Dünən paytaxt Xartumda və olkənin bir çox şəhərlərində hökumət ordusu ilə üsyançı Çevik Reaksiya Qüvvələri arasında ağır zorakılıqlarla müşayiət olunan silahlı toqquşmalar davam edib. Onlarca ölən və yaralının olduğu bildirilir. Qorxu və təşviş içində olan əhali kütləvi şəkildə münaqişə ocaqlarını tərk etməyə çalışır.
BBC müxbiri hadisə yerindən xəbər verir ki, hazırda təkcə “Sudan” dəniz limanında beş mindən çox sakin toplanıb. Onların çoxu əcnəbi ölkələrdən tələbələrdir. Artıq bir çox xarici ölkələr öz vətəndaşlarını Sudandan təcili surətdə təxliyə edibdir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller dünən özünün “Twitter” səhifəsində bildirib ki, ABŞ hökuməti münaqişə başlayandan bəri minə yaxın vətəndaşın Sudandan çıxmasına şərait yaradıb. M.Miller əlavə edib ki, təxliyənin həyata keçirilməsi zamanı ABŞ müttəfiq dövlətlərlə sıx koordinasiya saxlayıb. Onun sözlərinə görə, ABŞ hökumətinin təşkil etdiyi ikinci karvan “Sudan” dəniz limanına çatıb.
Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Sudan bölməsi məlumat yayıb ki, bu ölkədəki münaqişə qurbanları üçün humanitar yük daşıyan ilk təyyarə paytaxt aeroportuna enib. Yükün 8 ton zəruri tibbi ləvazimatdan ibarət olduğu bildirilir. Humanitar yardımın Xartumdakı xəstəxanalara, eləcə də toqquşmalarda zərərçəkənlərə ilkin tibbi yardım göstərən Sudan Qızıl Aypara Cəmiyyətinə göndəriləcəyi gözlənilir. Daha əvvəl BQXK-nın informasiya direktoru “Al Arabiya” telekanalına bildirib ki, təşkilat Sudanın paytaxtındakı ofisindən işçilərini evakuasiya etmək qərarına gəlib.
Sudan Çevik Reaksiya Qüvvələri bazar günü gecə yarısı başa çatmalı olan humanitar atəşkəsin daha 72 saat uzadıldığını elan edib. Lakin döyüş etdiyi barədə xəbərlər yayılır.
BMT-nin Baş katibi Antonio Quterreş Sudanda vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar humanitar və fövqəl-adə yardım koordinatorunun müavini Martin Qriffitsi regiona göndərib. Bununla bağlı Baş katibin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT Sudanda münaqişənin bütün tərəflərini mülki əhalini və infrastrukturu qorumağa, mülki şəxslər üçün təhlükəsiz təxliyəni təmin etməyə, humanitar personalı və əmlakı qorumağa və yardım əməliyyatlarını asanlaşdırmağa çağırıb.
M.HACIXANLI, “Xalq qəzeti”

