Ermənilər Aşıq Ələsgərin məzarına da divan tutublar

post-img

Hər bir azərbaycanlınının qəsdinə durmuş, tarixi abidələrimizi imkan düşən kimi yer üzündən silən erməni vandalları Qərbi Azərbaycanda qalmış mədəni irsimizin qiymətli obyektlərindən birini – Aşıq Ələsgərin abidəsini də dağıdıb. Qərbi Azərbaycan İcmasının bununla bağlı UNESCO-ya ünvanladığı və hələ cavabsız qalmış bəyanatda deyilir:

–1821-ci ildə İrəvan xanlığının Göy­çə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgərin poeziyası Azərbay­can aşıq sənətinin qorunan dünya qey­ri-maddi mədəni irs siyahısında yer alma­sında böyük rol oynayıb. Aşıq Ələsgərin zəngin ədəbi irsi ümummillil lider Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi sovet dövründə Azərbaycanda və Ermənistanda ən yüksək səviyyələrdə qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yu­bileyinin keçirilməsi, Birinci vitse-prezi­dent Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun qeyri-mad­di mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb”.

Müraciətin davamında ürək ağrısı ilə qeyd edilir ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb: 

–Bu gün biz – Ermənistandan qovul­muş azərbaycanlılar, yaradıcılığı ümum­bəşəri sərvət kimi əziz tutulan Aşıq Ələs­gərin Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq. Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiris­tanlıqlarımızı hələ də ziyarət edə bilmi­rik. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik. Azərbaycan ictimaiyyətinin UNESCO-ya Azərbaycanın mədəni irsinin vəziyyətinin monitorinqi üçün Ermənistana missiya göndərilməsi ilə bağlı dəfələrlə etdiyi mü­raciətlər cavabsız qalıb.

Bəyanatın sonunda Ermənistan əra­zisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsini, o cümlədən, zərər vurulmuş və yer üzün­dən silinmiş mədəni irs nümunələrinin si­yahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qoru­maq öhdəliyini icra etməsini təmin etmək üçün icma UNESCO-ya çağırış edib.

T.RÜSTƏMLİ, “Xalq qəzetri”

Sosial həyat