Dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri bir daha göstərdi ki, iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsindədir. Türkiyə–Azərbaycan münasibətləri prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın hakimiyyətləri zamanı daha da inkişaf edib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri isə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb.
Prezident İlham Əliyev səfər çərçivəsində İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında bütün bunlar barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş ölkənin dünya çapında söz sahibinə çevrildiyini, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırıb: “Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”.
Azərbaycan lideri çıxışında daha sonra Türkiyənin artıq Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzi kimi tanındığını, bu dövlətin önəminin, rolunun getdikcə artdığını, dinamik inkişafda olan sənayesinin isə həm özünü, həm də müttəfiqlərini gücləndirdiyini vurğulayıb.
“TEKNOFEST” festivalına gəldikdə isə qeyd edək ki, bu tədbir çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platformadır. Məhz bunun nəticəsidir ki, belə bir möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4 min 333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur.
Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı kimi nüfuz qazanan “TEKNOFEST” artıq öz sahəsində bir markaya çevrilib. Texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərin bir araya gəldikləri bu tədbir keçən il Bakıda keçirilib.
“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses artıq 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə böyük əminlik yaranıb.
Yeri gəlmişkən, “TEKNOFEST”in qurucusu Selçuk Bayraktar Azərbaycanda, o cümlədən, azad edilmiş torpaqlarda, Şuşada dəfələrlə olub. Son gəlişi–aprelin 3-də respublikamıza səfəri zamanı isə ölkəmizdə “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəlinib. Yaxın gələcəkdə bu mərkəzin nəzdində təhsil, xidmət, istehsal sahələrinin qurulacağı da qərara alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək Azərbaycanla qardaşlıq münasibətlərinə də bir daha toxunub. Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Cümhurbaşqanı deyib: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.
Yeri gəlmişkən, Türkiyə Prezidenti çıxışında Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd edib.
Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını diqqətə çatdıran Cümhurbaşqanı İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini xatırladaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzulayıb.
V.BAYRAMOV, “Xalq qəzeti”

