Dünya iqtisadi sektorunda hazırda ən sabit və yüksək inkişaf indiqatorlarına malik ölkə hesab olunan Azərbaycan Respublikasının iqtisadi inkişaf erasına daxil olması dahi şəxsiyyət Heydər Əliyevin hazırlayaraq reallaşdırdığı uğur doktrinasının Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilməsinin bariz ifadəsidir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən az sonra öz gərgin əməyi sayəsində ölkəmizi digər keçmiş SSRİ respublikaları sırasında önə çıxardı. Halbuki ulu öndər Azərbaycan rəhbərliyinə təyin edilənə qədər ölkəmiz istər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə, keçmiş müttəfiq respublikaları arasında sonuncu yeri tuturdu.
Bu məqamda mühüm bir məsələni xatırlatmaq istərdim. Belə ki, o zaman respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin təqribən 90 faizinin İttifaq əhəmiyyətli olmasına baxmayaraq, həmin zavod və fabriklərin istehsal etdiyi məhsulların keyfiyyəti aşağı idi və məhz bu cəhətə görə, Azərbaycan keçmiş müttəfiq respublikalar arasında axırıncı yerdə qərarlaşmışdı. SSRİ bazarında özünə layiqli yer tapmayan bu məhsullar isə qiymətdən düşür, müəssisələrin mənfəəti azalırdı. Belə bir hal Azərbaycan iqtisadiyyatının səmərəliliyinin, büdcə gəlirlərində əsas yer tutan mənfəət vergisi göstəricisinin sürətlə aşağı düşməsini şərtləndirirdi.
Bu cür acınacaqlı durumun qarşısını almaq, məhsul istehsalında keyfiyyət amilini daim diqqətdə saxlamaq məqsədilə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə respublikada yaranan sosial–iqtisadi şərait hərtərəfli təhlil edildi, mövcud problemlərin səbəbləri müəyyənləşdirildi, çətinliklərin aradan qaldırılması və yüksək göstəricilərin əldə olunması üçün müvafiq proqram hazırlandı. Əlbəttə, bu zaman müasir texnologiyaların tətbiqi, istehsalın səmərəliliyin artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi ön plana çəkildi. Bütün bu məsələlərlə bağlı ümummilli liderimizin təşəbbüsü ilə 1974-cü ilin dekabr ayında Azərbaycan KP MK-nin plenumu çağırıldı və orada qarşıya qoyulan vəzifələrlə bağlı ictimai təşkilatların, müxtəlif müəssisələrin fəaliyyət proqramları müəyyənləşdirildi.
Onu da qeyd edim ki, dahi şəxsiyyət 1976-cı ildə Azərbaycan iqtisadiyyatında yaranmış problemlər və onların həlli yolları ilə əlaqədar Sov.İKP MK-ya təkliflərlə müraciət etdi. Ulu öndər “1976-1980-ci illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi baradə” Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri müzakirə olunan 1976-cı il oktyabr plenumunda məhsulun keyfiyyətinin yüksəlməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoydu. Heydər Əliyev bütün elmi ictimaiyyətin, müəssisələrin, partiya və sovet orqanlarının diqqətini keyfiyyətin və səmərəliliyin yüksəlməsi probleminin həllinə, yeni texnika və texnologiyaların, Azərbaycan Elmlər Akademiyasında aparılan elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqinə yönəltdi.
Görülən tədbirlər, həyata keçirilən layihələr qısa müddətdə öz bəhrəsini verdi. Belə ki, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradıldı, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanıldı, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi quruldu. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşdü.
Sadalanan istehsal sahələrində buraxılan məhsullar isə keyfiyyəti ilə seçildi. Məsələn, keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda, bu göstərici 1980-cı ildə 30,3 faiz, 1985-ci ildə 46,9 faiz oldu. Keyfiyyət nişanlı məhsulların xüsusi çəkisinə görə, Azərbaycan SSRİ-nin orta göstəricisindən (müvafiq olaraq 29,8 faiz və 44,7 faiz) və müttəfiq respublikaların əksəriyyətinin göstəricilərindən xeyli irəli keçdi.
Ümumiyyətlə, o dövrdə Azərbaycanda keyfiyyət nişanlı məhsulların xüsusi çəkisi daha sürətlə artırdı. Belə ki, 1986-cı ildə keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi respublikamızda 43,8 faiz, Bakı şəhərində 46,9 faiz olduğu halda, bu göstərici Naxçıvan MR-də 56,8 faiz, Gəncə şəhərində 86,9 faiz, Mingəçevirdə 59,2 faiz idi. Bütün bunlar isə həm qeyri-neft sektorunda istehsalın səmərəliliyinin, həm də bunun sayəsində büdcənin gəlirlərinin artmasını şərtləndirdi.
Həmin vaxt respublikada keyfiyyət amilinə belə ciddi yanaşılması təsadüfi deyildi. Çünki bu sahədə fəaliyyət, ilk növbədə, büdcənin gəlirlərinin artması məqsədi daşıyırdı. Başqa sözlə, keyfiyyət amili ilə bağlı müsbət nəticənin əldə edilməsi məhsulun maya dəyərini aşağı salır, məhsulun satış və əhalinin tələbatını ödəmək imkanını genişləndirir, rəqabət qabiliyyətini artırırdı. Nəticə etibarı ilə mənfəət gəlirlər artırdı.
Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab edilir ki, bu da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsaslı quruculuq tədbirləri, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunub. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərib.
Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilib ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilib. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilib. Bu, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq-abadlıq işləri, həmçinin məktəblərin, mədəniyyət evlərinin, inzibati binaların, yaşayış evlərinin, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapıb.
Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi.
Dahi şəxsiyyət o zaman ölkəni bürüyən iqtisadi böhrandan xilas olmaq üçün vergi və sahibkarlığın inkişafına xüsusi önəm verdi, bu istiqamətdə islahatların reallaşdırılmasını diqqətdə saxladı. Bu, ulu öndərin 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının cari məsələlərinə həsr olunan müşavirədəki nitqində də öz ifadəsini tapdı: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.
Yeri gəlmişkən, Heydər Əliyevin həmin vaxt Azərbaycan neftinin dünya bazarına çıxarılması istiqamətində fədakar fəaliyyəti də ağır vəziyyətdə olan milli büdcənin bərpasında, möhkəmləndirilməsində, əhalinin sosial səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsinə müstəsna təsir göstərdi, ölkəyə xarici investisiyanın axınını şərtləndirdi.
Son 20 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 4 dəfəyə yaxın artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatına malik ölkə kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Respublikamızın maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Respublikamız, həmçinin, regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.
Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.
Cavadxan QASIMOV,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru