Onunla eyni rayonun qonşu kəndlərində doğulub böyüsək də və həmyaş olsaq da, şəxsi tanışlığımız bu il martın 16-da Qəbələdə gerçəkləşdi. Hər ikimiz rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkil etdiyi “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfransın fəxri qonaqları sırasında idik. İkimizin də çıxışında ulu öndərin titanik fəaliyyəti barədə konkret faktlar var idi.
Ancaq onun çıxışındakı “Heydər Əliyev müstəqillik dövründə ölkədəki bütün xalqları öz xalqı kimi sevir və qoruyurdu”– fikri tədbir iştirakçılarını daha çox məmnun etmişdi. Həm toplantıdan əvvəl, həm də sonra xeyli söhbətləşdik. “Şöhrət” ordenli və Prezidentin “Fəxri diplomu”na layiq görülmüş bu həmyerlimiz Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktorudur.
Onun söhbətindəki bir məqam diqqətimi daha çox çəkmişdi. Dedi ki, ermənilərin qədim alban abidələrində, xüsusən, dini ibadət yerlərində törətdikləri saxtakarlıqları üzə çıxarmaq üçün böyük alim olmağa ehtiyac yoxdur. Tutaq ki, Xudavəng abidəsini erməniləşdirmək məqsədilə oraya sonradan qoyulmuş daşların bərkidilməsi üçün istifadə olunan materialın binanın inşası zamanı istifadə edilmiş materialdan fərqini görmək üçün geologiya və ya kimya elmləri namizədinin səviyyəsində savad kifayətdir. Şəxsən mən kilsə divarlarına sonradan əlavə edilmiş saxta tarixi və ya hansısa digər qeydi ilk baxışdanca müəyyən edə bilirəm.
Qəbələdə keçirilən tədbirə gəlincə, Robert Mobili dedi ki, əvvəlcə bu ilin ölkədə “Heydər Əliyev ili” elan olunmasını yüksək qiymətləndirməliyik. Çünki Heydər Əliyev, sözün həqiqi mənasında, böyük siyasətçi, tarix yaradan dövlət xadimi, ölkədə yaşayan bütün xalqların lideri idi. Doğrudur, Prezident İlham Əliyevdə də bu fərdi keyfiyyətlər var. Ancaq cənab Prezidentin özünün də dəfələrlə vurğuladığı kimi, o, Heydər Əliyev məktəbinin siyasi prinsiplərini davam etdirir. Ulu öndər isə həmin məktəbi şəxsən özü yaratmışdı: “Mən elə bilrəm ki, konfransda dediyim “Heydər Əliyev ölkədəki bütün xalqları öz xalqı kimi sevir və qoruyurdu” fikri tək udilərin yox, ölkədəki rusların, ləzgilərin, talışların, yəhudilərin, kürdlərin də, yəni bütün azsaylı xalqların ürək sözləridir”.
– Mətbuatda sizin bir fikrinizi oxumuşdum. Demişdiniz ki, biz Alban-udi icması olaraq, erməni qriqorian kilsəsi ilə əməkdaşlığa, azad edilmiş ərazilərdə birgə yaşamağa hazırıq.
– Onu tək mən demirəm ki, onu azərbaycanlılar da deyir, türklər də, dünyadakı bütün mütərəqqi xalqların təmsilçiləri də. Elə deməyi, yəni mehriban qonşuluq şəraitində yaşaya bilməyi təkcə ermənilər deyə bilmirlər. Çünki təfəkkürləri çürük, təxəyyülləri xəstədir. Ermənilər hansı qonşuları ilə normal şəraitdə yaşaya biliblər ki, bizimlə də yaşasınlar?
Mən belə demişəm: “Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə qayğısı və dəstəyi onu deməyə əsas verir ki, erməni qriqorian kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlər boyu erməni qriqorian kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də erməni qriqorian kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk”.
– Yadımdadır, siz 44 günlük İkinci Qarabağ müharibəsi günlərində daim dövlətimizin siyasətini və ordumuzun uğurlarını dəstəkləyirdiniz...
– Başqa necə ola bilərdi ki? Həmin günlərdə biz dəfələrlə bəyanat vermiş, ölkə rəhbərliyinə müraciətlər etmişik. Azərbaycan Ordusu təkcə ölkənin ərazisini bərpa etmirdi, həm də bizim – Qafqaz albanlarının əldən getmiş ibadət yerlərinin özümüzə qaytarılmasını təmin edirdi.
Müharibənin davam etdiyi günlərdə – noyabrın 6-da biz – Azərbaycan Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həyata keçirdiyi bütün fəaliyyətini dəstəklədiyimiz və bu prosesdə yaxından iştirak etdiyimiz barədə bəyanat yaymışdıq.
Məlum üçtərəfli Bəyanatın imzalanmasına hələ üç gün qalmış mənim imzaladığım bəyanatda deyilirdi ki, biz – Alban (Qafqaz) apostol müstəqil kilsəsinin varisi olan Azərbaycan Alban-udi xristian dini icması Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həyata keçirilən bütün fəaliyyəti dəstəkləyir və bu prosesdə yaxından iştirak etdiyimizi bildiririk. Eyni zamanda, bəyan edirik ki, sıralarında udi gənclərinin də olduğu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğal etdiyi şəhər və kəndlərimizi bir-bir azad etməsi bizi ürəkdən sevindirir və ölkəmizin ərazi bütövlüyünün yaxın zamanlarda tam təmin olunmasına inamımızı daha da artırır”.
Mən və icmanın bütün təmsilçiləri dəfələrlə demişik ki, Alban irsinin, o cümlədən, yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqorianlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilib. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad edilən torpaqlarında heç bir alban məbədi saxlanılmayıb. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqorianlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır.
– Amma Azərbaycanın erməni əli çatmayan ərazilərində, məsələn, Qəbələdə, Şəkidə həmin abidələr dövlət səviyyəsində qorunur və bərpa edilir.
– Bunu tək biz və ya ermənilər yox, bütün dünya görür. Beynəlxalq aləmdə mövcud olan ikili standartlara görə kimsə etiraf edə bilmir. Amma etiraf edənlər də var. Hamı görür ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şərait yaradılır, ölkəmizdə bütün dini məbədlər, o cümlədən, kilsə, sinaqoq və məscidlər əsaslı şəkildə təmir olunur. Biz Vətən müharibəsi günlərində Qəbələnin Nic qəsəbəsində “Müqəddəs Məryəm” kilsəsinin bərpasını əks etdirən fotoları Kəlbəcərdəki Xudavəng monastırında da nümayiş etdirmişdik.
Xatırladım ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban apostol kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-udi xristian dini icması yaradılıb və dövlət qeydiyyatından keçib. Dini icmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan “Apostol Yelisey” məbədi bərpa edilib, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonu Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olub.
– Sonda söyləmək istədikləriniz...
–Ermənilərin Qafqaza gəlmə olduğunu söyləməyə ehtiyac yoxdur. Amma biz bu torpağın övladlarıyıq. Bura bizim tarixi vətənimizdir. Ona görə də Azərbaycan dövlətinin, şəxsən, Prezident İlham Əliyevin bu ölkəni inkişaf etdirmək istiqamətində atdığı bütün addımları dəstəkləmişik və həmişə dəstəkləyəcəyik.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”