Bugünlərdə Qərbi Azərbaycan İcması ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-ın dəstək verməsini xahiş edib. Müraciətdə bildirilib ki, azərbaycanlıların yığcam yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1991-ci ildə başa çatıb:
– Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini obyektlərin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirab verməklə yanaşı, beynəlxalq humanitar hüququ və insan hüquqlarını kobud şəkildə pozur.
Bu ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirib. İstərdik ki, Ermənistanın bu haqsızlıqlarına son qoyulsun və onun nəticələri aradan qaldırılsın.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanaraq, İcma Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını, eləcə də qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarının həyata keçirilməsini təmin etməyə çalışır. Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamış və dərc etmişik. Həmin sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb.
Məktubun sonunda bildirilir: “Biz ABŞ-dan xahiş edirik ki, müvafiq siyasi və təhlükəsizlik təşəbbüsləri, sosial-iqtisadi yardım proqramları həyata keçirməklə Ermənistandan qovulmuş azərbaycanlıların dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmasına kömək edərək insan hüquqlarımızı möhkəm və ardıcıl şəkildə qorusun”.
Hazırladı:
T.AYDINOĞLU, “Xalq qəzeti”

