Ermənistanı Hindistanın “Pinaka”sı da xilas etməyəcək

post-img

Aprelin 11-də Ermənistan hərbçilərinin ordumuzun Laçındakı mövqelərini atəşə tutması ilə başlanan qarşıdurma növbəti dəfə erməni təxribatçılarının məğlubiyyəti ilə başa çatıb. 4 hərbçisini itirən, xeyli sayda yaralısı olan düşmənin bütün atəş nöqtələri ordumuz tərəfindən müvəffəqiyyətlə susdurulub.

11 aprel insidentini postmüharibə dönəmindəki digər təxribatlardan fərqlən­dirən cəhət Ermənistanın bu dəfə ağır atıcı silahlardan, o cümlədən PUA-lardan istifadə etməsidir. Bəzi media orqanla­rında yer alan məlumata görə, təxri­bat zamanı düşmən İran istehsalı olan PUA-lardan istifadə edib ki, bu da Azər­baycan–Ermənistan qarşıdurmasında ciddi yenilik hesab edilə bilər. 

Qeyd edək ki, son vaxtlar İranın Er­mənistanı həvəslə silahlandırması müşa­hidə edilir. 44 günlük müharibədə məğlub olsa da, bu gün də revanşist niyyətlərdən əl çəkməyən Ermənistanın özü də İran silahlarına xüsusi maraq göstərir. Xüsu­silə də, Rusiyanın Ukrayna müharibəsin­də uğurla tətbiq etdiyi İran PUA-larının qısa zamanda qazandığı şöhrət, Ermə­nistanın bu aparatlara marağının artma­sına səbəb olub. 

İran Ermənistana digər silah-sursatla yanaşı, həm də PUA təchizatında dəstək verib ki, bu da terror dövlətini yeni təxri­batlara ruhlandıran əsas amillər sırasın­dadır. Odur ki, 11 aprel təxribatında Er­mənistanın İran PUA-larından istifadəsi tamamilə mümkün və gözlənilən idi. 

Mediada yer alan iddialardan biri də, Ermənistan ordusunun bu təxribatın­da Hindistandan aldığı “Pinaka” reaktiv raket sistemlərindən istifadə etməsidir. Xatırladaq ki, hələ ötən ilin sonlarında Ermənistanla Hindistan arasında “Pina­ka” reaktiv raket sistemlərinin, o cümlə­dən “Konkurs” tank əleyhinə raketlərin alınması ilə bağlı razılıq əldə edilmişdir. “Pinaka” raketlərinin ilk partiyasının Er­mənistana göndərilməsi də mətbuatda yer alan xəbərlər arasında idi. 

Görünən odur ki, Ermənistan aprelin 11-də İran PUA-ları ilə yanaşı, Hindis­tandan aldığı “Pinaka” reaktiv raket sis­temlərindən istifadəni ordumuz önündə ona üstünlük qazandıracaq vasitə hesab edib. Ancaq 11 aprel təxribatı zamanı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə göstərdi ki, Ermənistan ordusunu məğlubiyyətdən İran PUA-ları və Hin­distan “Pinaka”sı da xilas edə bilməyib. Azərbaycan Ordusu düşmənin bütün atəş nöqtələrini çox böyük ustalıqla sus­durub ki, bu da Ermənistanı növbəti dəfə məyus edib. 

Aprelin 11-də Ermənistan postmüha­ribə dönəmindən sonra ilk dəfə ordumu­za qarşı ağır texnika tətbiq etdi. Bu fakt həm də düşmənin artan həyasızlığını, or­dumuza ağır zərbə vurmaq arzusunu, 44 günlük müharibədə itirdiklərini geri almaq istəyini əks etdirir. Düşmənin sonuncu təxribatı həm də onu göstərir ki, Ermə­nistan sülh müqaviləsi imzalamaq niyyə­tindən uzaqdır. Ona görə də, Ermənista­nın yaxın gələcəkdə də oxşar təxribatlara əl atacağı, ordumuzun ayıq-sayıqlığını mütəmadi şəkildə sınağa çəkəcəyi göz­ləniləndir.

Hələlik, Ermənistanın iki böyük qay­ğısı var. Bunlardan biri məhv edilən hər­bçilərinin leşinin üstünü torpaqla örtmək, digəri isə İran PUA-ları və Hindistan ra­ketləri ilə bağlı puça çıxan ümidlərini dəfn etməkdir. Və nə qədər ki, düşmən Azər­baycana qarşı təxribatlardan əl çəkmə­yib, Ermənistan məğlub ordular, ölmüş arzular, məhv olan ümidlər ölkəsi olaraq qalacaqdır. 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət