Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilib

post-img

Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər ve­rir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəa­liyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, “ağıllı kənd” konsepsiyası ilə bərpaolunan Döv­lətyarlı kəndində aparılan tikinti-qurucu­luq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təmi­natı, “Köndələnçay” su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxi­tektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi ra­yonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Qarabağ Dir­çəliş Fondunun İdarə Heyətinin sədri Rəh­man Hacıyev, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ic­raçı direktoru Övsət Həmidov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanov, “Azərişıq” ASC-nin Texniki departamentinin direktoru Vü­sal Qənbərov, “Azərsu” ASC-nin Planlaş­dırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Elmar Orucov və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov çıxışında bildirib ki, son il­lərdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib. Qarabağ və Şərqi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə Böyük Qayıdış həyata keçirilir. Bu prose­si sürətləndirmək, yaşayış məntəqələri­nin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad olunmuş tor­paqlarımızda bu gün milli xüsusiyyətlər nəzərə alınmaqla, qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri aparılır.

Çıxışlarda qeyd olunub ki, işçi qrupu­nun fevralın 16-da Ağdam şəhərində ke­çirilmiş iclasının nəticəsi protokollaşdırı­laraq qrup üzvlərinə təqdim edilib. Həmin protokola əsasən Ağdam şəhərinin yol-küçə şəbəkəsinin 58,7 kilometr hissəsinin, eləcə də rayonun Xıdırlı, Kəngərli və Sarı­calı kəndlərinin yaşayış məntəqələrinin la­yihə-smeta sənədlərinə dair müvafiq eks­pertiza rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.

Bildirilib ki, ötən müddət ərzində iş­ğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abad­lıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiya­sı və Rəqəmsal İdarəetmə Mərkəzi tiki­lib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qa­zaxıstan tərəfindən inşa edilən Kurmanqa­zı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa et­diyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilir.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyət­li işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərə­findən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qu­rulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazır­lanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdı­rılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhməd­li, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilmə­si nəzərdə tutulur.

Bərpaolunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamə­tində Füzuli şəhərində ümumi uzunluğu 87,55 kilometr olan yol-küçə şəbəkəsinin 18,46 kilometrlik hissəsi üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. 

Yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 1536.8 hektar ərazi minalardan təmizlə­nib. Cari ildə rayonda yaşayış məntəqələ­rinin əraziləri üzrə ümumilikdə 2620,9 hektar ərazinin təmizlənməsi nəzərdə tu­tulub. Cari ilin I rübü ərzində rayon üzrə 622,97 hektar (23,7%) ərazinin minalar­dan təmizlənməsi artıq həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Füzuli rayonun­da 2026-cı ilədək ümumilikdə 5678 evin - 3352 fərdi yaşayış evinin və 2326 mən­zilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024-cü ildə ilk əhali qrupu (2904 nəfər) köçürüləcək. Bütövlük­də tikiləcək evlərə 21593 nəfər, o cümlə­dən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Bundan əlavə, Füzuli rayonunda Peşə Liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə iş­ləri sürətlə davam etdirilir. 

Sonra “İşğaldan azad edilmiş əra­zilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair” Tədbirlər Planı, müvəqqəti yerləşdirilən kamplar, “Bö­yükbəhmənli-Şuşa” və “Azadqaraqoyun­lu-Ağdam” magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sutəmizləyici qurğularının layihələndirilməsi və tikilməsinin vəziyyə­ti, Mədəniyyət Nazirliyinin Qələbə parkı və Memorial parkının layihələndirilməsi və­ziyyəti barədə müzakirələr aparılıb.

Müzakirələrdən sonra ərazidə aparı­lan bir sıra tikinti-bərpa işləri ilə tanışlıq olub. Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnki­şafı Mərkəzinə, şəhər mərkəzdə tikilən çoxmənzilli binalara, həmçinin Özbəkis­tan tərəfindən inşa olunan 960 şagird yer­lik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.

 

Son xəbərlər