İrəvan xanlığı niyə və necə erməniləşdirildi?

post-img

Azərbaycanın zəngin dövlətçilik tarixinin çox mühüm və həlledici mərhələlərindən birini xanlıqlar dövrü təşkil edir. 1747-ci ildən Azərbaycan ərazisində yaranmış 18 feodal dövlətdən biri olan, Çuxursəd bəylərbəyliyinin ərazisində yaradılan İrəvan xanlığı Ağrıdağ düzənliyini, Göyçə gölü hövzəsini və Araz çayından cənub-qərbə doğru uzanan ərazini əhatə edib. Xanlığın mərkəzi əsası eramızdan əvvəl 782-ci ildə qoyulmuş İrəvan şəhəri olub.

Xanlıqlar dövründə ermənilər hələ Cənubi Qafqazda məskunlaşmamış­dı və onların burada heç bir dövləti ol­mamışdır Tarixin bütün dövrlərində isə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutub. Azərbayca­nın şimal-qərbində yerləşən bu xanlıq Qırxbulaq, Zəngibasar, Gərnibasar, Ve­dibasar, Şərur, Sürməli, Dərəkənd, Sa­atlı, Talin, Seyidli-axsaxlı, Sərdərabad, Karpibasar, Abaran, Dərəçiçək, Göyçə kimi 15 mahalı əhatə edib. İrəvan xan­lığını ayrı-ayrı vaxtlarda Mehdi xan, Həsənəli xan, Hüseynqulu xan və başqa hökmdarlar idarə ediblər. İrəvan şəhəri müxtəlif vaxtlarda Sasanilər xanədanı­nın, ərəb xilafətinin, Naxçıvan şahlığı, Eldənizlər, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətinin tərki­binə daxil olub. 

1826–1828-ci illərdə Rusiya–İran müharibəsi zamanı general Paskevi­çin komandanlığı altında rus qoşun­ları şəhəri işğal edib və Türkmənçay müqaviləsi ilə İrəvan zorla Rusiyaya birləşdirilib. Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə bu torpaqlarda möhkəmlənmək üçün ərazidə əhalinin erməniləşdirilməsi siyasətini həyata ke­çirməyə başlayıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu iş müntəzəm və məqsədyönlü xarakter alıb. 

Ermənilərin İrandan Şimali Azərbay­cana köçürülməsi Türkmənçay müqa­viləsinin 15-ci maddəsi ilə təsdiq olunub. 1829-cu il Ədirnə müqaviləsi ilə Osman­lı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başla­yıb. Köçürmənin əsas istiqamətləri Qa­rabağ, Naxçıvan və İrəvan əraziləri olub. 

Həmin vaxt Rusiyanın İran səfi­ri Qriboyedov narahatlıqla Paskeviçə yazdığı geniş məktubda bildirib: “Türk­mənçay müqaviləsindən sonra ermə­nilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq ver­məsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur. Bu köçəcən Naxçıvanda əvvəllər çox az miqdarda – barmaqla sayılacaq qədər erməni ya­şayıb. Türkmənçaydan sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır”. Bu siyasət artıq dərəcədə İrəvan və Qarabağda yeridilirdi.

Xatırladaq ki, Qriboyedovun Pas­keviçə göndərdiyi məktub kimi, İrəvan şəhərinin hakimi, Çuxursəd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İs­mayıl Xətaiyə yazdığı məktub da tarixən ermənilərin Qafqaza hansı şəraitdə gəlib məskən salmalarını sübut edən rəsmi dövlət sənədi və tarixi fakt kimi müstəsna əhəmiyyət daşıyır. 

Ermənilərin tarixi Azərbaycan tor­paqlarında məskunlaşdırılmalarını təs­diq edən mühüm sənədlərdən biri də onların İrandan Azərbaycana köçürül­mələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə Ağdərə rayonu ərazisində ucaltdıq­ları abidədir. Sonralar bu abidə erməni şovinistləri tərəfindən bilərəkdən dağı­dılsa da, tarix və faktlar Cənubi Qafqa­za erməni köçürülməsini təkzibedilməz şəkildə təsdiq edir.

Onu da vurğulamaq lazımdır ki, bu köçürmə siyasətində çar Rusiyasının əsas məqsədi müstəmləkəçilik idarə sis­temini daha da möhkəmləndirmək, əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaqla gələcək hərbi yürüş­lərə, işğalçılıq planlarına zəmin hazırla­maq idi. Qarabağ, İrəvan, o cümlədən Naxçıvan torpaqlarında yerləşdirilən er­mənilər sonrakı illərdə iddiaları ilə çox­saylı qırğınlar törədəcək, azərbaycanlı­ları soyqırıma məruz qoyacaqdılar.

Bütün bunları gerçəkləşdirmək üçün 1828-ci ilin mart ayının 21-də İrəvanda erməni vilayəti yaradılıb. Beləliklə, Rusi­ya Qafqazda möhkəmlənmək məqsədilə Qərbi Azərbaycan ərazisində xristian erməni idarəetmə qurumunun əsasını qoyub. Həmin tarixdən etibarən qədim oğuz türklərinin alınmaz qalası olan İrəvanın məqsədli şəkildə erməniləşdi­rilməsi planı həyata keçirilib. 1849-cu ilin iyunun 9-da İrəvan quberniyası ya­radıldıqdan sonra quberniyanın mərkəzi olan İrəvan şəhəri yeni inzibati əhəmiy­yət kəsb edib. 

Arxitektura baxımından Şərqin, Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan qala­sında 60 bürc mövcud olub. İrəvanda­kı Sərdar sarayı, Sərdar məscidi, 17-ci əsrin nadir memarlıq abidəsi olan Göy məscid xalqımızın yaratdığı zəngin maddi-mədəniyyət nümunələrindəndir. Ümumilikdə, İrəvan xanlığı ərazisində xalqımıza məxsus 310 məscid, çoxlu sayda karvansaraylar mövcud olub. Bu nadir nümunələr zamanla işğalçı ermə­nilər tərəfindən mədəni terrorun qurba­nına çevrilib.

Azərbaycan torpaqlarında yerləşdi­rilən ermənilər XIX əsrin axırlarından, xüsusən, 1905-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan xalqına qar­şı kütləvi soyqırımlar törədirlər. Əsas məqsəd isə tarixi şəraitdən istifadə edərək Azərbaycan torpaqlarında “Bö­yük Ermənistan” dövləti yaratmaq idi. 

Xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli ox­şarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanlıqlar döv­ründə Şimali Azərbaycanın çarizm tərə­findən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən ermə­nilərin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyi­miz vəziyyət Ermənistanın öz havadar­larının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. 

Ancaq günü-gündən güclənən, ulu öndər Heydər Əliyevin yaratdığı tarixi əsaslar üzərində öz döyüş qüdrətini ar­tıran Azərbaycan Ordusu 30 ildən sonra Prezident, Ali Baş Komandan ilham Əli­yevin rəhbərliyi altında işğalçı quldurları darmadağın edib ölkəmizdən qovdu, ta­rixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əmə­liyyatı ilə itirilmiş torpaqlarımız düşmən tapdağından azad edildi. İndi üçrəngli ay-ulduzlu bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qara­bağımızda, Şuşa qalasında dalğalanır.

Son 30 ildə Naxçıvan da Qarabağın taleyini yaşamış, Azərbaycanın əsas ərazisindən ayrı düşərək blokadaya alınmışdı. Tezliklə blokada ağrıları da aradan qalxacaq. Qədim türk yurdu olan Qərbi Azərbaycana qayıdışın gerçək­ləşəcəyi gün uzaqda deyil.

Vaqif AĞALAROV



Siyasət