“İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin keçirdikləri aksiyaya münasibət bildirərkən dilə gətirmişdi. Dünən aksiyanın dörd ayı tamam oldu. Ötən dörd ay Qarabağ müstəvisində ölkəmizə nə verdi, söhbətimiz bu barədədir. Daha doğrusu, Laçın-Xankəndi yolundakı etirazın doğurduğu faydaları anlatmağa çalışacağıq.
Əlbəttə, dövlətimizin başçısının həmin müsahibədə də bildirdiyi kimi, bu aksiyaya qədər də Laçın-Xankəndi yolundan keçən bütün nəqliyyat vasitələri ölkəmizin əlaqədar qurumlarının nəzarəti altında idi: “Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır”.
***
Ancaq ötən il dekabrın 12-dən başlanmış aksiya nəzarətə, bir növ, sosial motiv və ictimai məzmun qazandırmış oldu. Nəinki Ermənistan və havadarları, hətta bütün dünya gördü ki, Azərbaycan xalqı öz sərvətlərinə, o sərvətlərin yerləşdiyi torpaqlara sahib çıxmaqda israrlıdır. 44 günlük Vətən müharibəsindən sonrakı müddətdə belə bir inadın ortaya qoyulması, həm də müharibə ilə tam həyata keçməmiş arzuların reallaşmasına yönələn sarsılmaz istəyin nümayişi idi. Elə buna görə də aksiyaya Böyük aksiya deyirik.
Məlum olduğu kimi, aksiyanın başlanmasına səbəb Azərbaycanın dövlət qurumlarının təmsilçilərinin, ekologiya üzrə ekspert və mütəxəssislərin “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına buraxılmaması, onların həmin ərazidə ekologiyaya dəymiş ziyanın müəyyənləşdirmələrinə yol verilməməsi idi. Buna əngəli isə bir müddət əvvəl Qarabağdakı separatçı rejimdə qondarma “dövlət naziri” postundan uzaqlaşdırılmış Ruben Vardanyan və onun başının dəstəsi törətmişdi.
Vardanyan, öz aləmində, ərazidə monitorinq keçirilməsinə qarşı Qarabağ ermənilərinin, guya, ictimai narazılığını ifadə etmək, məsələyə legitim don geyindirmək avantürasına baş vurmuşdu. Qarşılığında həm o, həm bütövlükdə, rejim, həm də Ermənistan rəhbərliyi və dünya erməniliyi Böyük aksiyanı gördü. Nəticə etibarilə, bu görüntü Qarabağdakı separatçılığın Rusiya qanadının iflasının başlanğıcına çevrildi. Bəli, aksiyadan ötən dörd ayın ilk faydası da elə budur. Azərbaycan dövləti kimi, cəmiyyəti də ölkəmizin ayrılmaz tərkib hissəsi olan bölgəmizdə qanunsuzluq meyillərinə münasibətdə prinsipialdır, barışmazdır, – mesajı kifayət qədər yüksək səslə verildi.
İkinci məqam. Azərbaycan tərəfi nə qədər bildirsə ki, Laçın-Xankəndi yolundakı aksiya hər hansı siyasi xarakter daşımır, sırf ekoloji məqsəd güdür, eko fəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri sözügedən mədənlərin qanunsuz istismarının dayandırılmasını, ekologiyaya ziyan vurulmasının qarşısının alınmasını tələb edirlər, belə görünür ki, söylədiklərimizin əhəmiyyəti yoxdur. Yəni, Ermənistan hakimiyyəti, ümumən, ölkənin ictimai rəyi etirazımızı Qarabağ ermənilərinin blokadada saxlanılması, bölgədə etnik təmizləmə aparmaq cəhdi kimi dəyərləndirirlər. Əlbəttə, belə təqdimatlar, yumşaq desək, yanlışdır. Hər halda, Azərbaycanın mütəxəssislərinin “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarına yolu açılsa, aksiya da dayanacaqdır. Bu öz yerində. Digər tərəfdən, nəzərə alaq ki, erməni mediasının ötən dörd aydakı təbliğatının, müəyyən mənada, xeyrimizə işlədiyini də söyləmək mümkündür. İzah edək nə üçün.
***
Ermənistan hakimiyyəti, siyasətçiləri, xaricdəki diaspor nümayəndələri Qarabağ ermənilərinin blokadaya alınması məntiqi, onların yaşam hüquqları və sair bu kimi bəşəri dəyərlərlə manipulyasiya yolu tutaraq, anti-Azərbaycan mövqe nümayiş etdirdilər. Onlar bu mövqeni beynəlxalq ictimaiyyətə ədalət paradiqması olaraq sırımağa cəhd göstərdilər. Ancaq apardıqları aramsız təbliğat fonunda ortaya belə bir sual çıxdı: “Dəmirli” və “Qızılbulaq” yataqları hansı dövlətin ərazisindədir? Əlbəttə, Azərbaycanın. O zaman daha bir sual da yaranır: əgər ərazi Azərbaycanındırsa, Ermənistan nə üçün, hansı məqsədlə isteriyaya qapılıb?
Deməli, söhbət, istər-istəməz, siyasət üzərinə gəldi. Əslində, siyasi amillər ön plana gəldi. Ermənistan hakimiyyətinin məsələni beynəlxalq tribunalara daşımaq istəkləri çıxdı. Mövcud xüsusda Qarabağın Azərbaycana məxsusluğu məsələsi üzərinə gəlindi. Hadisələrin bu gedişatı, əlbəttə, Ermənistanın xeyrinə deyildi. Fikir verin, son vaxtlar baş nazir Nikol Paşinyan administrasiyası Laçın-Xankəndi yolu müstəvisindəki anti-Azərbaycan fəaliyyətinə, nisbətən, ara verib. Məlumdur ki, ölkənin hakim siyasi qüvvələri faydasızlığı gördüklərindən belə davranırlar. Əlbəttə, “faydanı” başqa məsələlərdə axtarmaq cəhdləri də vurğulanmalıdır. Aprelin 11-də yaşanmış hərbi insident də buna misaldır.
Belə nəticəyə gəlmək mümkündür ki, aksiya həm də Qarabağ, Azərbaycanla münasibətlərin normallaşması müstəvisindəki erməni riyakarlığının üzə çıxarılmasına da təkan vermiş oldu. Hər halda Ermənistan rəhbərliyinin sülhsevərliyi imitasiya etməyə səbrinin çatmayacağı və aşkar təxribata əl atacağı məlum idi. Hərçənd, bunun işartıları daha əvvəl də nəzərə çarpırdı. İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırırdı və yenə öz ambisiyalarından geri qalmır. Böyük aksiya həmin ambisiyaların da özünü daha qabarıq formada göstərməsinə təkan vermiş oldu. Bu isə Azərbaycana gələcək addımlarını dəqiqləşdirməsi baxımından son dərəcə əhəmiyyətlidir.
***
Laçın-Xankəndi yolunda davam edən aksiyadan ötən dörd ay müddətində Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlı obyektiv proses də gündəmə gəldi. Bunu da birbaşa aksiyanın nəticəsi kimi qiymətləndirmək mümkündür. Həm Ermənistan rəhbərliyində, həm də separatçı rejim daxilində reinteqrasiyanın Azərbaycan tərəfindən tələb kimi prinsipial şəkildə qoyulduğu təsəvvürü möhkəmləndi. Əlbəttə, mövcud istiqamətdə müqavimətin olduğunu da söyləyə bilərik ki, bu isə bütövlükdə, rəsmi İrəvanın Azərbaycan-Ermənistan nizamlanmasına, regionda sülhün və əminamanlığın formalaşmasına maneçilik cəhdi olaraq qiymətləndirilməkdədir.
Aksiya ətrafında gərilən əsəblər fonunda ölkəmizin Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaq istəyinin gündəmə gəlməsi ilə aksiyaçılar faktiki olaraq nəzarət-buraxılış məntəqəsinin ilk keşikçiləri təəssüratını yaratdılar. O təəssürat yenə də var. Heç şübhəsiz, proseslər sərhəd məntəqəsinin yaradılmasına doğru gedir və bunun alternativinin olmadığı Ermənistana da, onun havadarlarına da yaxşı məlumdur.
***
Aksiya Laçın-Xankəndi yolu ilə Qarabağa və Qarabağdan qanunsuz daşımalara son qoydu desək, yəqin ki, yanılmarıq. Bu, son dərəcə vacib idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlətimizin ayrı-ayrı strukturları, heç şübhəsiz, həmin daşımalardan bu və ya digər dərəcədə xəbərdar idi. Çox güman ki, “prosesin” bölgədəki Rusiya sülhməramlı kontingentinin patronajlığı ilə gerçəkləşdirildiyi də məlum idi. Lakin aksiya mövcud reallığı detalları ilə ortaya qoydu.
Aksiya onu göstərdi ki, Qarabağda erməni separatçılığının saxlanması üçün ora silah-sursat, texnika, canlı qüvvə daşınması halları qanunsuz rejimin əsas “fəaliyyət” qayəsini təşkil edir. Çünki bunun qarşısı alındıqdan sonra Azərbaycan ictimaiyyəti mənfur məqsədlərin reallaşdırılması üçün alternativ marşrutlardan, daha doğrusu, torpaq yollardan istifadə olunduğuna şahidlik etdi. Ən əsası isə bu yollardan “yararlanmanın” birbaşa Rusiya sülhməramlılarının köməyilə baş tutduğu da çılpaqlığı ilə ortaya çıxdı. Artıq nəyisə danmaq, manipulyasiya etmək üçün hər hansı bəhanə qalmadı.
***
Sonda onu da deyək ki, azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiya məqsədinə çatacaqdır. Buna ölkə ictimaiyyətinin dərin əminliyi var. Bu əminlik isə həm də dövlətimizin iradəsindən qaynaqlanmaqdır. Dövlətimizin iradəsinin, prinsipiallığının və qətiyyətinin ən böyük ifadəçisi isə Azərbaycan Prezidentidir. Bu yerdə qeydlərimizi cənab İlham Əliyevin əvvəldə haqqında söz açdığımız müsahibədəki bir fikri ilə tamamlayırıq: “Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”