifələrə yüksə­lib və İttifaqda özünün siyasi müdrikli­yinə görə tanınıb.

AZƏRTAC

Son xəbərlər