Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı yanında Fövqəladə Hallar Komissiyasının iclası keçirilib. İclas zamanı aprelin 6-da və 30-da, eləcə də mayın 1-də yağan güclü leysan yağışlarından, dolu düşməsindən sonra şəhərdə baş verən fəsadlar müzakirə olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasda qeyd edib ki, apreldə və mayın 1-də yağan güclü leysan yağışları və dolu şəhərimizdə bir sıra fəsadlar törədib. Bununla əlaqədar olaraq şəhər icra hakimiyyətinə və ərazi xidmət sahələrinə sakinlərdən çoxsaylı müraciətlər daxil olub. Bəzi fərdi yaşayış evlərinin həyətlərini su basıb, dolunun yağması nəticəsində binaların dam örtükləri zərər çəkib. Həyətlərdəki meyvə ağacları və digər kənd təsərrüfatı sahələri sıradan çıxıb, sakinlərə çoxsaylı ziyan dəyib. Görülən tədbirlər nəticəsində yaranan fəsadların qarşısı nisbətən alınıb.
İclasda şəhər icra hakimiyyətinin başçısı yanında Fövqəladə Hallar Komissiyasının sədr müavini Məhluqə Cavadova həyata keçirilən tədbirlər barədə komissiya üzvlərinə ətraflı məlumat verib.
Qeyd edilib ki, həmin saatlarda Mingəçevirə yağan yağışların, dolunun miqdarı aylıq normadan çox olub. Buna baxmayaraq, şəhərimizin bütün kommunal xidmət sahələrinin rəhbərləri və işçiləri fəsadların qarşısının alınmasında fədakarlıq göstərib.
İclasda Sukanal idarəsinin, qaz təsərrüfatının, mənzil-kommunal təsərrüfatı idarələrinin, işıqlanma idarəsinin, yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəhbərləri görülən işlər barədə məlumat verərək təkliflərini bildiriblər.
Sonda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasın işinə yekun vuraraq yaranmış problemlərin aradan qaldırılması yolunda tapşırıqlarını verib.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri