Parlament xəbərləri

post-img

YAŞAT Fonduna deputat dəstəyi 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə depu­tat həmkarlarını bir aylıq əməkhaqlarını YAŞAT Fonduna köçürməyə çağırıb. O deyib ki, YAŞAT Fondunda vəsait ça­tışmır: “Biz bir aylıq maaşımızı YAŞAT Fonduna ödəyərək, ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da fonda dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız bir aylıq əmək­haqlarını YAŞAT Fonduna köçürərək, nümunə göstərəcəklər”.

Dərmanlarla bağlı gömrük problemi

Deputat Siyavuş Novruzov ölkədə dərman vasitələrinin qiymətinin get­dikcə artmasının əhali arasında ciddi narazılıq yaratdığını deyib. Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildi­rib: “Problemlə bağlı məsələlər öz həl­lini tapmır. Vətəndaşlar özləri üçün xa­ricdən ucuz qiymətə dərman vasitələri gətirirlər. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dər­manı satmaq üçün yox, öz istifadəsi üçün gətirir. Amma gömrük postlarında problemlərlərlə üzləşirlər. Burada niyə problem yaranmalıdır?”.

Birgə layihə hazırlanır 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmirasalanov deyib ki, hökumət dərman vasitələrinin qiymət­ləri ilə bağlı xüsusi layihə hazırlayır. Çünki dərmanların bahalığı olması ciddi problemlərdən biridir: “Tək dər­manların qiyməti yox, eləcə də key­fiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı sənəd üzərin­də iş aparılır. Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Sənəddə dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzər­də tutulur”.

İran niyə narahatdır?

Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli bu fikirləri İran parlamentinin Azərbaycanın İsraildə səfirliyinin açıl­masını pisləyən xüsusi bəyanat qəbul etməsinə münasibət bildirərkən səs­ləndirib: “Azərbaycanın İsraildə səfir­lik açması İranı niyə özündən çıxarır? Bugünədək bir neçə müsəlman ölkəsi İsraildə səfirlik açıb. İranın ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat verməyə haqqı çatmır. Riyakarlıq ayaq tutub yeriyə bilməz. İran Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı sus­du. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndən sonra İranın maskası yırtıldı. Azərbaycan güclü dövlətdir, hakimiyyət və xalq arasın­da birlik var. İranın sinəsini dağlayan məqam da məhz bunlardır. İslam dün­yasına xəyanət edən dövlət məhz İrandır”.

Pensiya amnistiyası

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycanda pensiya am­nistiyasının tətbiqinə başlanılıb.Təqa­üdçülərin 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq: “Pensiyaların hesablanmasında əsas səhvlər 2020-ci ilə qədər olub və pen­siyaçılara artıq ödəmələr olub. 2020-ci ildən sonra avtomatlaşdırılmış pensiya təminatı genişləndiyinə görə səhv he­sablamalar çox azdır. Pensiyaçıların 85-90 faizi artıq ödəmələrin geri qay­tarılmasından azad olunacaq və onlara amnistiya tətbiq olunacaq. Yalnız son 3 il ödənilmiş artıq məbləğ geri qayta­rılıcaq”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Son xəbərlər