Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran Prisi həftəsində sakinlərin rahat hərəkəti üçün bəzi yolları açacaq

post-img

Ötən illərdən fərqli olaraq builki yarış həftəsində Bakı Şəhər Halqasına daxil olan bəzi yollar avtomobil idarə edən vətəndaşların rahat hərəkətini təmin etmək üçün açıq olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Xalq qəzeti"nə bildirilib ki, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla aprelin 29-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Aprelin 25 və 26-da səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) ancaq birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Aprelin 27-də Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. Aprelin 28 və 29-da isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

Qeyd olunan tarixlərdə şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trekə daxil olan ərazilərdə yeraltı keçidlər gün ərzində açıq olacaq. Piyadalar, həmçinin Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində, Xəqani və Rəşid Behbudov küçələrində, habelə halqanın ətrafında yerləşən Azadlıq prospekti ilə Xəqani küçəsində quraşdırılmış müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yerüstü keçid daimi əsasda quraşdırılıb.

Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.

Son xəbərlər