…Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-nin "Bakıda caz havası” adlı reportajı maraqla qarşılanıb. Bakının tarixi, burada caz musiqisinin yayılması və inkişafı ilə bağlı epizodlar, caz-muğam sintezinin yaradıcısı Vaqif Mustafazadənin yaradıcılığı ilə tanışlıq, ölməz sənətkarın ev-muzeyindən çəkilişlər avropalı seyrçilər üçün cəzbedici olub. Paytaxtımızda hazırkı gəncliyin caza həvəsinin həmin təmələ söykəndiyi vurğulanıb.
Yadıma ötən ay Bakının təkcə bir ünvanında – İçərişəhərdəki gözəl məkanda ard-arda əsrarəngiz caz gecələrinin təşkili düşdü. Onu da xatırladım ki, mart caz ayı olmaqla bərabər, unudulmaz virtuoz pianoçu Vaqif Mustafazadə də elə həmin ay dünyaya gəlib. Onun “Mart” adlı bir mahnısı da var. Dinləyərkən gilənar çiçəklərinin içində bardaş qurub əyləşmiş bahar sanki cilvələnir. Xəyal qanadlarında dünya caz tarixinin performansları – Lui Armstronq, Belli Qudmen, Dük Ellinqton, Çarli Parker, Dizzi Gillespirin də obrazları canlanır.
Onu da qeyd edək ki, əgər ötən əsrin 60-cı illərində Vaqifin “Caz-muğam” janrı heyrət doğururdusa, ondan da əvvəl Niyazi ilə Tofiq Quliyevin yaratdıqları və “Dövlət Cazı” kimi tanınan Dövlət Simfonik Orkestrinin ifalarındakı caz elementləri xoş təsir bağışlayıb. Musiqi alimlərimiz hələ 70 il əvvəl amerikan svinq musiqisinin ifası zamanı Tofiq Quliyevin saksafonçulardan birinə “Çahargah” məqamında improvizə etməyi tapşırdığını qeyd ediblər. Qara Qarayev, Rauf Hacıyev, Tofiq Əhmədov də sənətsevərlərə caz zövqü dadızdırıblar. "Yaşıl teatr"da keçirilən ilk festivalda Bakını üç kollektiv təmsil edib: Rafiq Babayevin kvarteti “tufan” qoparıb, Arzu Hüseynov “Xəzər sahilində Yeni Orlean” yaradıb. Artıq yeni əsrdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi mədəniyyət təqdimatlarımızla öyünə bilirik.
Dediyim odur ki, caz artıq bizə yad deyil. Elə indi məşhur xalq mahnılarımızın, “Cəngi”mizin caz elementli kompozisiyaları, qəribə variasiyalar, interpretasiyalar gözəl melodik bir axarda könüllərimizi oxşayır. Daşkənddə konsert zamanı ürəyi dayanmış Vaqif Mustafazadənin həyat yoldaşı Elza xanım Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadın sənətçisi olub. Onların qızı, 17 yaşında Vaşinqtonda piano müsabiqəsində birincilik qazanmış Əzizə Mustafazadə öz ifaları ilə dünyaya səs salıb. İfsar Sarabski, Şahin Növrəsli, Emil Əfrasiyab və başqaları da mötəbər festivallarda fərqləniblər.
İçərişəhərdəki məkanda retro, tanqo və film musiqisi gecələri də olur, amma caza daha çox üstünlük verilir. Başqa sözlə, bura cazın cazibə qüvvəsinə daha çox uyarlıdır.
Bu gün də gördüyümüz kimi, öz istedadı ilə parlayan caz ifaçılarımız yetərincədir. Musiqi “küləyi” əsincə sanki qədim məkanın qala divarlarının “üz qırışları” hamarlanır, Qərb–Şərq sintezi bir Leyli-Məcnunluq timsalı yaradır. Özünü gah Sakit olmayan böyük bir okeanın, gah göl olsa da, dəniz adlanan Xəzərin, gah da lap elə Yardımlı şəlaləsinin yanında hiss edirsən.
Bəli, İçərişəhər təkcə zəngin tarixi yer deyil, həm də əsl mədəniyyət məkanıdır. İlhamverici aurası şair, rəssam, musiqiçi və sənətsevərləri tez-tez ağuşuna çəkir. Dediyimiz məkanda “Jazz club” ideyası xüsusi bacarıqla reallaşıb.
Gündə və ya günaşırı burada vokal və pianodan ibarət trio, instrumental duet və digər qruplar bilənlərin yaxşı bildiyi caz blues, bebop, svinq, bossa nova, cool cazz, folk cazz kimi klassik və müasir musiqiləri səsləndirirlər. Salman Qənbərov, Svetlana Məhərrəmova, Səbinə Hacıyeva, Təranə Mahmudova, Seymur Əliyev, Elcan Cəbrayılov, Vasif Hüseyn, Samir Cazzi, Pərviz Məmmədov, Vaqif Əliyev və başqa cazmenlər ritm stilistikasını ustalıqla yaşadır, həm Azərbaycan, həm də okeanın o tayından üzübəri gələn ənənəvi caz harmoniyalarını məharətlə təqdim edirlər… Ənənəvi Qərb üslubu nə qədər xoş təsir bağışlasa da, muğam çalarları öz doğmalığı ilə adamı daha çox ilhamlandırır.
Bir sözlə, Azərbaycan cazının dünyada öz yeri var.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

