Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
Mübaliğəsiz demək olar ki, o, Azərbaycan qarmon ifaçılığı sənətinə başucalığı gətirmiş azman sənətkarlardan biri idi. Möhtəşəm çalğı manerası ilə ölkəmizin hüdudlarından kənarda – Rusya, Türkiyə, İran, Yaxın və Uzaq Şərq ölkələrində də sənətsevərləri heyran qoymuşdu. Onun virtuoz ifa üslubu insan oğlunu sanki möcüzələr aləminə aparır, ülviliyə səsləyir, yaşayıb-yaratmaq həvəsini artırırdı.
Aftandil İsrafilov ustadı olmadan, kimsəyə şəyirdlik etmədən, yalnız öz fitri istedadına güvənərək qarmonun bütün sirlərinə yiyələnmişdi. O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir. Eyni zamanda, “Ad günü”, “Məhəllə” və “Xalq təranələri” filmlərində Aftandil İsrafilovun çəkildiyi kadrlar ondan yadigar qaldı.
Musiqi xəzinəmizin qoruyucularından olan mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin.
“Xalq qəzeti”

