ABŞ-ın Dövlət katibi Entoni Blinken Sudan Silahlı Qüvvələrinin komandanı Əbdül Fəttah əl-Burhan və xüsusi təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda söhbət aparıb. Məlumatı “İzvestiya.ru” verib.
Məlumata görə, Blinken hərbi əməliyyatlar nəticəsində çoxlu sayda dinc sakinin ölümü və yaralanması ilə bağlı ciddi narahat olduğunu, zərər çəkmiş əhaliyə humanitar yardımın çatdırılması üçün atəşkəsin vacibliyini bildirib.
Dövlət katibi söhbət əsnasında hər iki generala vətəndaşların, diplomatik nümayəndəliklərin və humanitar təşkilatların təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərini xatırladıb.
Bundan sonra xüsusi təyinatlı qüvvələr 24 saatlıq humanitar fasilə elan etməyə hazır olduğunu bəyan edib. Bir qədər sonra ordu da 24 saatlıq atəşkəsə razılıq verib.
Xatırladaq ki, Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla xüsusi təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Aprelin 15-də Merove şəhərində və paytaxt Xartumda iki güc strukturu arasında ağır silahlardan da istifadə edilməklə toqquşmalar başlayıb.
Son məlumatlara görə, Sudanda döyüşlər nəticəsində 270 insan həlak olub, 2600 nəfər isə yaralanıb.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

