Bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətindən sonra müxtəlif şəhərlərdə minlərlə narazı insan küçələrə çıxıb. Makron öz çıxışında əhali tərəfindən böyük etirazla qarşılanmış pensiya islahatını müdafiə edib və 100 gündən sonra Fransanı ayaq üstə qaldıracağını vəd edib. Məlumatı “Euronews” verib.
Prezident, eyni zamanda, ölkədə qiymətlərin bahalaşması və iş yerlərinin ixtisarı, bunun nəticəsində əhalinin xeyli hissəsinin yaxşı yaşaya bilməməsi ilə bağlı insanların qəzəbini başa düşdüyünü etiraf edib: “Pensiyanın hər kəsə çatması və millətimizin rifahının yaxşılaşması üçün dəyişikliklər labüd idi. Buna işləyənlər üçün pensiyaların azaldılması, yaxud sosial müavinətlərin artırılması ilə cavab vermədik. Biz həm də heç bir tədbir görmədən davam edə bilmədik, çünki kəsir və gələcək nəsillərin borcu arta bilərdi”.
Ancaq onun fikirləri əhalini sakitləşdirə və həmkarları tətilləri dayandırmağa vadar edə bilməyib. Bir çox şəhərlərdə, o cümlədən Parisdə dərhal küçələrə axışan narazı insanlar boş qazanları taqqıldadıb, zibil qablarına od vurub, polislə toqquşmaya qədər gediblər. Sosial sorğular da göstərib ki, fransızların əksəriyyəti pensiya islahatından narazıdır.
Həmkarlar mayın 1-nə yeni kütləvi etiraz aksiyası təyin edib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

