Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər arasında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib.
Sonda keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.