İranın şəhərlərində videokameraların sayı artıb. Bu heç də cinayətkarlığa mübarizə üçün edilmir. Belə ki, “asayiş keşikçiləri” ictimai yerlərdə və küçələrdə hicaba nəzarət etmək üçün videokameralar quraşdırmağa başlayıb.
Bu tədbir “hicab qanununa qarşı müqaviməti qabaqlamaq” məqsədi daşıyır. Polis bu üsulla hicabsız gəzən və ya örtüyü səhv taxan qadınları müəyyənləşdirəcək, “pozucular”a xəbərdarlıq mesajları göndərəcək.
Xatırladaq ki, ötən il sentyabrın 14-də zavallı Məhsa Əmini yanlış taxılmış hicaba görə əxlaq polisi tərəfindən saxlanılmış, işgəncəyə məruz qalmışdı. Ağır xəsarətlərlə xəstəxanaya aparıldıqdan sonra komaya düşən Əmini sentyabrın 16-da 22 yaşında vəfat etmişdi. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu, yaxınları isə onun dindirmə zamanı vəhşicəsinə döyüldükdən sonra dünyasını dəyişdiyini iddia etməkdədir
Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüdü. İğtişaşlar zamanı ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 200 nəfər həlak oldu. Müstəqil QHT-lərin məlumatına görə, buvaxtədək siyasi aksiyalar səbəbindən ölənlərin sayı 500-dən çoxdur.
Xalqın etirazlarını səngitmək üçün dekabrın 4-də İran rəhbərliyi əxlaq polisini ləğv etsə də, hicab nəzarəti müxtəlif formalarda davam edir. Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla saçlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.
Hüseyn RƏHİMZADƏ