“Dünən Ermənistan–Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır”. Bunu Prezident İlham Əliyev aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının Xarici işlər naziri Buyar Osmanini qəbul edərkən deyib.
Dövlətimizin başçısı Ermənistanın təxribatı məntiqini qabartmaqla, heç şübhəsiz, bunu ATƏT-in də maraqlı olduğu Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və əmin-amanlığın formalaşmasına ciddi maneə və təhdid kimi qiymətləndirməkdədir. Hazırkı durumda isə beynəlxalq ictimaiyyətin məsələni məhz ölkə rəhbərimizin vurğuladığı tərzdə qəbul etməsi və İrəvana təzyiq vasitələrini işə salması son dərəcə aktualdır. Həm də ona görə ki, Ermənistana təzyiq ölkəni 44 günlük müharibə ilə üzləşdiyi acınacaqlı aqibətin təkrarlanmasından sığortalamaq istiqamətində çağırışdır. İndiki halda bu çağırış Prezident İlham Əliyevin fikirlərinin timsalında, ali səviyyədə səslənmiş xəbərdarlıq mahiyyəti daşımaqdadır. Nəzərə alaq ki, xəbərdarlığa məhəl qoyulmamasından doğan reallıq yeni müharibə perpektividir. ATƏT isə bölgədə sabitliyin tərəfdarı olduğundan, heç şübhəsiz, qurumun fəaliyyətdə olan sədri İrəvana ölkəmizin qətiyyətli mövqeyini nəinki çatdırmalı, hətta anlatmalıdır.
Əlbəttə, müxtəlif xarici qüvvələrə – Avropa İttifaqının missiya patronajlığına, Fransa jandarmlarına, alman polislərinə, habelə, İran dronlarına, Hindistan raketlərinə güvənən erməni baş nazir Nikol Paşinyanın və onun komandasının xəbərdarlıqdan nəticə çıxarıb-çıxarmayacağını əlahəzrət zaman göstərəcəkdir. Bir şey qəti məlumdur ki, zaman, özünün avantürist mövqeyindən əl çəkməyən, Ermənistanın əleyhinə işləməkdədir.
***
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan yeni sədri ilə görüşündə Ermənistanla Azərbaycan arasındakı hazırkı sülh prosesinin istiqamətlərini, heç də əbəs yerə vurğulamır. Bu, o deməkdir ki, ölkəmiz prinsipial mövqeyindədir və İrəvanın prosesdəki manipulyasiyalarına meydan verilməyəcək. Dövlətimizin başçısının normallaşma ilə bağlı söz açdığı iki istiqamətə gəlincə, bunlardan birincisi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır, digəri isə Qarabağın erməni əhalisinin reinteqrasiyası.
Yeri gəlmişkən, bildirək ki, bu iki məqam bir-birindən kifayət qədər incə şəkildə fərqlənməkdədir. Çünki Bakı İrəvanla perspektiv sülh müqaviləsinə Qarabağ erməniləri ilə əlaqədar hansısa müddəanın əlavə olunmasına qarşıdır. Sadəcə ölkəmiz sırf humanitar məqsədlərlə, yəni insan amilini və bölgə ermənilərinin uzun müddət Azərbaycan yurisdiksiyasından kənarda qaldığını nəzərə alaraq, reinteqrasiyanın əlahiddəliyi məntiqini qabardır. Bu qabartma, heç bir halda, xüsusi imtiyaz, Ermənistan hakimiyyət dairələrinin xam xəyallarındakı kimi, ayrıca statuslu icma şəklində tanınma deyildir. Bütün bunların rəsmi şəkildə vurğulanmasına ümid bəsləmək yersizdir. Çünki Azərbaycan dövləti məsələnin yolverilməzliyi xəttinə sadiqdir.
***
Yazımızın bu yerində ATƏT-in fəaliyyətdə olan sədri B.Osmaninin fikirlərinə nəzər salaq. O, dövlətimizin başçısı ilə görüşdə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniya “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb. Cənab Osmani qarşıdakı müddətdə də mövcud xüsusda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışacaqsa, deməli, bu fəaliyyət həm də ATƏT-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından prioritet kimi ön plana çıxacaqdır.
Belə nəticəyə gəlmək mümkündür ki, yeni sədr təmsil etdiyi qurumun iş dəst-xəttinə çevriləcək “Hər şey insanlar üçün” prioriteti haqqında Ermənistan rəhbərliyini ciddi surətdə maarifləndirməlidir. Ona görə ki, Paşinyan administrasiyası, eləcə də ölkənin şovinist dairələri və dünya erməniliyi Qarabağ ermənilərini insan kimi qəbul etsin, onların taleyini siyasi spekulyasiya, ambisiya alətinə çevirməsin, ortaya iradə qoysun.
Bəli, “Hər şey insanlar üçün” dürsə, deməli, suveren Azərbaycan ərazisi olan Qarabağda yaşayan ermənilərə də hansısa xüsusi dövlət, yaxud dövlət birləşməsi, indiki halda separatçı təmayül axtarmaq cəhdləri qəbuledilməzdir. Daha doğrusu, bu, Ermənistan hakimiyyətini və onun havadarlarını düşündürməlidir. Məsələnin qoyuluşunu ATƏT-in ali səviyyəli təmsilçisi anlatmalıdır və prinsipial şəkildə bildirməlidir ki, Qarabağ suveren Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsdiqlənmiş torpağıdır. Həmin torpaqda nəinki ermənilərin, eləcə də digər millətlərin layiqli həyat sürmələrinə dair məsuliyyət və öhdəlik varsa, yaxud yaranacaqsa, bu, İrəvanla bölüşülməyəcək bir vəzifədir və onun icrasına dair durum, ümumən, dünyada qərarlaşmış insan hüquq və azadlıqları kontekstində dəyərləndirilə bilər. Burada Ermənistanın, yaxud da hər hansı kənar qüvvənin qiymətləndirməsi keçərsizdir, mövcud istiqamətdəki təşəbbüskarlıq, həmçinin təəssübkeşlik separatçılıq niyyətinin ifadəsindən başqa bir şey deyil. Bir halda ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Qarabağ ermənilərinin layiqli həyat sürmələrinə təminat verdiyini açıqlayır, buna hörmətlə yanaşmaq və vəziyyətlə barışmaq mütləqdir.
***
Əslində, Azərbaycan Prezidentinin ATƏT təmsilçisi ilə görüşdə səsləndirdiyi fikirlər də haqqında söz açdığımız həm bəzi məqamların qəbuledilməzliyinin, həm də gələcək təminatın diqqətə çatdırılması idi. Dövlətimizin başçısı reinteqrasiya məntiqini, məhz, buna görə irəli sürür və mövcud istiqamətdə görülmüş işləri vurğulayır. Cənab İlham Əliyev bildirir ki, Azərbaycan Qarabağın erməni sakinlərilə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkilinə dair təkliflərlə çıxış edib, ölkəmiz tərəfindən xüsusi nümayəndə təyin olunub. Məqsəd isə reinteqrasiya ilə yanaşı, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsidir. O layihələrin ki, onlar Qarabağın erməni əhalisi üçün yaşam təminatıdır. İndi malik olduqları həyat şəraitindən qat-qat üstün yaşamın təminatı.
Lakin məlumdur ki, hazırda Qarabağ ermənilərindən ölkəmizin bu mövqeyinə pozitiv münasibət istisnadır. Ona görə yox ki, onlar Azərbaycanın hakimiyyəti altında yaşamaq istəmirlər (bəlkə belələri də var – red.), o səbəbdən ki, məsələnin gerçəkləşməsinə qarşı çıxan qüvvələr iş başındadırlar. Bəli, Qarabağın erməni əhalisi tipik erməni xəstəliyindən doğan psixozun qurbanlarıdır.
Fakt budur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iki dəfə ölkəmizin erməni sakinlərini Bakıya dəvət edib. ATƏT bölgədə sülhün təminatında maraqlı, həmçinin “Hər şey insanlar üçün” şüarını irəli sürən tərəf kimi bunu da nəzərə almalıdır və Ermənistanı, yumşaq desək, inandırmağa çalışmalıdır. Daha doğrusu, ATƏT də erməni siyasilərin başına ağıl qoymalıdır. Əlbəttə, istəyirsə və buna ciddi yanaşırsa.
Ciddilikdən söz düşmüşkən, Azərbaycan cəmiyyəti otuz ilə yaxın müddətdə Qarabağ münaqişəsi kontekstində Azərbaycanın haqq səsinə ən böyük qeyri-ciddi yanaşmanı da məhz ATƏT-dən görüb. Söhbət qurumun artıq keçmiş olan Minsk qrupunun fəaliyyətindən, yəni fəaliyyətsizliyindən gedir.
***
Əslində, görünən budur ki, Ermənistan üçün Azərbaycanın mövqeyinə inanıb-inanmamaq kimi bir məqam yoxdur. İrəvan hazırda, ümumiyyətlə, pozitiv mövqe nümayişindən uzaqdır və hər vəchlə çalışır ki, vəziyyət ya olduğu kimi saxlanılsın, yaxud da özünə sərfəli yeni reallıqlar formalaşdırsın. Təbii ki, istəyi səmərəsizdir. Bunu bildirib nöqtə qoyuruq. Çünki “erməni istəklərinin” onları növbəti fəlakətlərə sürükləməsindən söz açmışıq. Özü də dəfələrlə. Görünür, başlarına ağılı da özümüz qoymalıyıq. 44 günlük müharibədəki kimi...
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”