Qərb Rusiyanın çökməsini gözləyirdi – yüksəlişmi başlanır?

post-img

“Anti-Rusiya sanksiyaları Qərbin müasir tarixdəki ən böyük yanlışlığına çevrildi. Çünki Rusiya iqtisadiyyatı sanksiyalarla üzləşdikcə çiçəklənir. Sanksiyalar, deyəsən, “yatmış divi” oyadıb, tezliklə ABŞ və Avropa bunun nəticələri ilə üzləşəcək...” Diqqətə çatdırdığımız bu fikirlər Birləşmiş Ştatların nüfuzlu “American Thinker” nəşrindəki analitik məqalədə yer alıb.

Məqalədə bildirilir ki, Qərbin Ukrayna ilə əlaqədar sanksiya­ları, çoxlarının proqnozlaşdırdı­ğı kimi, Rusiya iqtisadiyyatını diz çökdürməyib. Əksinə, ilk növbədə, Qərb ölkələrinin iq­tisadiyyatları əziyyət çəkir və onların iqtisadi artımı praktiki olaraq dayanıb, bir çoxu həm yüksək inflyasiya, həm də enerji çatışmazlığı ilə üzləşir. Moskva isə təkcə durumun öhdəsindən gəlmir, eyni zamanda, inkişaf edir. O, Asiya, Afrika və Cənu­bi Amerikada Sovet İttifaqının dağılmasından sonra heç vaxt olmadığı qədər böyük nüfuz sahibidir. Yeri gəlmişkən, dünən Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Cənubi Ame­rika turnesinə çıxdığı ilə bağlı xəbərlər yayılıb.

Məqalədə Beynəlxalq Val­yuta Fondunun proqnozlarına istinad edilərək, bildirilir ki, bu il Rusiya iqtisadiyyatı Almaniya və Böyük Britaniya iqtisadiy­yatlarından daha sürətli inkişaf edəcək. Gələn il isə ölkə ABŞ, Yaponiya, İtaliya və bir çox di­gər Qərb ölkələrinin iqtisadiy­yatlarından da sürətli artıma nail olacaq: “Rusiyada adamba­şına düşən ümumdaxili məhsu­lun artımı qabaqcıl iqtisadiyyat­ları geridə qoyacaq və Moskva G20 ölkələri arasında dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı səviyyəsinə nail olacaq. Rusiyada işsizlik 3,5 faiz təşkil edir ki, bu da Sovet İttifaqının dağılmasından hazırkı dövrə­dək olan müddətdə ən aşağı səviyyədir. 

Rusiyanın iqtisadi göstəri­cilərini nüfuzlu S&P Global da təsdiqləyir. Şirkət ölkədə özəl sektora inam səviyyəsində ciddi artımın yarandığı qənaətində­dir. Hazırda Rusiyanın Qərbin birləşmiş hərbi arsenalına qarşı baha başa gələn döyüşdə işti­rakını nəzərə alsaq, bu, daha çox diqqətəlayiqdir”.

Bu ilin fevralında NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Dövlət Departamentin­də çıxışı zamanı bildirmişdi ki, Qərb Ukraynaya görünməmiş dəstək verib, ümumilikdə 120 milyard dollarlıq hərbi, humani­tar və maliyyə yardımı göstərib. Ukraynaya o qədər Qərb silahı göndərilib ki, artıq bir çox NATO ölkələrinin arsenalları tükənib. Həmin vaxt vəziyyət belə idi ki, Almaniyanın gərgin döyüş­lər üçün yalnız iki gün davam edəcək silah-sursatı qalmışdı və ölkənin özünü müdafiə edə bilmədiyi vurğulanırdı. Eyni və­ziyyət Böyük Britaniya üçün də xarakterikdir. Ciddi sursat çatışmazlığı ilə üzləşənlərdən biri də Fransadır. ABŞ-ın hərbi liderləri də artıq özlərinin döyüş qabiliyyətlərini qorumaq barədə düşünürlər. Onlar Ukraynanın təchizatına davam etmək im­kanlarını şübhə altına alırlar. Məqalədə NATO baş katibinin bununla bağlı diqqətə çatdırdı­ğımız fikirlərinə yer verilib və bildirilib ki, Ukraynada sursat is­tehlakının hazırkı tempi istehsal tempindən dəfələrlə çoxdur.

Təhlili məqalədə o da vurğu­lanıb ki, hazırda Rusiya öz hər­bi istehsalının sürətini ciddi şə­kildə artırıb. Ölkənin artilleriyası Ukraynanın artilleriyasından qat-qat güclüdür. Moskva hər gün 40-50 min, Kiyev isə cəmi 5-6 min mərmi atır. Rusiyada silah istehsalı güclü templə hə­yata keçirilir və Qərb bununla ayaqlaşa bilmir. Digər tərəfdən, Birləşmiş Ştatların Ukraynaya silah tədarükünə önəm vermə­si onun Çin ekspansiyasının qarşısını almaq və başqa re­gionlarda dəyişən şərtlərə ca­vab verməyə hazır olmaq kimi strateji məqsədlərinə maneçilik törədir.

Dünyanın ən böyük nüvə arsenalına malik olduğunu və hazırda Çinlə sıx əməkdaşlığı­nı inkişaf etdirdiyini nəzərə al­saq, Rusiyanın hərbi qüdrətini nəzərə almamaq düzgün deyil. “Rusiya-Çin oxu”nun yüksəlişi və Qərbin tənəzzülə uğradığına dair fikirlər digər ölkələrin hərb­çilərini qalib tərəfə yaxınlaşdırır. Sentyabrda Hindistan, Laos, Monqolustan, Nikaraqua və müxtəlif keçmiş sosialist respub­likaları Moskva və Pekinlə birlik­də, Yapon dənizi və Rusiyanın Uzaq Şərqində hərbi təlimlərə qoşuldular. Fevralda isə Cənubi Afrikada Moskvanın və Pekinin iştirakı ilə 10 günlük dəniz təli­mi keçirildi”, – deyə məqalədə “həyəcan təbili” çalınıb. 

Amerikalı analitiklər Rusi­yanın diplomatik nüfuzunun artmasına da diqqət yetirirlər. Onların yazdıqlarına görə, ABŞ Qərb ölkələrini Moskvaya qar­şı sanksiyalar tətbiq etməyə razı sala bilsə də, Amerikanın, bəzən açıq zorakılıq yolu ilə, digər regionlardakı iddialı dav­ranışı əks nəticə verməkdə­dir. Asiyada həm Çin, həm də Hindistan Rusiya ilə əlaqələrini əhəmiyyətli dərəcədə dərin­ləşdiriblər. Cənubi Amerikada Rusiya, köhnə mühafizəkar hökumətlər tərəfindən dəstək­ləndiyi kimi, qitənin ən böyük iq­tisadiyyatına malik Braziliyanın yeni sosialist hökuməti onlara qoşulur: “İndi çoxlarının ABŞ-a etimad göstərmədiyi Yaxın Şərqdə Rusiya İsraillə, eləcə də bütün əsas müsəlman ölkələri – sünnilər və şiələrlə, ərəblər və türklərlə yaxşı münasibət­lər saxlayır. Afrikada Rusiyaya rəğbət böyükdür. Nəticədə qə­tiyyətlə demək olar ki, Fransa Afrikasının dövrü bitib”.

Məqalədə, həmçinin bildirilir ki, Qərb Rusiyadan üz döndər­sə də, Moskvanın aparıcı rol oynadığı regional ittifaqlar var. Həmin ittifaqlarda keçmiş So­vet respublikaları təmsil olunur­lar. Bundan başqa, Hindistanın və Pakistanın daxil olduğu Çin və Rusiyanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS qrupu (Braziliya, Ru­siya, Hindistan, Çin və Cənubi Afrika) mövcuddur. Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, İndoneziya və Meksika kimi iri regional güclər, təxminən, iyir­mi ölkə Rusiyanın iqtisadi və təhlükəsizlik ittifaqlarına qo­şulmaqda maraqlı olduqlarını açıqlayıblar.

Məqalədə iddia edildiyinə görə, Rusiyanın yüksəlişi onil­liklər boyu ölkənin demoniza­siyasının qurbanı olmuş və Ukraynadakı münaqişənin ilk günlərindən onun tənəzzülü ilə bağlı hekayələrlə qidalanan Qərb auditoriyasına böyük şok yaşadacaq. Yazı müəlliflərinin fikrincə, tarixin ən sərt sanksi­yaları Rusiyaya "təcavüz yax­şılığa aparmır" dərsi verməli idi. Lakin əks effekt müşahidə olundu. Moskva tam əmin oldu ki, Qərb onu məhv etmək əz­mindədir, ona görə öz xilası üçün dişinə qədər silahlanmalı və buna son qoymalıdır. Bu isə ümumən Qərbdən asılılığa son deməkdir.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət