Bu il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində ailəsi ilə birlikdə dünyasını dəyişən Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının sevdalısı, istedadlı yazıçı-şair-tərcüməçi, qələm sahiblərimizin unudulmaz dostu idi. Qardaş ölkəyə ezamiyyətə gedən yazarlarımızı hər zaman arayıb-axtarmış, dəfələrlə evinə qonaq da aparmışdı. Onların kitablarının türkcəyə uyğunlaşdırılmasına və nəşrinə təmənnasız kömək göstərməkdən Abdulkadir xüsusi zövq alardı.
Faciədən sonra mərhumun azərbaycanlı yazıçı dostları – Aslan Quliyev, Eyvaz Zeynalov, Əlabbas Bağırov, Eyruz Məmmədov və Arif Ərşad unudulmaz Abdulkadir Özkanın əziz xatirəsinə öz hesablarına kitab çap etdirməyi qərara almışdılar. Budur, “Göy aldı, yer gizlədi” adlı həmin kitab artıq işıq üzü görüb. Topluda Əbdülqadir Özkan haqqında dostlarının, əsərlərini tərcümə etdiyi azərbaycanlı ədiblərin xatirələri yer alıb.
Yazıçı Arif Ərşad deyir ki, xatirə kitabının artıq çıxdığını eşidəndə könlüm rahatlıq tapsa da, yetərincə sevinə bilmədim. Kaş ki, o zəlzələ heç olmayaydı. Dostumuzu belə gənc yaşında nə göy alaydı, nə də yer gizlədəydi. Kaş ki, bizə onun 40 illik yubileyinin sevincini birgə yaşamaq qismət olaydı...
Hər bir halda, yeni kitab zəlzələ qurbanı olan türkiyəli yazarın xatirəsinə qardaşlıq və sədaqət borcu, dost ehtiramıdır.
Ə.ƏLİYEV, “Xalq qəzeti”

