Ölkəmizin müstəqillik dönəmində görülən müxtəlif yönlü işlər sırasında Azərbaycan Aşıqlar Birliyi fundamental nəşrləri gerçəkləşdirib. “Ozan-Aşıq ensiklopediyası” (iki cilddə), “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq gözəlləmələri”, “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq deyişmələri”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və s. böyük zəhmətin nəticəsi olaraq bir araya gətirilmişdir.
“Aşıq təcnisləri” (Bakı: 2022) antologiyası da ciddi və sistemli fəaliyyətin nəticəsi olaraq meydana çıxmışdır. Təxminən 120-yə yaxın sənətkarın yaradıcılığından nümunələri əhatələyən toplu ilk dəfədir ki, belə bir möhtəşəm şəkildə geniş ictimaiyyətə təqdim olunur. Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor M.Qasımlının rəhbərliyi altında həyata keçirilən bu layihə Qurbanidən üzübəri bir çox aşıq və el şairlərinin yaradıcılığını əhatə etmişdir. Nümunələr həm zənginlik, həm də janrın özündə nəzərə çarpan forma genişlənmələrini əhatələmək baxımından funksional məzmun daşıyır.
Kitaba M.Qasımlı “Aşıq təcnisləri” adında giriş sözü yazmış və janrın spesifikasına dayanan məsələləri təfərrüatlı şəkildə əhatə etmişdir. Müəllif məsələyə “Təcnis” aşıq şeir şəkli və “Təcnis” saz havası kontekstində yanaşmışdır. Təhlillər söz və musiqi ritmində ortaqlığın ümumi spesifikasını, sözün və sazın ecazkar imkanlarının alt qatlarına dayanan ruhani duyğusallığın dərinlikləri tam əhatələyir.
Toplu-tərtib üçün səciyyəvi xüsusiyyətlərdən biri də təcnisin cığalı, dildönməz, dodaqdəyməz, əvvəl-axır döşəmə, müəmma, qıfılbənd, gedər-gəlməz, gələr-getməz və s. çeşidlərini əhatələməsi məsələsinə həssaslıq göstərilməsi ilə bağlıdır. Bunlar həm də xalqın dil zənginliyinin, toplum olaraq çox əski zamanlara bağlılığını, musiqi, söz duyumunu göstərir.
Folklorşünas professorlar M.Qasımlı, M.Allahmanlı və dosent A.Məmmədlinin böyük və yorulmaz işgüzarlığı ilə reallaşan bu toplu aşıqlar, folklorşünaslar, musiqişünaslar, bütünlükdə geniş ictimaiyyət üçün əvəzsiz ərməğandır.
Qurbanidən, Abbas Tufarqanlıdan Molla Cumaya, Mikayıl Azaflıya gələn sənət ənənəsi bütün parametrləri ilə həm də şeir biçimlərinin zənginliyinə bağlanır. Forma və məzmun mükəmməlliyinə yüklənən bu poetik örnəklər rəmzi-məcazi qatlarının spesifikası ilə tarixi axarın polifonik xarakterini diqqət önünə gətirir. Digər bir istiqamətdə sənət yükü anlamında “çəkərəm şərxəta” deyimində aşıq sənətindəki forma genişlənmələrinin spesifikasını ortaya qoymaqla ona dərindən bələd olmanı, kutsallığı faktlaşdırır. Məsələn, M.Cumanın “Oldum”, “Ayağa durmaz”, “Haray-haray”, “O çağ, bu çağ”, “Durmaz”, “Ay, ay” hərf üstə təcnisləri, M.Azaflının cığalı gəraylı, bir hərf üstə dodaqdəyməz, cığalı əvvəl-axır, diltərpənməz, qıfılbənd cığalı, baş və ya qara təcnis, ikiayaqlı təcnis, ikibaşlı təcnis, dodaqdəyməz, gedər-gəlməz, divani dodaqdəyməz və s. formalarda yaratdığı təcnis nümunələri gəlinən yolun tarixi axarını bir bütöv olaraq diqqət önünə gətirir.
Şəbnəm HAQVERDİYEVA,
AMEA Folklor İnstitutunun əməkdaşı

