14 may seçimləri: Avropanın müəmmalı susqunluğu

post-img

Türkiyədəkı seçki kampaniyasının gedişatı və mümkün nəticələri bütün dünyanı düşündürür. Təbii ki, “Köhnə qitə” də bunun fərqindədir. Xüsusilə Almaniya və Hollandiya ənənəvi olaraq qardaş ölkənin siyasi həyatında baş verənləri daim diqqətdə saxlayır, yeri oldu-olmadı, haqqı çatdı-çatmadı, yersiz müdaxilələr etməyə cəhd edir. 

Amma bu dəfə gözlənildiyindən fərqli olaraq, nə Berlin, nə Amsterdam səsini çıxarır. Təkcə Almaniya və Hol­landiya deyil, qitənin əksər dövlətlərinin yetkililəri bu il mayın 14-nə təyin olunan seçkilərə münasibətdə bir susqunluq nümayiş etdirirlər. Qəribədir, deyilmi? 

Bu məqamda hörmətli oxucu haqlı olaraq soruşa bilər ki, bu “biganəlik” nə­dən qaynaqlanır? Bu suala konkret ca­vab verməzdən əvvəl, kollektiv Qərbin son onillər boyu Türkiyəyə qarşı sərgilə­diyi münasibətin səciyyəvi cəhətlərinə qısa da olsa, nəzər yetirmək lazımdır. 

Beləliklə, özlərini yeni sivilizasiyanın daşıyıcıları sayan avropalılar, demək olar ki, istisnasız olaraq Asiya və Afri­kadakı xalqlara zahirən hiss olunmasa da, daxillərində yuxarıdan aşağı baxır, onları özlərinə borclu sayırlar. 

Qərbin niyyəti bu zaman heç də yaxın-uzaq toplumlara insan haqları və demokratiya dərsi keçib, onları öz sıra­larına qatmaq deyil. Bu missiya üçün vaxt və vəsait xərcləyib yüksək fəda­karlıq göstərmək fikrində də deyillər. Son məqsəd, həmin ölkələrin sərvətlə­rini mənimsəməkdir. Bu, iki vur iki qədər hamı üçün bəllidir. 

Belə yanlış yanaşma Avropada ilkin kapitalizmin təşəkkül tapdığı XVI-XVII əsrlərdə də, sonrakı yalançı “sosial ka­pitalizm” dönəmində də belə olub, ha­zırkı “Soros imperializmi” mərhələsində də belədir. Yəni Avropada Asiya, yaxud Afrikaya səmimi münasibət bəsləmir və bundan sonra bəsləməyəcəklər. 

Belə çıxır ki, hər kəs öz başına çarə tapmalıdır. Çağdaş dünyanın ən xariz­matik liderlərindən olan Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti inkişaf və tərəqqinin yolunu tapıb və bu istiqamətdə öz yolu ilə inamla irəliləyir. 

Bəli, XXI minilliyin əvvəllərinə kimi, Qərbin neokolonalizm torunda çapala­yan Türkiyə bu gün regionun və dün­yanın ən müstəqil dövlətlərindən biridir. Türklər dünəninə və bugününə hörmət bəsləyən millətdir. Onun inkişaf və tərəqqisi təsadüfi sayıla bilməz! Bu qar­daş ölkənin inkişafının qızıl dövrüdür və bu xoşbəxtlik böyük dövlət adamı R.T.Ərdoğanın taleyinə yazılıb! 

“Əzilənlərin gur səsi, susqun dün­yanın hürr səsi olan” bu tarixi şəxsiyyət son iyirmi ildə ölkəsinin iqtisadi və hərbi sənayesini addım-addım irəli aparıb. Xüsusilə müdafiə sahəsində ölkə böyük uğurlar qazanıb. Türkiyə yeni innovasi­yaslar və texnologiyalara da tamamilə açıqdır. Bütün bunlar təqdirə və alqışa layiqdir. 

R.T.Ərdoğanın Türkiyə dövləti və xalqı qarşısında ən böyük xidməti isə odur ki, millətin ruhunu oyadaraq güc­ləndirib. Artıq dünya siyasətində özünə inanan, güvənən, haqqın yanında dur­mağı bacaran Türkiyə var! Biz bunun Şuşada, Qarabağda şahidi olmuşuq. 

Bu gün Türkiyə dünyanın hərbi və “yumşaq” güc mərkəzlərindən biridir. Türk vətəndaşı bu şanlı ölkənin vətən­daşı olması ilə sonsuz qürur və fəxarət duyur. Bütün türk dünyası qüdrətli Tür­kiyə ilə fəxr edir, ondan ilham və güc alır. Dünya siyasətinin üfüqlərindən qüdrətli Turan boylanır! 

R.T.Ərdoğanın “Yeni Türkiyə” vizi­onu Qərb dövlətlərini məmnun etmir. Kələfin ucu bundadır. Qərb görür ki, An­kara onun “demokratik idarəçilik siyasə­ti”nə ehtiyac duymur. Türkiyə “Böyük iyirmilər”dən ibarət “güclülərin klubu”na bərabər hüquqlu oyunçu kimi daxil olur. Onun çağdaş dünyanın ən böyük on dövlətindən biri olacağı gün də uzaqda deyil. 

Yenidən yazının əvvəlində qaldır­dığımız mövzuya qayıdaq. Türkiyədəki seçkilərlə bağlı Qərbin susqunluğuna aydınlıq gətirək. Əvvəlki seçkiqaba­ğı kampaniyalar zamanı Almaniya və Niderlanddan prosesi pisləyən kəskin səslər eşidilirdi. Bu hay-küy hətta ölkə­nin özündə müxalifətin iqtidara qarşı qaldırdığı etiraz səslərini arxada qoyur­du. 

Avropa mətbuatı R.T.Ərdoğan haqqında tonlarla hədyanlar yazırdı. İndi yazmırlar. Bəlkə, Türkiyə iqtidarına inam və rəğbətləri artıb. Xeyr! Başa dü­şüblər ki, Ərdoğanı çox tənqid etdikcə, ölkə daxilində Prezidenti dəstəkləyən­lərin sıraları sıxlaşır. Avropa siyasətçilə­ri buna görə də indi səslərini çıxarmır, şüuraltı və strateji olaraq müxalifəti dəstəkləyirlər. 

FETÖ tərəfdarları, gülənçilər hələ də Almaniya və ABŞ-da xeyli təsirə malikdirlər. Avropalılar kimi onlar da indi açıq şəkildə Ərdoğanı pisləmirlər. Lakin saman altından su yeridib hiylə­gərcəsinə radikal müxalifətə maddi və mənəvi dəstək göstərirlər. Ürəklərində Ərdoğanın bu dəfə yıxılacağına ümid bəsləyirlər. Niyyətləri ürəklərində qala­caq! 

Türk xalqı yolayrıcındadır. Ölkə vətəndaşları yenidən ya milli birlik və həmrəylik nümayiş etdirib sayın R.T.Ər­doğana səs verməli, ya da bundan 40-50 il əvvəl olduğu kimi, ölkənin milli maraqlarını Qərbə təslim etməlidirlər. Müdrik türk xalqının bu il mayın 14-də bütün çətinliklərə rəğmən doğru seçim edəcəyinə inanmaq istəyirəm…

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət