Dünya şöhrətli oftalmoloq, akademik, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, ayrı-ayrı qurumlarında rəngarəng tədbirlər keçirilib.
Mədəniyyət Nazirliyinin Heydər Əliyev Muzeyində təşkil etdiyi toplantını giriş sözü ilə açan muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova akademik Zərifə xanım Əliyevanın mənalı həyat yoluna, zəngin elmi fəaliyyətinə nəzər salaraq onun milli təbabətimizin inkişafındakı xidmətlərindən, ölkəmizdə oftalmoloqlar nəslinin yetişməsinə töhfəsindən danışıb.
“Əsl Azərbaycan qadını nümunəsi – akademik Zərifə xanım Əliyeva” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Zərifə xanım mənsub olduğu ailədən mənimsədiyi dəyərləri qoruyub, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olmaq missiyasını ən yüksək səviyyədə yerinə yetirib.
Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümummilli lider Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə bağlı xatirələrindən söz açıb. Qeyd olunub ki, ulu öndər vəfalı həyat yoldaşı barədə həmişə yüksək fikirlər səsləndirib, onun çox istedadlı, xeyirxah, səmimi insan olduğunu vurğulayıb və evdə yaratdığı yüksək mənəvi mühit, qayğıkeşlik və böyük sevgi ilə ailəyə həmişə xoşbəxtlik gətirdiyini bildirib.
Tədbir rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminin nümayişi ilə davam edib. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
***
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında da görkəmli oftalmoloq alimin anadan olmasının 100-cü ildönümü münasibətilə mərasim keçirilib.
“İnsanlara nur bəxş edən ləyaqət rəmzi – Zərifə xanım Əliyeva” mövzusunda tədbirin iştirakçıları Zərifə xanım Əliyevanın tibb ocağının foyesindəki büstü önünə tər çiçəklər düzüblər, alimin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini Samiq Sadıxov bildirib ki, Naxçıvanda dünyaya göz açmış Zərifə xanım Əliyevanın şərəfinə bu gündən diyarda ən çox yayılan göz xəstəliklərindən olan keratakonusun müəyyən edilməsi üçün skrininq layihəsinə start verilir.
Poliklinikanın baş həkimi Səadət İbrahimova isə bildirib ki, şəhərin nümunəvi tibb müəssisəsi 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti İlham Əliyev poliklinikanın yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük şərəf və yüksək məsuliyyətdir.
Mərasimdə vurğulanıb ki, milli oftalmologiyamızı dünyada tanıtmış akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, sanballı xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.
Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri səsləndiriblər.
Tədbir Zərifə xanım Əliyevaya həsr edilmiş sənədli filmin nümayişi və yubiley fləşmobunun təqdimatı ilə yekunlaşıb.
***
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, şəhər və rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin, həkim-oftalmoloqların və Naxçıvan Dövlət Universiteti tibb fakültəsi rezident-həkimlərinin iştirakı ilə keçirilən konfransda da görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, akademikin tibb elminə verdiyi töhfələrdən ətraflı söhbət açılıb.
Bildirilib ki, anadan olmasının 100 illiyini dövlət səiyyəsində qeyd etdiyimiz görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib. Akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb.
Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov, oftalmoloqlar Kamilə Orucəliyeva, Kəmalə Əliyeva, Aynur Rzayeva, terapevt Aytən Kotan bildiriblər ki, Zərifə xanımın yazdığı əsərlər göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur, həm oftalmoloqlar, həm də digər ixtisas həkimləri üçün qiymətli mənbədir.
Konfrans çərçivəsində Bakı şəhərindən dəvət olunmuş oftalmoloq-cərrah Ruslan Məmmədov və cərrah-oftalmoloq Kəmalə Əliyeva 10 nəfər imkansız xəstənin pulsuz katarakt əməliyyatını icra ediblər. 20 aztəminatlı ailə üzvünə isə pulsuz eynəklər hədiyyə olunub.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videofilmə baxıblar.
Sonda 100 könüllü gəncin iştirakı ilə yubileyə həsr olunmuş “100” və “Göz” kompozisiyası nümayiş etdirilib.
***
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi isə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Kəngərli Rayon Mədəniyyət Sarayında tədbir keçirib.
Əvvəlcə iştirakçıları Şaxtaxtı kəndində görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyublar, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar. Sonra Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi fədakar fəaliyyətlərindən bəhs edən film nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 1981-ci ildə Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Şahtaxtı kənd tam orta məktəbinin direktoru Etimad Məmmədov dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar.
Bədii sonluqda rayon şagirdləri Zərifə xanım Əliyevaya həsr olunan şeirlər söyləyiblər, musiqi nömrələri ilə çıxış ediblər.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan