COP30-da iqlim gündəliyinin 145 maddəsi müzakirə olunacaq

post-img

Braziliyanın Amazon çayının mənsəbində, Belemdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) 50 mindən çox iştirakçıya ev sahibliyi etməyə hazırlaşır. Bu sammit artıq iqlim danışıqları tarixində ən qeyri-adi sammitlərdən biri adlandırılır.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, məhdud yerləşmə səbəbindən hakimiyyət orqanları nümayəndələr üçün müvəqqəti yaşayış yeri kimi konteynerlər, kruiz və çay gəmiləri, məktəblər, hətta ordu kazarmalarından istifadə etmək məcburiyyətində qalıb. Ətraf mühit redaktoru Fiona Harvey yazır ki, təşkilatçılar vurğulayırlar ki, əsas məqsəd konfransı unikal Braziliya üslubunda keçirmək, habelə 1992-ci ildə Rio-de-Janeyroda təşkil olunan və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının imzalandığı ilk iqlim sammitinin ruhunu yenidən canlandırmaqdır.

Braziliya COP30-u sonsuz müzakirələr meydanına deyil, praktik fəaliyyət platformasına çevirmək niyyətindədir. Konfransın əsas prinsipi “az müzakirə, daha çox fəaliyyət”dir.

Konfransın icraçı direktoru Ana Toni qeyd edib: “COP30 reallaşdırma sammiti olmalıdır. Məqsədimiz yeni öhdəliklər təqdim etmək deyil, mövcud iqlim öhdəliklərinin icrasını sürətləndirmək üçün növbəti onilliyin yol xəritəsini hazırlamaqdır”.

COP30 proqramı altı əsas sahə ətrafında təşkil olunacaq: enerji, sənaye və nəqliyyatda aşağı karbonlu keçidlər; meşələrin, okeanların və biomüxtəlifliyin qorunması; kənd təsərrüfatı və qida sistemlərinin transformasiyası; şəhərlərin, infrastrukturun və su ehtiyatlarının dayanıqlığının gücləndirilməsi; insan amili və sosial potensialın inkişaf etdirilməsi; iqlim tədbirlərini sürətləndirmək üçün maliyyə, texnologiya və təhsildən əsas vasitələr kimi istifadə olunması.

Bundan əlavə, sammitdə həddindən artıq bürokratiya və səmərəsizlik üçün tez-tez tənqid olunan COP danışıqlar prosesinin özünün islahatının müzakirəsi planlaşdırılır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil əvvəllər sistemin daim inkişaf etməli, real iqtisadiyyat və insanların həyatı ilə sıx bağlı olan daha sürətli, daha inklüziv və daha keyfiyyətli qərarlar qəbul etməli olduğunu bildirmişdi.

Buna baxmayaraq, COP30 iştirakçılarının nəzərdən keçirəcəyi 145 gündəlik maddəsi olacaq və bu da prosedurların sadələşdirilməsi vəzifəsinin yaxın gələcəkdə əldə edilməsini çətinləşdirir.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda COP29-un Azərbaycan və COP30-un Braziliya sədrlikləri “Bakıdan Belemə Yol Xəritəsi”ni təqdim ediblər. Bu, inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə 2035-ci ilə qədər ildə azı 1,3 trilyon dollar səfərbər etməyi hədəfləyən strateji plandır.

Sədrliklər hesab edirlər ki, 2026-2028-ci illər ərzində məlumatların toplanmasının təkmilləşdirilməsi, islahatlar üzrə müzakirələrin intensivləşdirilməsi və mexanizmlərin şəffaflığının artırılması istiqamətində praktik addımlar atılacaq.

Sosial həyat