Dığ axırıncı aşırım ola bilər

post-img

Düşdüyü məğlub və rəzil du­rumla heç cür barışmaq istəməyən Hayastan rəhbərliyinin təxribatla­rının sonu görünmədikcə, rəsmi Bakının da səbri tükənməyə yaxın­laşır. Yəqin Dığ olayı Azərbaycanın səbir kasasında qalmış sonuncu damlanı da qurudacaq. 

Xoşməramlı sülh əlimizi geri qayta­ran, sərhəd xəttini müəyyənləşdirmək­dən, qarşılıqlı əlaqələri yenidən bərpa edəcək yolların, dəhlizin açılmasından imtina edən, torpağımızda yaşayan soydaşlarının cəmiyyətə reinteqrasiya olmasını, vətəndaşımız kimi normal ya­şayışa qayıtmasını əngəlləyən və bü­tün bunlar azmış kimi, hələ də revanş götürmək xəyalından əl çəkməyən Pa­şinyan iqtidarı, hər şeydən göründüyü kimi, başları kimi kələfin ucunu da itirib. Bakı daha hansı təklifi verməli, çağırışı etməlidir ki, hayların başbilənləri divara dirəndiklərini anlayıb, özünü və xalqını bu dalandan qurtarsın? 

* * * 

Aprelin 11-də iki ölkə arasındakı hələlik şərti sayılan dövlət sərhədin­də baş verənlər rəsmi İrəvanın növbəti vay-şivəni qoparması üçün, birmənalı olaraq, əvvəlcədən düşünülmüş təxribat idi. Hadisə ermənilərin Gorus rayonu­nun Dığ kəndindəki mövqelərindən or­dumuzun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərinin çaplı silahlardan atəşə tutulması ilə başlayıb. Daha son­ra ermənilər atəşi iriçaplı silahlardan və minaatanlardan istifadə etməklə davam etdiriblər. Ordumuzun sayıqlığı və verdi­yi layiqli cavab sayəsində düşmən sus­durulub. Ermənistanın törətdiyi bu silahlı təxribatın nəticəsində 3 hərbi qulluqçu­muz şəhid olub, 4-ü isə yaralanıb. Təxri­batı törədən tərəf isə 4 silahlısını itirib və xeyli yaralısı var. 

Rəsmi İrəvanın Dığ təxribatını nə vaxt və hansı məqamda törətdiyinə diqqət yetirsək, bu hərbi-siyasi avantü­ranın heç də təsadüf olmadığı və əvvəl­cədən planlaşdırıldığı qənaətinə gəlmək mümkündür. Bu versiyanı əsaslandıran birinci məqam odur ki, təxribat Hayas­tanın müdafiə naziri Suren Papikyanın NATO-nun Brüsseldəki mənzil-qərarga­hında tərəfdaşlarla Ermənistan-Azər­baycan münasibətlərindən danışdığı vaxt törədilir. Əlbəttə, mövqelərin açıq­landığı belə mötəbər görüşdə məhz şərti sərhəddə silahlı insidentin baş verməsi İrəvana sərf edir. Çünki İrəvan belə bir insidentin “təcavüzə uğramış” Ermənis­tanı Avropa İttifaqı, ABŞ başda olmaq­la NATO-ya üzv dövlətlərlə və Fransa ilə daha da yaxınlaşdıracağını düşü­nür. İkinci məqam: onların ssenarisinə görə, Dığ təxribatı Qarabağın erməni icmasının Azərbaycana reinteqrasiya prosesinə mane olmağa fürsət qazan­dıracaq. Üçüncü məqam isə süni şəkil­də yaratdığı bu olayla İrəvan Moskvaya belə bir mesaj vermiş olur: “KTMT xəttilə bizə hərbi yardım göstərmədiyinə görə, müdafiə nazirimiz hazırda sizinlə elan olunmamış müharibə aparan NATO-nun mənzil-qərargahında bu mövzuda fikir mübadiləsi edir”. Bu versiyanın İrəvanın Kremlə qarşı demarşı olduğunu kim tək­zib edər? Bunlardan heç də az əhəmiy­yət daşımayan dördüncü məqam isə bu hərbi təxribatın iki ölkənin XİN başçıla­rının Vaşinqtonda planlaşdırılan yüksək səviyyəli görüşü ərəfəsində törədilməsi­dir. Həmin görüşün ehtimal olunan nə­ticəsi Hayastanın həm Şimaldakı, həm də Cənubdakı tərəfdaşları üçün heç də arzuolunan deyil... 

* * * 

Dığ insidenti ilə bağlı Ermənistan XİN bəyanatında “bölgədə sülh və sa­bitlikdə maraqlı olan beynəlxalq icti­maiyyəti və bütün tərəfdaşları ünvanlı bəyanatlar və konkret addımlarla Azər­baycanın təcavüzkar hərəkətlərini mü­hakimə etməyə” çağırıb. Həm də bu çağırışı hay-küylə, lap bağırtı şəklində səsləndirir. Eynən, bizim məşhur zər­bi-məsəlimizdə deyilən oğru kimi bağı­rır. Amma haylar unudurlar ki, bizlərdə “doğruya zaval yoxdur” aforizmi həmişə haqqın və ədalətin rəmzi kimi öndə olub. 

Azərbaycan XİN-in cavab bəyana­tında düşmənin məkrli siyasəti qətiy­yətlə pisləndi: “Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siya­si təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın bey­nəlxalq hüququn norma və prinsiplə­rini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbayca­nın ərazi bütövlüyünü və suverenliyi­ni pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir”. 

Bəli, İrəvan hələ də Bakının sülh və dialoq çağırışlarını qulaqardına vu­rur. Amma bu səmərəsiz və nəticəsiz cəhdlərlə Hayastan rəhbərliyi əsəblərini tarıma çəkdiyi Azərbaycanın adekvat addımlarını çox gözləməli olmayacağını unutmasın: “Ermənistanın təxribatla­rının qarşısını almaq məqsədilə Azər­baycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliy­yət tam şəkildə Ermənistanın üzərinə düşür”. Göründüyü kimi, Azərbaycan XİN-in cavab bəyanatı özündə həm də İrəvana xəbərdarlıq xarakteri daşıyır. 

Dığ təxribatı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu cinayət işi qaldırıb və zəruri istintaq hərəkətləri həyata keçirilir. 

* * * 

11 aprel silahlı qarşıdurması bir daha göstərdi ki, Azərbaycanın müzəf­fər Ordusu işğaldakı torpaqlarımızı qəhrəmanlıqla azad etdiyi kimi, bu gün Vətənin təhlükəsizliyini ən yüksək sə­viyyədə təmin etməyə, onun bir qarışına belə göz dikənlərə layiq olduğu cavabı verməyə qadirdir. Dığ təxribatı zamanı hayların ordu dedikləri başıpozuq, fərari dəstəsini böyük itkilərə məruz qoyaraq, onların pərən-pərən salınması, düşmə­nin bütün atəş nöqtələrinin peşəkarlıqla susdurulması Azərbaycan hərbçilərinin şücaətindən, yüksək peşəkarlığından xəbər verir. 

Bu gün xalqımızın və dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir. Gücü­nü gündən-günə artıran şanlı Ordumuz Vətən savaşında çox yüksəklikləri aldı, keçilməz sədləri, qarlı aşırımları aşdı. Hələ ağlını başına toplamağa imkan verdiyimiz haylar inansınlar ki, cığal­lıq daşını ətəklərindən tökməsələr, Dığ məntəqəsi müzəffər ordumuzun fəth edəcəyi axırıncı aşırım ola bilər.

Fərid ŞƏFİYEV,
beynəlxalq məsələlər üzrə ekspert

11 aprel təxribatı ilə bağlı üç əsas amili qeyd etmək lazımdır. Hələlik fundamental problem odur ki, sərhəd delimitasiya olunmayıb, bu səbəbdən orada hərbçilərin hərəkəti ərazi ilə bağlı suallar do­ğurur. İkincu əsas amil kommuni­kasiyanın olmamasıdır. Ermənistan və Azərbaycan orduları arasında əlaqə yaradılmalıdır. Təəssüflər olsun ki, ermənilər Avropa İttifaqını məlum missiyasını bu işə cəlb et­məklə, bir növ məsuliyyəti üçüncü tərəfə həvalə edib. Halbuki, biz iki ölkə bu məsələləri öz aramızda həll etməliyik. Orda qarşılqılı rabitə əlaqəsi olmalıdır ki, hər-hansı gər­ginlik yarandığı zaman, yerlərdəki məsul şəxslər məsələni operativ aydınlaşdıra bilsinlər. Üçüncü amil odur ki, bu təxribat tərəflərin Va­şinqton görüşü ərəfəsində törədilib. Ermənistanın daxilində Azərbay­canla sülh sazişinin imzalanmasını istəməyən kifayət qədər qüvvələr var. Elə Paşinyan iqtidarı da müəy­yən məsələri təxirə salmaq istəyir. Guya gələcəkdə yaranacaq əlve­rişli geosiyasi vəziyyətdə Qarabağ məsələsini öz xeyrinə həll edə bilə­cək.

Amma bu silahlı toqquşmanın mahiyyətinə baxsaq, görərik ki, Ermənisrtan ordusunun daxilində revanşist hərbçilər var. Onların bə­ziləri hətta Paşinyana tabe olma­yan, Köçəryan, Sarqsyan dairəsinə yaxın olan adamlarıdır.

İmran BƏDİRXANLI,
“Xalq qəzeti” 

P.S. Erməni mediasının yazdığına görə, Ermənistan XİN Avropa İttifaqı­nın (Aİ) mülki müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kən­dindəki hərbi mövqelərinə aparmaq üçün təkidlə dilə tutsa da, o, imtina edib.



Siyasət