Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycana səfər edib. Dünən o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Rotasiya qaydasına uyğun olaraq, ATƏT-ə üzv dövlətlər bir il müddətinə təşkilata sədrlik edirlər. Şimali Makedoniya 2023-cü il yanvarın 1-dən ATƏT-in sədridir. Şimali Makedoniyanın Xarici işlər naziri Buyar Osmani ATƏT-in sədri kimi fəaliyyətə başlaması ilə bağlı ilin əvvəlində deyib: “2023-cü ildə ATƏT-ə sədrlik böyük məsuliyyət və şərəfdir. Məqsədimiz insanların maraqlarına və ehtiyaclarına uyğun olaraq Helsinki Yekun Aktının prinsiplərinə diqqət yetirməkdir”. Osmani qeyd edib ki, ölkə sədrliyi dövründə ehtiyacı olanlara yardım göstərmək niyyətindədir. “Biz ATƏT-i böhranların həllində və sülhün təşviqində daimi yardımçı kimi görürük”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Şimali Makedoniya və Azərbaycan arasında bir sıra oxşar cəhətlər var. Bu ölkələrdən biri Yuqoslaviya Sosialist Federativ Respublikasının, digəri isə SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə edib. Müstəqillikdən sonra Azərbaycan Ermənistanın təcavüzü ilə üzləşib, Şimali Makedoniya isə Yunanıstanın davamlı təzyiq və təhdidlərinə məruz qalıb. Yunanıstanda Makedoniya adlı tarixi ərazi mövcuddur. Buna görə də rəsmi Afina Şimali Makedoniyanın ona ərazi iddiası irəli sürə biləcəyindən ehtiyatlanır. Yunanıstanın təkidi ilə 1993-2019-cu illərdə BMT-də ölkənin adı “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” kimi işlədilib. 2004-cü ilin noyabrında ABŞ ölkəni konstitusiyada əksini tapmış formada – Makedoniya Respublikası adı ilə rəsmən tanıyıb. 2011-ci ilin aprelində Makedoniya Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb, Yunanıstanı onun Avropa İttifaqı və NATO-ya daxil olmasına maneələr yaratmaqda ittiham edib. 5 dekabr 2011-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi qərara alıb ki, Yunanıstanın Makedoniya Respublikasının Aİ, NATO və digər beynəlxalq təşkilatlara üzvlüyünə mane olmaq hüququ yoxdur.
2018-ci ilin iyununda Yunanıstan və Makedoniya Respublikası hökumətləri uzun mübahisədən sonra ölkənin adı ilə bağlı konsensusa gəliblər. Nəticədə ölkənin adı Şimali Makedoniya Respublikası adlandırılıb. 2019-cu ilin fevralında BMT ölkənin rəsmi olaraq qəbul edilmiş adını “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya”dan “Şimali Makedoniya Respublikası”na dəyişib.
***
ATƏT-ə sədrlik edən hər bir ölkə kimi Şimali Makedoniyanın da prioritetləri var. Rəsmi Skopye sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb. O, sədrlik prosesində də bu əsasda insanlara yönəlik siyasətin həyata keçirilməsi istiqamətində çalışır. Buyar Osmaninin Azərbaycan Prezidenti tərəfindən qəbulu zamanı dediyi kimi, hazırda ölkəsi ATƏT-in gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışır. Bu baxımdan Şimali Makedoniyanın daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirib, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübənin Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Buyar Osmani ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini də qeyd edib.
Beləliklə, Şimali Makedoniya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələr çoxtərəfli formatda – ATƏT müstəvisində də uğurla davam edir. Bu əlaqələrin inkişafının təkcə iki ölkənin xalqlarının deyil, bütövlükdə region dövlətlərinin və xalqlarının mənafeyinə xidmət etdiyi göz önündədir.
İlyas HÜSEYNOV,
politoloq
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Azərbaycan Prezidenti və xarici işlər naziri tərəfindən qəbul olunub. Regiondakı yeni geosiyasi reallıqlar, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma və quruculuq işləri barədə qonağa ətraflı məlumat verilib. Nəzərə almaq lazımdır ki, ötən gün Ermənistan tərəfi Gorus rayonunun Dığ kəndi istiqamətindən Azərbaycanın Laçın rayonundakı üzbəüz mövqelərini intensiv atəşə tutub. Nəticədə 3 hərbi qulluqçumuz şəhid olub. Bütün bu hərbi-siyasi təxribatları və onların arxasında dayanan səbəbləri araşdırmağa böyük ehtiyac var. Çünki Ermənistan regionda təhlükəsizliyə, sülh və sabitliyə ciddi təhdiddir. İrəvan destruktiv fəaliyyəti, pozucu addımları ilə bu gün regionun sülh və sabitliyinə böyük zərbə vurur. Eyni zamanda, Ermənistan danışıqlar prosesindən də yayınır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Davamlı olaraq məhz elə ATƏT kontekstində Azərbaycana qarşı müxtəlif həmlələr müşahidə edirik. Ona görə də hazırkı durumda məhz ATƏT-in rəhbərliyinə Azərbaycanın mövqeyinin bildirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Digər tərəfdən, ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanın mövqeyi hamıya bəllidir. Bu danışıqlar formatı indi aktual deyil və öz effektivsizliyi ilə siyasi gündəlikdən çıxıb. Hazırda yeni müstəvi, yeni danışıqlar formatı formalaşıb. Bu, danışıqlar əsasən Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən həyata keçirilir. Lakin istənilən halda Avropa məkanında təhlükəsizlik problemlərinin və aspektinin öyrənilməsi baxımından ATƏT-in də öz yanaşması müşahidə oluna bilər.
Azərbaycan sülh quruculuğu istiqamətində mövqeyini Şimali Makedoniya nazirinin diqqətinə çatdırıb. Düşünürəm ki, məhz erməni təbliğat maşınının qarşısının alınması, Azərbaycan həqiqətlərinin bildirilməsi baxımından bu cür görüşlər bizim xeyrimizədir. Azərbaycan əlinə düşən hər platformadan, hər fürsətdən mövqeyinin gücləndirilməsi üçün istifadə edir və düşünürəm ki, cənab Prezidentin diplomatiyası nəinki regionun, eləcə də böyük bir coğrafiyanın təhlükəsizliyinin qorunmasına yönəlib.
Səxavət HƏMİD, “Xalq qəzeti”