Azərbaycan türkləri qədim təfəkkürdən qaynaqlanan mənəvi-əxlaqi dəyərlərini həmişə həm sözlü, həm də hərəkətli-göstərişli ifadə etməyi özlərinə şərəf və qürur bilmişlər. Xalq tamaşa və oyunları, qədim etnik mərasim faktlarını ifadə edən ayin-rituallar, xalq rəqsləri də xalqımıza məxsus qədim etnik düşüncəni aydın şəkildə əks etdirməkdədir.
Azərbaycan türklərinin mənəvi və maddi mədəni dəyərləri hər zaman yadelli xalqları özünə cəlb etmişdir. Və bu dəyərlərdən sui-istfadə edib, özününküləşdirməyə çalışanlar da olmuşdur. Məhz erməni tayfalarının Azərbaycan xalqının köklü, qədim mədəni dəyərlərinə göz dikdiyi kimi.
XX əsrin əvvəllərində erməni musiqişünas Komitas Soqomonyan indiki Ermənistan ərazisində, İrəvanda azərbaycanlıların yaşadığı kəndləri gəzərək yüzlərlə türk mahnısını nota alıb. Ona görə də erməni xalq mahnıları və havalarının, ən azı, 90 faizi Azərbaycan xalq mahnı və rəqslərinə əsaslanır. Ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq öz arxivlərinə əlavə ediblər. Məhz bu baxımdan Komitas erməni musiqisinin banisi yox, gələcəkdəki erməni plagiatının əsasını qoyub.
1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanılması bölməsi yaradılıb. Buna Komitasın şagirdi Spiridon Məlikyan rəhbərlik edir. Bu qurumun işi Azərbaycan folklor örnəklərini toplayıb, onları erməni şifahi nümunəsi kimi təqdim etmək idi. Azərbaycan xalq yaradıcılığı örnəklərini toplayaraq öz örnəkləri kimi təqdim etməyə çalışan ermənilər bununla özlərinə qədim tarix və qədim soy-kök yaratmaq xülyasında olublar. Amma bu mümkün deyil. Ona görə ki, ruhu onu yaradan xalqa bağlı olan dəyərlər özgənin ola bilməz. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilərin mənimsədikləri və öz örnəkləri kimi təqdim etdikləri örnəklər də var. Aşağıdakı mətn erməni mənbəsindən tərcümədir:
Can, gülüm!
Bülbül, sən mənim bağıma gəl,
Yarıma nəğmə oxu.
Öz nəğməndə mənim salamımı
Yarın evinə çatdır.
Sən, Araz, məni anla,
Danış, dilimi qəbul et.
Mehribanlıqla dua et: “Tezliklə
Sən məni öz evinə al!.
Qeyd edək ki, “Can, gülüm”, “Gülüm, hey” rədifli nəğmələr Azərbaycan türklərinin məişət və mövsüm mərasimi nəğmələrinə məxsusdur.
Ermənilərin dəyişərək özününküləşdirmək istədikləri, lakin pərakəndə bir mətn yaratdıqları bu nümunədəki sözlərin hansıların Azərbaycan dilinin lüğət tərkibinə aid sözlərin olduğu aydındır: bülbül, can, yar, Araz... Azərbaycanı iki yerə bölən Araz bayatılarımızda o zamandan etibarən giley-güzar obyekti kimi qəbul olunub, qarğış, hətta yeri gələndə nifrət obyekti də olub.
Yurddaşlarımızın öz tarixi torpaqlarından köçkün düşdükləri zamandan etibarən yaranmış sözlü yaradıcılıq örnəkləri isə milli ruhun əsl ifadəçisidir. Bu baxımdan bayatı örnəklərimiz daha önəmlidir:
Mən aşığam, dam qaldı,
Damlar yeri nəm qaldı.
Qaşdı elim-obam,
Bir quruca dam qaldı.
Bayatılar insanın yaranandan dünyadan köçdüyü zamanədək yaşadığı həyatının poetik ifadəçisidir. Qədim türk torpağı olan Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar da hər zaman milli təfəkkür və düşüncədən qaynaqlanan dünyagörüşlərindəki məqamları sözlü yaradıcılıq məhsulu olan poetik örnəklərdən ən aktivində – bayatılarda real xalq dili ilə daxili arzu və düşüncələrini, ağrı və acılarını, xiffət və nisgillərini aydınca ifadə etmişdilər.
Əgər müxtəlif zamanlarda yaranmış bayatı örnəklərində sevinc, sevgi və bu kimi xoşbəxt məqamlar öz ifadəsini tapırdısa, Qərbi Azərbaycandan, öz yurd-yuvalarından köçkün düşmüş həmvətənlərimiz yurd həsrətlərini və unudulmayacaq ağrılarını bayatılarla ifadə ediblər. Vətən həsrəti bu bayatıların əsasını təşkil edir. Vətənpərvərlik hisslərinin sözə çevrilməsi, poetikləşməsi bu örnəklərdə gerçəkləşir:
Xoş gördük, dərə, səni
Xoşnişin dərə səni.
Xoş o kəsdərin halına ki, Zəngilan,
Bir də gələ, görə səni.
Məlum məqamdır ki, bayatıların son üçüncü və dördüncü misraları əsas fikrin ifadəsini tam təmin edir. Və örnək verilən bayatıda da üçüncü və dördüncü misralardan aydınca görünməkdədir ki, bayatının yaradıcısı olan naməlum müəllif – xalq məhz həsrət obyekti olan Zəngilandan köçkün düşən ərəfədə bu bayatını ərsəyə gətirib, yaddaşlara ötürüb. Qərbi Azərbaycandan toplanmış örnəklərdə də bu məqam olduqca aydındır. Vətən həsrəti, el-oba yanğısı yurddaşlarımızın qəlbini hələ də göynətməkdədir:
Gün getdi sarı qaldı,
Getdikcən sarı qaldı.
Vətən, sənə baxmaxdan,
Gözümdə sarı qaldı.
“Bu qədər Vətən həsrəti çəkənə gərəkdir ki, Vətən ona öz qucağını geniş aça” – deyə düşünən soydaşımız bu ayrılıqda Vətəni də günahlandırır. Çünki məkrli nəfəsi müqəddəs Vətən torpağı gərək qəbul etməyə, düşmən nəfəsinə qənim kəsilə bu torpaq. Məhz belə düşüncələrlə öz ümidlərini ölməyə qoymayan soydaşımız Vətəndən də gileylidir:
Bu dağ o dağa baxar,
Altınnan bulaq axar.
Heyf qaçqın gözlərim,
Bivəfa Vətənə baxar.
Vətən torpağı ilə, eləcə də Zəngəzurla bağlı bayatı örnəklərini müşahidə edərkən bir daha aydın olur ki, vətən sevgisi, yurd həsrəti bu örnəklərin əsas mayasıdır. Onların ərsəyə gəlməsini məhz həmin müqəddəs duyğular şərtləndirir. Nə qədər yadelli bu örnəkləri mənimsəməyə çalışsa da alınmaz, çünki mayası xalq ruhundan yoğrulan bu örnəklər xalqın qədim tarixi ilə bərabər yaranıb və yaşamaqdadır. Bu örnəklər heç zaman yad dilinə, yad nəfəsinə uyğunlaşa bilməz!
Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent

